Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.09.2017 15:13
  • A-
  • A
  • A+

Görkəmli alim Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan tədbir keçirilib

Görkəmli alim Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan tədbir keçirilib

Sentyabrın 20-də Bakı Dövlət Universitetində (BDU) görkəmli kimyaçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, BDU-nun Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Rəfiqə Əliyevanın xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsi yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Daha sonra akademik R.Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə barelyefinin açılışı olub.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli alim R.Əliyevanın səmərəli elmi fəaliyyətindən, böyük elm fədaisinin ölkəmizdə kimya elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb. 

Alimin elmi məktəb yaratdığını, bütün mənalı ömrünü kimya elminə həsr etdiyini vurğulayan A.Məhərrəmov qeyd edib ki, R.Əliyeva həyatının böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf etmiş, elmlə təhsilin vəhdətini yaratmışdır. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunmuşdur.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan elminə dəyərli töhfələr vermiş Rəfiqə Əliyevanın alim, pedaqoq adını hər zaman uca tutduğunu deyib. Bildirib ki, Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan R.Əliyeva ölkəmizin ictimai-siyasi həyatında, elmi-pedaqoji mühitində fəallığı ilə seçilmişdir. Onun rəhbərliyi altında önəmli elmi tədqiqat işləri aparılmış, iyirmidən çox fəlsəfə və elmlər doktoru yetişdirilmişdir. Alim 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi idi. 

Ömrünü və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamasına baxmayaraq, Rəfiqə xanımın hər zaman akademiya ilə əlaqəli olduğunu deyən A.Əlizadə onun Azərbaycan elmində xüsusi rolu ilə diqqət çəkdiyini bildirib. Qeyd edib ki, Rəfiqə xanımın zəkasının işığı hər zaman tələbələrinin, övladlarının üstündə olacaq və onları daim xalqa xidmətə ruhlandıracaq.

Təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, akademik Vasim Məmmədəliyev və digər çıxış edənlər görkəmli alimlə bağlı xatirələrini bölüşüb, onun zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: