www.science.az
11.03.2014 00:00

Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli NMR-in keçdiyi tarixi inkişaf yolundan ətraflı danışıb. Ümummilli lider Heydər Əliyevin Naxçıvanda tarixi fəaliyyətini xüsusi qeyd edən akademik AR Prezidenti İlham Əliyevin muxtar respublikanın 90 illiyi ilə bağlı imzaladığı Sərəncamın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət tərəfindən Naxçıvana göstərilən xüsusi qayğını önə çəkən akademik İsa Həbibbəyli qeyd edib ki, NMR ölkəmizin tarixi inkişafında mühüm nailiyyətlər qazanmışdır. Akademik muxtar respublikanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, elm və mədəniyyət xadimləri haqqında ətraflı məlumat verib.

İ.Həbibbəyli ölkə Prezidentinin Sərəncamına əsasən muxtar respublikada yubiley tədbirlərinə start verildiyini, bu məqsədlə AMEA-da beynəlxalq konfransın keçirilməsinin nəzərdə tutulduğunu, akademiyanın bir sıra elmi-tədqiqat müəssisələrində silsilə tədbirlərin planlaşdırıldığını nəzərə çatdırıb. Bildirib ki, yubiley münasibətilə akademiya çərçivəsində keçiriləcək mərasimdə Mərkəzi Elmi Kitabxana tərəfindən sərgi də təşkil ediləcəkdir.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanın müasir tarixi mərhələlərini əks etdirən üçcildliyin birinci nəşrinin işıq üzü gördüyünü nəzərə çatdıran İ.Həbibbəyli yaxın günlərdə akademiyada bu qədim diyara aid biblioqrafik göstərici və məqalələr toplusunun nəşr ediləcəyini, bununla bağlı akademiya rəhbərliyi tərəfindən qərarın qəbul edildiyini bildirib.

Tədbirdə memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının “Azərbaycan memarlığının Naxçıvan məktəbi”, filologiya üzrə elmlər doktoru Tahirə Məmmədin “Naxçıvan ədəbi mühiti: tarixi ənənələr və müasir dövr”, AMEAFolklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanovun“Naxçıvan folklor mühitinin regional özünəməxsusluğu” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə Naxçıvanın özünəməxsus xüsusiyyətləri, tarixi-mədəniyyət abidələrinin yaradıcıları, həmçinin diyarın ədəbi mühitinin tarixi qaynaqları, ədəbi məktəbləri, görkəmli simaları, eləcə də coğrafi məkanın lokal şifahi xalq yaradıcılığı nümunələri misallarla təhlil edilərək iştirakçıların diqqətinə çatdırılıb.

Sonra NMR-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Əsgərov çıxış edərək muxtar respublikada son illərdə aparılmış tikinti-quruculuq işləri, qazanılmış nailiyyətlər, elmi-mədəni, sosial-iqtisadi durumdan bəhs edib, elmi konfransın təşkilatçısı olan akademiya rəhbərliyinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.