Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-da dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunan tədbir keçirilib
27.09.2017 17:42
  • A-
  • A
  • A+

AMEA-da dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunan tədbir keçirilib

Bu gün AMEA-nın Fəlsəfə İnstitutunda dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Qeyri-səlis məntiq nəzəriyyəsinin işığında elm və fəlsəfənin əsas anlayışları” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə institutun direktoru, professor İlham Məmmədzadə görkəmli alimin həyat və yaradıcılığından, banisi olduğu qeyri-səlis məntiq nəzəriyyəsindən geniş söhbət açıb.

Lütfi Zadənin elmi irsinin əhəmiyyətindən danışan İ.Məmmədzadə bildirib ki, dünya şöhrətli alim qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı kimi böyük işlər görmüş, beynəlxalq elmi ictimaiyyətin nüfuzunu qazanmışdır. Alimin zəngin elmi irsi sonrakı nəsillər üçün sanballı mənbədir.

"Gördüyü işlər sayəsində Lütfi Zadə Azərbaycanın adını yüksəklərə qaldırmışdır" - deyən institut direktoru görkəmli alimin əsərlərinin ana dilimizə tərcüməsi, onun elmi nailiyyətlərinin geniş təbliği ilə bağlı təkliflərini irəli sürüb.

Sonra çıxış edən institutun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin dünya elminə layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdən olduğunu qeyd edib. Vurğulayıb ki, texnologiya və elm sahəsində nailiyyətlər davam etdikcə bu böyük alimin adı da əbədi yaşayacaqdır.

Daha sonra fəlsəfə elmləri doktoru, professor Zümrüd Quluzadə görkəmli alimin həyat və zəngin fəaliyyətinə dair məruzə ilə çıxış edib. Bildirib ki, adı elm tarixinin köklü dəyişikliklər yaratmış böyük simaları ilə bir sırada çəkilən alim mühüm kəşflərdən sayılan fundamental nəzəriyyələr irəli sürmüşdür. Dünyanın aparıcı şirkətləri Lütfi Zadənin nəzəriyyələrindən bəhrələnməklə yüksək iqtisadi səmərəliliyə nail olmuşlar.

Tədbirdə çıxış edən AMEA İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, professor Ramin RzayevFizika İnstitutunun aparıcı elmi işçisi, f.-r.e.n. Elmira İsayeva və başqaları dünya şöhrətli alimin elmi araşdırmalarından, qeyri-səlis məntiq sahəsində elmə gətirdiyi inqilabi yeniliklərdən söz açıblar, onun xatirəsinin daim xalqımız tərəfindən dərin hörmət və ehtiramla anılacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: