Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

SOCAR-ın Elm Fondu elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir
28.09.2017 22:18
  • A-
  • A
  • A+

SOCAR-ın Elm Fondu elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, AMEA-da fəaliyyət göstərən, neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi, texnoloji problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq, elmi, innovativ araşdırmaları stimullaşdırmaq məqsədilə müsabiqə elan edir.

Təqdim olunan layihələr aşağıdakı elm sahələrinə aid olmalıdır:

- Yer elmləri;

- Texnika elmləri;

- Kimya elmləri.

Elmi araşdırmaların aşağıdakı prioritet istiqamətləri üzrə təqdim edilən və fənlərarası xarakter daşıyan layihələrə üstünlük veriləcək:

- neft-qaz yataqlarının neftveriminin artırılması;

- neft quyularında parafin, qətran, asfalten və qum çökmə problemləri;

- neft sənayesində qazma, hasilat, nəql, emal və s. proseslərdə innovativ texnika və texnologiyaların (o cümlədən nanotexnologiyaların) tətbiqi;

- quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqində müasir robotatexnikadan istifadə;

- neft-qaz hasilatının identifikasiyası məqsədilə elmi cihaz və avadanlıq parkının yaradılması;

- neft-qaz kompleksində informasiya kommunikasiya texnologiyalarının tətbiqi problemləri;

- neft-qaz hasılatının optimallaşdırılmasında kompüter proqram təminatlarının və informasiya texnologiyalarının tətbiqi;

- neft-kimya proseslərinin riyazi modelləşdirilməsi;

- kiçik dərinliklər geofizikasının  geoloji və arxeoloji aspektləri;

- neft-qaz kompleksinin ekoloji problemləri və ətraf mühit.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

- fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələri (müsabiqə növünün kodu: ET);

- xüsusi layihələr (müsabiqə növünün kodu: XL);

- gənc alimlər üçün nəzərdə tutulan “həvəsləndirici mükafat”la qiymətləndirilən yaxın bir ildə tamamlanmış elmi tədqiqat layihələri (müsabiqə növünün kodu: HM).

Fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələri (ET) üçün onların mürəkkəbliyindən, işin həcmindən və yerinə yetirilmə müddətindən asılı olaraq aşağıdakı qaydada maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur:

- kiçik həcmli layihələr üçün (50 min manata qədər);

- orta həcmli layihələr üçün (50 mindən 100 min manata qədər);

- böyük həcmli layihələr üçün (100 mindən 200 min manata qədər).

Müsabiqədə xüsusi layihələr (XL) kiçik həcmli layihələr üçün nəzərdə tutulmuş vəsait həcmində maliyyələşdirilir. Xüsusi layihələrin predmetini təşkil edir:

- (XL1): Azərbaycanda elmi tədbirlərin təşkili və keçirilməsi;

- (XL2): Xarici elmi tədbirlərdə iştirak etmə;

(XL3): Xarici ölkələrin birində doktorantura xətti üzrə təhsil alma və ya stajkeçmə.

“Həvəsləndirici mükafat” nominasiyası üzrə:

- birinci yer tutana - 10 (on) min manat məbləğində bir mükafat;

- ikinci yer tutana -  hər biri 5 (beş) min manat məbləğində olan iki mükafat;

- üçüncü yer tutana - hər biri 3 (üç) min manat məbləğində olan üç mükafat verilir.

Müsabiqədə AMEA-nın əməkdaşları və ya onlarla birgə layihədə çalışan SOCAR-ın işçiləri iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün layihələr layihə rəhbərinin imzalanmış ərizəsi (Forma 1), ərizəyə əlavə olunan digər sənədlərlə birlikdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə (Ünvan: AZ1001, Azərbaycan, Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 508.) layihə rəhbəri tərəfindən şəxsən təqdim edilməlidir.

Layihələr 1 noyabr 2017-ci il tarixinədək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir. Müsabiqə ilə əlaqədar əlavə məlumat almaq üçün Elm və Təhsil İdarəsinə (tel.: +99412-492-84-48; e-mail: eti@science.az)  müraciət etmək olar.

Müsabiqədə iştirakın xüsusi şərtləri:

- Elm Fondunun İdarə Heyətinin və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər;

- Layihə rəhbəri və ya icraçı eyni zamanda yalnız iki layihə üzrə müsabiqəyə qatıla bilər. Yalnız bir nominasiya üzrə layihəyə rəhbərlik, ikinci layihədə isə icraçı qismində müsabiqədə iştirak etmək olar;

- Layihə rəhbəri və icraçı müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə AMEA və ya SOCAR-la əmək münasibətində olmalıdır;

- Bir layihə üzrə iştirakçıların (layihə rəhbəri və içraçılar) ümumi sayı 10 nəfərdən çox olmamalıdır. Yalnız İdarə Heyətinin qərarı ilə layihə iştirakçılarının sayı artırıla bilər.

Aşağıdakı hallarda layihələr Müsabiqə Komissiyası tərəfindən qəbul olunmur:

- müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda;

- digər mənbələrdən (dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə;

- layihələr müsabiqədə iştirak üçün sənədlərin qəbulu günü bitdikdən sonra təqdim edildikdə;

- tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmayan layihə təqdim edildikdə.

Müsabiqədə iştirakın xüsusi şərtlərinin və ya layihəyə dair tələblərin pozulması halları istənilən mərhələdə layihənin maliyyələşdirilməsinin dayandırılması üçün əsasdır.

Bütün layihələr bir qayda olaraq, Azərbaycan dilində, sənədlərin 2 №-li forması isə əlavə olaraq ingilis və rus dillərində (xarici ekspertlərdən rəy alınması məqsədilə) tərtib edilməli, eyni məzmunda olan A4 formatlı kağız və elektron daşıyıcı (CD, DVD və s.) üzərində 2 nüsxədə təqdim olunmalıdır.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- məzmununu, elmi istiqamətini, annotasiyasını və s. təsbit edən layihə barədə ümumi məlumatlar (Forma 2);

- layihənin xərclər smetası (Forma 3);

- layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat (Forma 4);

- layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-nin (əgər varsa) surəti, iş yerindən arayış;

- xaricdə keçirilən elmi tədbirlərdə iştirak, doktorantura təhsili və ya stajkeçmə ilə əlaqədariddiaçılar yuxarıda adıçəkilən sənədlərlə yanaşı müvafiq təşkilatın (elmi müəssisənin) təsdiqedici sənəd və ya dəvət məktubunun əslini əlavə  etməlidir. 

Ərizə və məlumat formalarının nümunələrini AMEA-nın www.science.az və SOCAR-ın www.socar.az saytlarından əldə etmək olar.

Təqdim edilən layihənin ümumi məbləği xərclər smetasına bütün vergi və digər məcburi ödənişlər daxil edilməklə müəyyən edilməlidir.

Qalib layihələrin xərclər smetası müqavilə əsasında layihələrin maliyyələşdirilməsi üzrə icraçı təşkilat olan “Partnyor Elmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən maliyyə-təsərrüfat ekspertizasından keçirildikdən sonra Müsabiqə Komissiyası onları təsdiq etmək üçün Elm Fondunun İdarə Heyətinə təqdim edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: