Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Şərqşünaslıq İnstitutunda çinli alimlərlə görüş keçirilib
02.10.2017 15:32
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda çinli alimlərlə görüş keçirilib

Oktyabrın 2-də Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun nümayəndə heyəti AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Nümayəndə heyətinin tərkibinə ÇİEA-nın Dünya Tarixi İnstitutunun Rusiya və Şərqi Avropa tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Van Syatszyuy, həmin şöbənin əməkdaşları – tarix elmləri doktorları Xou Aytszyun və Çju Szyanli daxil idilər.

Əvvəlcə çinli alimlər Şərqşünaslıq İnstitutunun Asiya-Sakit Okean ölkələri regionu şöbəsinin əməkdaşları ilə görüşüblər. Görüşdə AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli və Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Jinhua da iştirak ediblər.

İnstitutun Asiya-Sakit Okean ölkələri regionu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxəlibəyli qonaqlara rəhbəri olduğu şöbə barədə məlumat verib. 59 illik tarixə malik institutda Asiya-Sakit Okean ölkələri regionu şöbəsinin son illərdə açıldığını qeyd edən Z.Şıxəlibəyli qısa müddətdə əməkdaşların gördükləri işlər, nəşr etdirdikləri kitablardan bəhs edib.

Sonra şöbənin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktoru Rafiq Abbasov və Ülkər Əliyeva-Abdullayeva Çinlə bağlı tədqiqatlarından danışıblar.

ÇİEA-nın Dünya Tarixi İnstitutu ilə Şərqşünaslıq İnstitutunun elmi əməkdaşlığının hər iki tərəfə böyük fayda verə biləcəyini söyləyən qonaqlar bunun alimlərin tədqiqat işlərinin səmərəliliyinin artmasına kömək göstərəcəyini deyiblər.

Sonda iki qurum arasında əməkdaşlıq perspektivləri və birgə layihələrnin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: