www.science.az
05.10.2017 12:59

Ölkə başçısı Dəmirçi kəndində Gəgəli nekropolunda aparılan arxeoloji tədqiqatların gedişatı ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də Şamaxı rayonuna səfərləri zamanı rayonun Dəmirçi kəndində Gəgəli nekropolunda aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılmış maddı mədəniyyət nümunələri, tədqiqatların gedişatı və nəticələri ilə yaxından tanış olublar. Prezident İlham Əliyevə inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyinin layihəsi də təqdim edilib.

Qeyd edək ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının 2016-cı ildə Dəmirçi-Lahıc yolunun 4-cü kilometrliyində, Gəgəli yaylağı adlanan ərazidə apardıqları araşdırmalar nəticəsində 1,5 hektar ərazidə nekropol olması müəyyən edilib. İnstitutun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə aparılan qazıntılar zamanı ərazidən qızıl və gümüşdən bəzək əşyaları, muncuqlar, sikkələr və digər maddi-mədəniyyət qalıqları aşkarlanıb. Bu il nekropolda aparılan qazıntılar zamanı 18 qəbir açılıb. Əldə edilən maddi-mədəniyyət nümunələri əsasında Gəgəli nekropolunun son antik və ilk orta əsrlərə aid edildiyi məlum olub.

Avqust-sentyabr aylarında aparılan tədqiqatlar zamanı nekropolun yaxınlığında qala divarları və yaşayış məskəninin qalıqları tapılıb. Qala divarlarının bünövrəsindən e.ə. IV-III əsrlərə aid təknə qəbir fraqmentləri, qadın və körpə uşağa məxsus iki daş qutu qəbir aşkar edilərək tədqiq edilib. Qalanın daxilində aparılan araşdırmalar zamanı isə V-XIII əsrlərə aid saxsı nümunələri, insan skeleti və heyvan sümüklərinin hissələrinə rast gəlinib. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri əsasında bu yaşayış məskəninin uzun müddət insanların sığınacaq yeri olduğu müəyyən edilib.

Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyinin təşkili ölkəmizin turizm potensialının inkişafına böyük təkan verəcək, Şirvan bölğəsinin, xüsusilə Şamaxı rayonunun turizm infrastrukturunun genişləndirilməsinə şərait yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.