www.science.az
09.10.2017 09:22

Azərbaycanlı alimlərin məqaləsi İKT-nin tətbiqi üzrə XI beynəlxalq konfransda çap olunub

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin həmmüəllifi olduqları “The development of indicators and indices system characterizing information and knowledge economy” (İnformasiya  və  bilik  iqtisadiyyatını  xarakterizə  edən  göstəricilər  və  indekslər   sisteminin  işlənilməsi) adlı məqalə 20-22 sentyabr 2017-ci il tarixdə Moskva (Rusiya) şəhərində keçirilən IEEE-nin İKT-nin tətbiqi üzrə XI beynəlxalq konfransında (The 11th IEEE International Conference Application of Information and Communication Technologies – AICT 2017) çap olunub.

Məqalə informasiya və biliklər iqtisadiyyatının formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsi üzrə müxtəlif indikatorlar sisteminin müqayisəli təhlilinə həsr olunmuşdur. Onların işlənilməsi və təhlili ilə bağlı əsas metodoloji yanaşmalar analiz olunmuşdur. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı bəzi tövsiyələr verilmiş, informasiya və biliyin hesabına formalaşan ümumdaxili məhsulun hesablanması üçün metodika təklif olunmuşdur. İnformasiya və biliklər iqtisadiyyatının kompozit indeksi və onu formalaşdıran müvafiq indekslər, subindekslər və indikatorlar sistemi işlənilmişdir.

Qeyd edək ki, AICT 2017 konfransı “Thomson Reuters Scientific”, “Google Scholar”, “Association for Computing Machinery”, “The Institution of Engineering and Technology”, “American Mathematical Society”, “National Library of Medicine”, “Optical Society of America”, “Scitopia.org” kimi nüfuzlu bazalarda indeksləşib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.