Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Yeni dövlət proqramı gənc alimləri elmdən istehsalata yönəltməyə geniş imkan verir
09.10.2017 11:29
  • A-
  • A
  • A+

Yeni dövlət proqramı gənc alimləri elmdən istehsalata yönəltməyə geniş imkan verir

Bugünlərdə Azərbaycan dövlətinin gənclər siyasəti özünün yeni mərhələsinə qədəm qoydu. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edildi. Bu, gənclərin bilik və bacarıqlarının inkişafına yeni yol açmaqla bərabər, onları intellekt himayəsinə alan müəllim, alim və mütəxəssislərə yeni öhdəliklər təqdim edir. Bunu nəzərə alan Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun elmi işçiləri dövlət proqramından irəli gələn vəzifələrin icrasına çalışır və bu işdə gələcəyə böyük ümidlər bəsləyirlər.

Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə gənclər siyasəti, elm və texnologiyanın inkişafı yeni yanaşmalar tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlanan yenidənqurma işləri, xüsusən də iqtisadi islahatlar ölkənin bir sıra sahələrində olduğu kimi, gənclər və elm siyasətlərinə də yeni həyat verdi. “Əsrin müqaviləsi” ilə təməli qoyulan inkişaf sonralar Prezident İlham Əliyevin uğurlu siyasəti ilə davam etdirildi. Bu gün qloballaşma dövründə Azərbaycan dövlətinin milli maraqlara və dəyərlərə əsaslanan gənclər siyasəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının imzalanması ilə yeni inkişaf mərhələsinə doğru irəliləyir. Yeni dövlət proqramı 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir.

Ötən dövr ərzində bu sənədlərdən irəli gələn və icrası tamamlanmış işlər gənclərimizin bilik və bacarıqlarının inkişafı üçün daha geniş imkanlar yaratdı. Dövlət başçımızın sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər və Elmin İnkişafı fondları, bilikli, peşəkar və istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatı təsis edildi. SOCAR-ın Elm Fondu da ölkə başçısının “Neft kapitalını insan kapitalına çevirmək!” devizinin icrasından irəli gəldi. Nəhayət, ötən il cənab Prezidentin sərəncamı ilə AMEA-da Yüksək Texnologiyalar Parkı (YTP) yaradıldı. Bütün bunlar institutumuzda gənclər siyasətini daha səmərəli istiqamətdə formalaşdırmağa imkan verir, həm bu işləri, həm də gənclərin hərtərəfli inkişafını bir qədər də stimullaşdırır.

Buna misal olaraq, Daşkəsəndə yerləşən alüminium alunit filiz yatağında başlanılmış tədqiqatları qeyd etməyə dəyər. Tədqiqatlardan məqsəd alüminium və kalium – sulfat kübrəsinin çıxarılması, alunitin emalı ilə əlaqədar yeni texnologiyanın işlənib hazırlanmasıdır. Tədqiqatların nəticəsində YTP-də həmin texnologiyanın əsasında pilot emal qurğusunun yaradılması nəzərdə tutulur.

Həyata keçirdiyimiz kadr hazırlığı və islahatları gənclər siyasətimizin böyük tərkib hissəsidir. Bu siyasət “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və qeyd olunan dövlət proqramlarına əsaslanır. Bunun nəticəsidir ki, institutumuzda gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə olunub. Xüsusilə qeyd etməyə dəyər ki, 2005-ci ildə institutumuzda Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb və indiyə qədər uğurla fəaliyyət göstərir. Elmimizin müxtəlif sahələrində olduğu kimi, geologiya və geofizika üzrə də gənclərin fəallığı, layihələrin icrasında və idarə olunmasında rolu artıb. Sonrakı illərdə gənclərlə əlaqədar işlərin uğurlu gedişatı elmin təhsillə vəhdət şəklində inkişaf etdirilməsi zərurətini doğurdu. Beləliklə, 2013-cü ildə AMEA-nın prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin təşəbbüsü ilə institutumuzda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft və qazın geologiyası” və Bakı Dövlət Universitetinin “Seysmologiya və Yer təkinin fizikası” adlı baza kafedraları təşkil olundu və indiyə qədər aidiyyəti profil üzrə auditoriyalarda tələbələrə dərslər keçilir. Onların buraxılış işləri və dissertasiyaları çalışdıqları şöbələrdə aparılan elmi tədqiqatların mövzularına müvafiq müəyyən edilir. Hörmətli akademikin növbəti təşəbbüsü və ölkə rəhbərliyinin xüsusi dəstəyi ilə bu təcrübə bütün AMEA miqyasında genişləndirildi və 2015-ci ildə TQDK tərəfindən təşkil olunan test üsulu ilə AMEA-da ilk dəfə magistratura təhsili yaradıldı. Bu zaman GGİ-yə ilk magistr qəbul olundu və bu il dissertasiya işini uğurla müdafiə edərək başa vurdu. Hazırda institutumuzda 4 magistr təhsil alır.

Milli-mənəvi dəyərlərin dinamik daşıyıcısı olan gənclərin bilik və bacarıqlarının inkişafı üçün müəssisəmizdə lazımi imkan yaradılıb. Belə ki, burada magistrlər maaşla təmin olunur, elmin konkret istiqaməti üzrə daha irəli getmiş alimlərdən dərs alır, onlarla birgə çöl işlərində iştirak edirlər. GGİ-nin müasir elmi-texniki avadanlıqlardan ibarət laboratoriyalarında magistrlər üçün iş şəraiti yaradılıb. Gənclər işi çöl və laboratoriya mühitində birbaşa tədqiqat başında öyrənə bilirlər.

Estafeti tədricən gənclərə ötürərkən biz alimlər onların elmi fəaliyyətdə stimulunu artırmağa, intellektual potensialını genişləndirməyə, əqli mülkiyyəti təbliğ etməyə çalışırıq. Gənclərimiz yaxşı dərk edirlər ki, dünyanın elmi inkişaf mühitinə inteqrasiya etmək və biliklər iqtisadiyyatında böyük pay sahibi olmaq üçün innovativ düşüncə və rəqabətədavamlı biliyə yiyələnmək vacibdir. Bu gün “Azərbaycan gəncliyi” dövlət proqramlarının sayəsində ölkədə yaradılmış yüksək texnologiyalar və informasiya mühitində gənclərin bilik və bacarıqlarını inkişaf etdirməyə çalışırıq və əsas məqsədlərimizdən biri onların elmi-innovativ istehsalat və maddi qazanc imkanlarını formalaşdırmaqdır. Bu baxımdan AMEA-da Yüksək Texnologiyalar Parkının yaradılması məqsədimizin yolunda böyük zərurət idi və elmdən istehsalata keçmək, gənc alimləri maddi qazancla təmin etmək imkanı yaratdı.

Yeni dövlət proqramında nəzərdə tutulan vəzifələrdən biri gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsidir. Bununla əlaqədar qeyd etmək istərdim ki, kadr hazırlığında beynəlxalq təcrübəni də nəzərə alırıq. İnstitutda çalışan gənclər təcrübələrini artırmaq üçün dünyanın qabaqcıl elmi mərkəzlərində qısa və uzunmüddətli təlimlərə qatılır, ixtisasartırma və mübadilə proqramları, konfrans və seminarlarda iştirak edir, həmçinin xarici həmkarları ilə əlaqələr quraraq, distant şəkildə də təcrübələrini artıra bilirlər. Gənc tədqiqatçılarımızın təcrübələrinin artırılmasını etibar etdiyimiz xarici elmi-tədqiqat müəssisələri sırasında Çin Elmlər Akademiyasının Şanxay Astronomiya Rəsədxanası, İstanbul Texniki Universiteti, Fransanın Pyer və Mariya Küri Universiteti, İsveçrənin Friburq Universiteti, Almaniyanın Potsdam şəhərində yerləşən Yer Elmləri üzrə Tədqiqatlar Mərkəzi, Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları Mərkəzi, Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatı və digər nüfuzlu qurumları qeyd etmək olar.

Xarici əlaqələrdə bu dinamika məhz “Əsrin müqaviləsi” imzalandıqdan və ölkəmizin neft və qaz sektoruna dünya alimlərinin marağı artdıqdan sonra başlayıb. Gənc alimlər müəssisəmizin prioritet fəaliyyət sahəsi olan neft və qaz üzrə geoloji və geofiziki tədqiqatlarda, xarici alimlərlə müştərək layihələrdə fəal iştirak edirlər.

Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində həyata keçirilən layihə və təşəbbüslərin maliyyə mənbələri yalnız xarici qrant təşkilatları deyil, həmçinin Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondudur. Bu cür yerli qrant dəstəkləri ilə gənc alim və tələbələr üçün “Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər” adlı ənənəvi beynəlxalq konfranslar keçirilir ki, bunlar da təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və Azərbaycan elminin uğurlu nəticələrini dünyaya təqdim etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Genişlənən xarici elmi əlaqələrin doğurduğu zərurətdən irəli gələrək, institutumuzun elmi işçi, doktorant, dissertant və magistrantları üçün rus və ingilis dilləri üzrə tədris kursları, həmçinin elmin ən son nailiyyətləri haqqında mühazirələr də təşkil olunur. Həmçinin Gənc Alimlər Şurasının daimi seminarları keçirilir, orada gənclərimiz öz elmi nəticələrini təqdim və müzakirə edirlər. Bütün bunların nəticəsində gənc alimlər institutumuzda öz ixtisasları üzrə sənət əldə edir, əsl kadr kimi yetişmək şansı qazanırlar.

İnstitutumuzun gəncləri yalnız elmdə deyil, ictimai həyatda da fəaldırlar. Onlar elmi-tədqiqat müəssisəmizdə milli bayram və hüzn günləri, həmçinin beynəlxalq bayramlar ilə əlaqədar tədbirlərin təşəbbüskarı və təşkilatçılarıdır. Ümumiyyətlə, məmnunluqla qeyd etməyə dəyər ki, elmi fəaliyyət, daha dəqiq desək, alimlik həm də gəncləri dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli təsirlərdən, narkomaniya və  alkoqolizm kimi pis vərdişlərdən yayındıran həyat tərzidir.

Gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi, gənclərin elmə həvəsləndirilməsi, yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması da yeni dövlət proqramında qarşıya qoyulan vəzifələrdəndir. Bunu nəzərə alaraq qeyd etməyə dəyər ki, institutumuzun Gənc Alim və Mütəxəssislər Şurası hər il elmin təbliği məqsədi ilə məktəb şagirdləri və universitet tələbələri ilə görüşlər, müsabiqələr keçirir, onları hətta çöl tədqiqatlarına həvəskar iştirakçı kimi cəlb edirlər. Bu mənada Bakının orta məktəb şagirdləri üçün "Dünya gələcək geoloqların gözü ilə" mövzusunda keçirilmiş olimpiadanı, ötən il Bakı Avropa Liseyinin 11-ci sinif şagirdlərinin Binəqədi fauna və flora qəbiristanlığında tədqiqatlarda iştirakını və digər təşəbbüsləri qeyd etməyə dəyər.

Bunlardan əlavə, onlar 2014-cü və 2016-cı illərdə ölkəmizdə keçirilmiş elm festivallarının təşkilində yaxından iştirak ediblər. Bu layihənin keçirilməsində məqsəd intellektual cəmiyyətin qloballaşdığı dövrdə bilik və təcrübələrin paylaşılması, elmin müxtəlif istiqamətləri arasında əlaqələrin möhkəmləndirilməsi idi. Bu baxımdan GGİ kollektivi üçün müxtəlif universitet və elmi-tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən təşkil olunmuş məruzələr, həmçinin gənclərimizin müxtəlif elm və təhsil müəssisələrindəki çıxışları elmin təbliği istiqamətində böyük əhəmiyyət kəsb edib. Gənc əməkdaşlarımız vaxtaşırı yerli televiziyaların efirində çıxışlar edirlər ki, bu da elmin təbliğinə xidmət edən təşəbbüslərdəndir.

Gənc alimlərin sosial durumunun yaxşılaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması da diqqətimizdə olan məsələlərdəndir. Akademik Akif Əlizadənin xüsusi nəzarəti ilə AMEA-nın gənc alim və mütəxəssisləri üçün yaxın gələcəkdə mənzillərin tikilməsi planı da akademiyada həyata keçirilən uğurlu gənclər siyasətinin bariz nümunəsidir.

Dövlət proqramının icrasından gözlənilən nəticələri, o cümlədən gənclərin intellektual inkişafının və elmi fəaliyyətinin stimullaşdırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və digər mühüm məsələləri yaxşı dərk edirik. Göründüyü kimi, gəncləri elmimizin inkişafında həm iştirakçı, həm də ondan bəhrələnən potensial nəsil kimi yetişdirməyə çalışırıq. Bu, yalnız vəzifəmiz deyil, həm də hədəfimizdir.

Dadaş Hüseynov, Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü

"Xalq qəzeti", 9 oktyabr 2017-ci il

  • Paylaş: