www.science.az
14.03.2014 00:00

Azərbaycanlı deputat Avropa Şurasında məruzəçi təyin edilmişdir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə Azərbaycan arasında səmərəli işbirliyini əyani şəkildə nümayiş etdirən daha bir əhəmiyyətli hadisə baş vermişdir. AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin qurumun Parisdəki qərargahında keçirilən iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də Assambleyanın Bürosu tərəfindən tövsiyə edilmiş mövzular üzrə yeni məruzəçilərin təyin edilməsi olmuşdur.

 

“Din azadlığı və dini təcrübələr” adlı mövzu üzrə məruzəçinin təyin edilməsi kifayət qədər gərgin keçən müzakirələrə səbəb olmuşdur. Adətən deputatların hazırladıqları tövsiyə üçün qətnamə və tövsiyə üçün təkliflər 20-25 nəfər deputat tərəfindən imzalandıqdan sonra bu sənəd katibliyə təqdim edilərək rəsmiləşdirilir, nəşr edilərək yayılır və sonrakı addımların atılması üçün AŞPA Bürosuna göndərilir. İrəli sürülmüş həmin təkliflərin Parlament Assambleyasının rəhbərliyi tərəfindən yalnız vacib hesab olunan az bir hissəsi ilə bağlı ayrıca məruzəçi təyin edilməsi lazım bilinir. Maraqlıdır ki, hazırkı tövsiyə üçün qətnaməni adətən lazım olduğundan beş dəfə çox deputat imzalamışdır. Bu da təsadüfi deyildir və problemin mürəkkəbliyindən irəli gəlir. İrəli sürülən təklifə görə məruzəçi təyin edilməkdən ötrü də adətən lazım olduğundan daha çox namizəd var idi. Böyük britaniyalı deputatlar mövzu ilə bağlı məruzəçi olmaqdan ötrü xüsusi canfəşanlıq göstərirdilər. Belə ki, yeddi namizəddən beşi bu ölkədən idi.

Namizədlərdən biri isə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovolmuşdur. Namizəd bolluğu seçimi çətinləşdirdiyindən üzərində dayanılacaq məruzəçinin digərlərindən üstünlüyünü dəqiq müəyyənləşdirə bilməkdən ötrü hər bir iddiaçı üç dəfə çıxış edərək mövqeyini əsaslandırmalı olmuşdur. Əvvəlcə namizədlər problemlə bağlı ümumi baxışlarını ifadə etmişlər. Daha sonra növbə ilə məruzədə hansı problemlər üzərində daha artıq dayanacaqlarından bəhs etmişlər. Nəhayət, onlardan hazırlayacaqları məruzədə problemin və onun ayrı-ayrı aspektlərinin həllinə hansı konstruktiv yenilikləri gətirəcəkləri barədə məlumat vermələri istənilmişdir. Bütün mövqelər dinlənildikdən sonra səsvermə keçirilmişdir. Adətən Parlament Assambleyasının komitələrində məruzəçinin təsdiqlənməsi sadə səs çoxluğu və açıq səsvermə yolu ilə gerçəkləşdirilir. Lakin budəfəki situasiya ikinci və üçüncü səsvermə turunun da olmasını istisna etmirdi və ümumi razılığa əsasən qərara alınmışdı ki, namizəd gizli səsvermə yolu ilə müəyyənləşdirilsin. Yeddi namizədin adının qeyd edildiyi səsvermə bülletenləri paylanaraq keçirilən gizli səsvermənin nəticələri elan edilərkən məlum olmuşdur ki, növbəti tura ehtiyac yoxdur. Azərbaycanlı deputat Rafael Hüseynov səslərin böyük əksəriyyətini toplayaraq “Din azadlığı və dini təcrübələr” mövzusu üzrə məruzəçi seçilmişdir.

R.Hüseynov məsələnin mahiyyəti ilə bağlı bir sıra məqamlara aydınlıq gətirərək AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir: “2013-cü ilin dekabrında hazırlanmış, 101 nəfər deputatın şərik çıxdığı və məruzəçi təyin edilməsini gərəkli saydığı tövsiyə üçün qətnamənin ortaya qoyduğu mövzu göründüyündən daha ciddi mətləbləri hədəf götürür. İş ondadır ki, bu sənəd ümumən dini azadlıqlar məsələsini əhatə etməklə həm də mübahisə mövzusu olan bir məsələyə aydınlıq gətirilməsini tələb edir ki, qoyuluşu etibarı ilə həmin problem indiki halda siyasi mahiyyətlidir. Çünki 2013-cü il oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyası müəyyən qüvvələrin səyləri nəticəsində uşaqların fiziki toxunulmazlığı ilə bağlı narahatlıq doğuran 1952 saylı qətnaməni qəbul etmişdir ki, həmin sənəddə dini mülahizələrlə uşaqların sünnət edilməsi də uşaqların fiziki toxunulmazlığına vurulan zərbə kimi dəyərləndirilir. Avropa Şurasının qəbul etdiyi qətnamələr bir qayda olaraq üzv ölkələrə icra üçün tövsiyə edilir və belə bir qətnamənin qəbulundan sonrakı addımlar sünnət mərasiminin icrasına görə cəza tədbirlərini də qanuniləşdirə bilər. Bu isə öz növbəsində dünyanın qədim dinlərindən olan iudaizmə və islama tapınanların əsrlərcə əməl etdikləri adətlərə qarşı hüquqi çərçivədə təhlükəli maneə yaradılması cəhdi hesab oluna bilər. Bu, həm də milyonlarla insanın heysiyyət məsələsidir ki, gözlənilməz bir nöqtədən alışaraq arzuolunmaz dini qarşıdurmalara və onun davamı olaraq böyük miqyaslı siyasi gərginliklərə gətirib çıxara bilər. Ona görə də yeni məruzəni kimin hazırlamasından və hansı mövqe daşıyıcısı olmasından, təqdim ediləcək hesabatda müəllifin nə qədər obyektiv, qərəzsiz olmasından çox şey asılıdır. İnsan hüquqlarını qorumaq pərdəsi altında insan haqlarına qarşı əl atından yolverilməz hərəkətlərin qarşısı hər yerdə alınmalıdır, o cümlədən də Avropa Şurasında. Kimin məruzəçi təyin edilməsinə səs verən komitə üzvlərinin əksəriyyəti tanınmış alimlər, sanballı siyasətçilərdir və zənnimcə onların seçimi də sağlam məntiqə əsaslanan məruzə yazılacağına hesablanmışdır. Məruzənin hazırlanmasına il yarım-iki il vaxt verilir və bu gedişatda düşünürəm ki, hələ dönə-dönə müzakirələr, ekspertlərin iştirakı ilə ayrıca kollokvium da keçiriləcəkdir”.

Qeyd etmək lazımdır ki, AŞPA-nın aprelin 7-də işə başlayacaq növbəti yaz sessiyanın plenar iclasında R.Hüseynovun artıq başa çatdırdığı başqa bir məruzə də dinləniləcəkdir.

Bütün bu müsbət yeniliklər Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə may ayında başlanacaq sədrliyi ərəfəsində ölkəmiz ilə bu qurum arasında qarşılıqlı etimada əsaslanan işgüzar əməkdaşlığın bariz göstəriciləridir.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

www.azertag.com