www.science.az
28.10.2017 12:04

Görkəmli Azərbaycan tarixçisi Musa Qasımlını 60 illik yubileyi münasibətilə təbrik edirik!

Bu gün görkəmli Azərbaycan tarixçisi, millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlının 60 yaşı tamam olur.

Musa Qasımlı 1957-ci il oktyabr ayının 28-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. 1974-cü ildə orta məktəbi tərifnamə ilə bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olub. 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə başa vuran M.Qasımlı təyinatla Yardımlı rayonuna göndərilib.

O, 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasında təhsil alıb. 1986-cı ildə “Dinc yanaşı yaşamaq uğrunda SSRİ-nin mübarizəsi və AFR tarixşünaslığı (70-ci illər - 80-ci illərin əvvəlləri)” mövzusunda namizədlik, 1993-cü ildə isə “Azərbaycan beynəlxalq  mədəni əlaqələrdə (1946-1990)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

1986-1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim, dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışıb. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur.

1992-1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində çalışıb.

Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırış (2010-2015; 2015-2020) deputatıdır. Həmçinin Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvüdür.

2004-cü ildə ABŞ-ın Vircinya ştatının Fairfax şəhərindəki George Mason Universitetində araşdırma proqramı üzrə çalışıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə 2016-cı ildə Qafqazşünaslıq İnstitutunun direktoru təyin edilib. 

Azərbaycan tarixinin öyrənilməmiş bir sıra aktual problemlərinin – ölkəmizin beynəlxalq mədəni əlaqələri, Seyid Cəfər Pişəvəri hərəkatınından sonra Cənubi Azərbaycanda yaranmış şəraitin Birləşmiş Millətlər Təşkilatında müzakirəsi, Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətləri, Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti, SSRİ-Türkiyə diplomatik-siyasi münasibətləri, Azərbaycan istiqlal mübarizəsi və xarici dövlətlər, "Erməni məsələsi"ndən "erməni soyqırımı"na araşdırılması və s. M.Qasımlının adı ilə bağlıdır. 

Tarixçi alim Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Gürcüstan, Avstriya, Çexiya və Böyük Britaniyanın arxivlərində çalışaraq dəyərli əsərlər yazıb. Onun ilk böyük tədqiqat işi İkinci dünya müharibəsindən sonra SSRİ dağılanadək olan dövrdə Azərbaycanın beynəlxalq mədəni əlaqələrinə həsr olunub. O, 1992-1993-cü illərdə Seyid Cəfər Pişəvəri hərəkatından sonra Cənubi Azərbaycanda yaranmış şəraitin yenicə qurulmuş BMT Baş Məclisinin ilk iclasında müzakirəsini araşdırıb, 1993-cü ildə "Beynəlxalq münasibətlərdə Azərbaycan məsələsi" adlı əsərini nəşr etdirib. Kitab Azərbaycan tarixşünaslığında bu sahə üzrə ilk tədqiqat əsəri sayılır. 

Professor Musa Qasımlı, həmçinin işğal edilib bolşevikləşdirildikdən sonra SSRİ-nin yaradılmasına qədərki dövrdə Azərbaycanın xarici dövlətlərlə, o cümlədən Türkiyə ilə diplomatik-siyasi münasibətlərini tədqiq edib. Ölkədə ilk dəfə olaraq Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasətini araşdıraraq üç cildlik monoqrafiya yazıb. Azərbaycanda ilk dəfə olaraq Qafqaz cəbhəsində "könüllü" adı altında erməni silahlı bandalarının hazırlanması və fəaliyyəltərini tədqiq edib. 

Onun dünyanın bir çox ölkələrinə Azərbaycan tarixinin indiyədək araşdırılmayan problemlərinə həsr olunan 14 monoqrafiyası, həmçinin nüfuzlu jurnallarda 82 elmi məqaləsi xarici dillərdə çapdan çıxıb. 

Alim ali məktəblər üçün Beynəlxalq münasibətlər tarixi dərs vəsaitinin, iki hissədən ibarət Avropa və Amerika ölkələrinin müasir tarixi dərsliyinin və fənn proqramının müəllifidir.

M.Qasımlı ABŞ-da fəaliyyət göstərən Orta Şərq Araşdırmaları Assosiasiyasının (Arizona Universiteti), Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin (Harvard Universiteti), Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin üzvü, Ukraynadakı Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür. "Romanian Euroasian Studies" (Rumıniya), "Qafqaz və Mərkəzi Asiya araşdırmaları", "Turan SAM", "Türk bilimi", "Atatürk yolu" (Türkiyə), "Qafqaz i mir" (Gürcüstan), "Evropeyski istoriçhı studii: naukoviy jurnal" və "Amerikanska istoria ta politika: naukoviy jurnal" (Ukrayna) elmi jurnallarının redaksiya heyətinin üzvüdür.

Professor Musa Qasımlının rəhbərliyi altında 18 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə edilib.

O, 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

Ölkəmizdə tarix elminin inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və elmimizin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.