Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi İstanbulda qeyd edilib
06.11.2017 09:49
  • A-
  • A
  • A+

Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi İstanbulda qeyd edilib

Noyabrın 4-dən İstanbulun TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonumuzda XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim keçirilib.

Mərasimdə rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, diplomatlar, elm və mədəniyyət adamları, tanınmış ədəbiyyatçılar, azərbaycanlı tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə “Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” və TÜRKSOY-un 12 dildə çap etdirdiyi “Dünya dillərində Molla Pənah Vaqif şeirləri” kitablarının təqdimatı olub.

Məlumat verilib ki, təqdim olunan kitablar görkəmli Azərbaycan şairinin 300 illiyi münasibətilə çap olunub.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları çıxış edərək Molla Pənah Vaqif yaradıcılığının nadir üslubu, şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyətini yüksək qiymətləndiriblər.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə qədim Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində məqbərə ucaldılması barədə mühüm qərar qəbul etməklə tarixin yaddaşlardan silinməsinin qarşısını alıb. Ulu öndərin zəngin Azərbaycan ədəbiyyatının inkişafına və onun görkəmli nümayəndələrinin dünyada tanınmasına göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması da bu siyasətin bariz nümunəsidir.

Sonra Vaqifin şeirlərindən nümunələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: