www.science.az
08.11.2017 12:20

AMEA-da müasir fundamental elmlərə dair astroseminar keçirilib

Noyabrın 7-də AMEA-nın Əsas binasında N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə növbəti beynəlxalq astroseminar keçirilib.

Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov seminarın "Müasir fundamental elm: yeni kəşflər və perspektivlər" mövzusuna həsr olunduğunu bildirib. O, tədbirdə mövzu ilə bağlı çıxış edəcək Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Fundamental Elmlər Tədqiqat İnstitutunun direktoru, professor Əlikram Əliyevin elmi fəaliyyətindən söz açıb, onun bu sahədə dünyada tanınan alimlərdən olduğunu diqqətə çatdırıb.

Sonra professor Əlikram Əliyev məruzəsini təqdim edərək fundamental elmlərin mahiyyəti, tətbiq sahələri, həmçinin dünyanı dəyişdirən kəşflər barədə məlumat verib. Qeyd edib ki, fundamental elmlər nəzəri və riyazi metodlar, həmçinin müşahidələr və təcrübələrlə kainatın sirlərini ortaya çıxarır. Alim bu elmin əsas hərəkətverici qüvvəsinin intellektual maraq olduğunu və ilk dəfə Şərq alimləri tərəfindən formalaşdırıldığını diqqətə çatdırıb.

Professor X-şüalarının (Rentgen), elektronların, həmçinin telomeraza fermentinin kəşfinin, o cümlədən türkiyəli alim Əziz Sancar tərəfindən molekulyar səviyyədə hüceyrələrin zərər dəymiş DNK-ları bərpa etməsi və genetik informasiyanı saxlaması sxeminin hazırlanmasının və digər ixtiraların dünyanı, eləcə də insanların həyatını tamamilə dəyişdirdiyini vurğulayıb. O, sözügedən kəşflərin zərurətdən yox, məhz kainatın sirlərini öyrənməyə çalışan alimlərin intellektual düşüncələri sayəsində ortaya çıxdığını və gündəlik həyatda tətbiqdən sonra insanların həyatını asanlaşdırdığını bildirib.

Ə.Əliyev fundamental elmlərin bu gün də təbiət, kaninatla bağlı araşdırmalara davam etdiyini, son 5 ildə bu sahədə mühüm nailiyyətlərin əldə olunduğunu söyləyib. Məruzəçi, həmçinin Kvant mexanikası, böyük adron sürətləndiricisi (CERN - LHC), Avropanın Planck müşahidəçi peyki, o cümlədən ABŞ-ın LİGO Rəsədxanası barədə də danışıb.

Çıxışının sonunda alim fundamental elmlər istiqamətində tədqiqatlar aparmaq istəyən azərbaycanlı gənclərə rəhbərlik etdiyi qurumda hər cür köməklik göstərəcəyini bildirib.

Sonda məruzə ətrafında suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.