www.science.az
13.11.2017 09:10

Neft-Kimya Prosesləri İnstitutu ilə Misir Neft Tədqiqatları İnstitutu arasında memorandum imzalanıb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə Misir Neft Tədqiqatları İnstitutu (MNTİ) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimində çıxış edən NKPİ-nin direktoru, akademik Vaqif Abbasov sənədin iki qurum arasında əlaqələrin qurulması və davamlı inkişafı, həmçinin elm və təhsilin inteqrasiyası baxımından əhəmiyyətli olduğunu bildirib.

Sonra MNTİ-nin direktoru, professor Əhməd Məhəmməd Əl-Sabah çıxış edərək rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə danışıb. Qeyd edib ki, iki qurum arasında kadr və təcrübə mübadiləsinin aparılması əlaqələrin genişləndirilməsi ilə yanaşı, təhsil və elmin inkişafına da mühüm töhfələr verəcək.

Daha sonra tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi akademik Vaqif Abbasov və professor Əhməd Məhəmməd Əl-Sabah imzalayıblar.

Anlaşmaya əsasən, iki qurum neft-kimya və neft emalı, yüksək molekullu birləşmələr, üzvi sintez, kimyəvi kinetika və kataliz, alternativ yanacaqların tədqiqatı, nano texnologiyalar və digər sahələrdə birgə əməkdaşlıq edəcək, o cümlədən kadrlar hazırlayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.