Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.11.2017 14:23
  • A-
  • A
  • A+

Ölkənin müxtəlif regionlarında əhali radon qazının təhlükələrinə dair maarifləndirilir

Ölkənin müxtəlif regionlarında əhali radon qazının təhlükələrinə dair maarifləndirilir

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri ölkənin müxtəlif regionlarında radon qazının təhlükəsi və onunla mübarizə yollarına dair maarifləndirmə görüşləri keçirib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Şamaxı, İsmayıllı, Masallı və Lerik rayonlarındakı qurumlarında, həmçinin AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində təşkil olunmuş və əhalinin müxtəlif təbəqələrinin iştirak etdiyi görüşlər “Radon və insan sağlamlığı” adlı elmi-kütləvi broşürün təqdimatı əsasında keçirilib.

Tədbirlərdə GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik Əkbər Feyzullayev və Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev məruzələrlə çıxış ediblər.

Mütəxəssislər bildirib ki, Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu, xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yerdədir. GGİ ölkə ərazisində radonun paylanmasının tədqiqinə xarici ölkələrin alimləri ilə birgə 2010-cu ildə başlayıb. İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə aparılmış tədqiqatlar nəticəsində “Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi” tərtib olunub. Radon qazı əsasən dağlıq ərazilərimizdəki bir sıra yaşayış məntəqələrində normadan artıq müəyyən edilib. Tədqiqatların hazırda davam etdirilməsi, bu təbii qazla mübarizə yollarının ictimaiyyətə çatdırılması “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gəlir.

Qeyd olunub ki, “Radon və insan sağlamlığı” elmi-kütləvi broşürü təbii radiasiya, onun mənbələri və radon qazının insan sağlamlığına yaratdığı təhlükələrdən bəhs edir. Bunlardan əlavə, yeni nəşrdə sözügedən təhlükələrin azaldılması və insanların ondan qorunması yolları, həmçinin bu istiqamətdə zəruri əhəmiyyət daşıyan normativ aktlar haqqında da ətraflı məlumat verilir. Broşür Ə.Feyzullayev, Ç.Əliyev, gənc alim Fərəh Mahmudova və Rauf Bağırlının 2010-cu ildən etibarən birgə apardıqları tədqiqatların nəticəsində hazırlanıb.

Kitabça tikinti işləri aparan şirkətlər və fərdi şəxslər, radiasiya təhlükəsizliyi ilə maraqlananlar, xüsusən də radonun yüksək səviyyədə olduğu ərazilərdə yaşayanlar üçün faydalı ola bilər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: