Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin kitabının Almaniyada təqdimatı keçirilib
23.11.2017 09:39
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin kitabının Almaniyada təqdimatı keçirilib

Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq Klubunda AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və Cənubi Qafqazda alman məskənlərinın salınması” adlı kitabının təqdimatı keçirilib.

Mərasimdə Almaniya Bundestaqının nümayəndələri, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Almaniyanın elmi-mədəni, ictimai-siyasi, iqtisadi dairələrinin və KİV-lərinin təmsilçiləri, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək kitabın təqdimatının "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu bildirib.

Sonra çıxış edən Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, səfir Haydrun Tempel AMEA tərəfindən Azərbaycanda alman məskənləri barədə kitabın dərc edilməsini xalqlarımız arasındakı tarixi bağların ictimaiyyətə çatdırılması baxımından təqdirəlayiq hadisə adlandırıb.

Təqdimat mərasimində, həmçinin UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, səfir Elnur Sultanov çıxış edərək kitab haqda məlumat verib. Bildirib ki, Azərbaycanda tarixən alman ailələrinin məskunlaşması ölkəmizdə hökm sürən multikultural mühitin və dini tolerantlığın bir nümunəsi olaraq nəşrdə araşdırılıb. O, kitabın mədəniyyətlərarası dialoqun əsaslarının öyrənilməsi baxımından dəyərli mənbə olduğunu diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: