www.science.az
29.11.2017 16:15

Hüseyn Cavid Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub

Noyabrın 29-da  AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi Kürdəmir şəhər Səyavuş Paşayev adına 6 saylı orta məktəblə birlikdə Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi, görkəmli şair və dramaturq  Hüseyn Cavidin 135-ci ildönümünə həsr olunan tədbir keçirib.

Tədbir “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 oktyabr tarixli Sərəncamına əsasən təşkil olunub.

Əvvəlcə Hüseyn Cavidin “Şeyx Sənan” dramına yazılmış “Kor ərəbin mahnısı” səsləndirilib.

Yubiley tədbirini muzeyin Aran Regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq böyük sənətkar Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb, onun əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, ədəbiyyatımızda mənzum dramaturgiyanın əsasını yaradan böyük sənətkar, eyni zamanda, lirik şeirlər yazıb.

Sonra məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova Cavidlər ailəsinin faciəli taleyindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin diqqəti və qətiyyəti sayəsində Hüseyn Cavidin nəşi uzaq Sibirdən doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib.

Məktəbin direktoru Elmira Şıxəliyeva isə çıxışında böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğunu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağını və tədqiq ediləcəyini söyləyib.

Daha sonra məktəbin şagirdlərindən Lalə Alıyeva, Günay Səlimova, Aysu Babayeva, İlham Əliyev və başqaları ədibin əsərlərindən parçalar söyləyiblər.

Sonda muzeyin direktoru, akademik Rafael Hüseynovun 1982-ci ildə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma Vətənə gətirilməsi ilə bağlı yazdığı ssenari əsasında çəkilmiş “Qayıdış” filmindən kadrlar nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.