www.science.az
01.12.2017 11:57

AMEA-nın prezidenti Əlcəzairdə rəsmi səfərdədir

27-30 noyabr 2017-ci il tarixlərində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.

Nümayəndə heyətinin tərkibinə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev və AMEA Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükə şöbəsinin rəhbəri, Azərbaycanda Ukrayna Elmi-Texnoloji Mərkəzinin direktoru, Yer elmləri üzrə elmlər doktoru Qulam Babayev daxil olub.

Qeyd edək ki, səfərin təşkili, təmin edilməsi və Əlcəzairin elmi-texnoloji təşkilatları ilə əlaqələrin yaradılmasında Azərbaycanın bu ölkədəki səfiri cənab Mahir Əliyev fəal rol oynayıb.

Səfər çərçivəsində akademik Akif Əlizadə Əlcəzair Respublikasının baş naziri cənab Əhməd Ouyaxiya, Əlcəzair Respublikasının Ali Təhsil və Elmi Tədqiqatlar naziri cənab Taxar Hədcər, Əlcəzair Elm və Texnologiya Akademiyasının prezidenti, prof. xanım Malikə Allab-Yaker, Elm və Texnologiya Universitetinin rektoru, professor Səidi Mühəmmədi və həmin universitetin müəllim heyəti ilə görüşüb.

Görüşlərdə, akademik A.Əlizadə Azərbaycanda elm, təhsil və yüksək texnologiyalar sahəsində dövlət siyasəti, AMEA-da həyata keçirilən layihələr və aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verib.

Alim hələ Sovet İttifaqı dövründə azərbaycanlı geoloq və neftçilərlə əlcəzairli alimlər arasında neft və qaz yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əlaqələrin qurulduğunu qeyd edib.

Tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Avropa Birliyinin “Erasmus”, “Horizon-2020” proqramları və digər beynəlxalq meqalayihələri üzrə birgə layihələrin həyata keçirilməsi qərara alınıb.

Həmçinin neft və qaz yataqlarının kəşfiyyatı, riyaziyyat, fizika, kimya, tarix, arxeologiya, seysmologiya, qədim əlyazmaların tədqiqi, informasiya texnologiyaları və bir sıra digər elm sahələrinin prioritet istiqamətləri müzakirə edilib.

Elm və Texnologiya Universitetinin rektoru, professor Səidi Mühəmmədi və həmin ali məktəbin professor heyətilə görüşdə akademik A.Əlizadə gənc yüksəkixtisaslı kadrların hazırlanması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi məqsədilə AMEA-da təşkil olunmuş magistratura pilləsi barədə məlumat verib. O, Əlcəzairin Elm və Texnologiya Universiteti və AMEA arasında doktorant və gənc magistrantların mübadiləsinin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib. AMEA nümayəndə heyəti, həmçinin Əlcəzairin Yüksək Texnologiyaların İnkişaf Mərkəzi və Paraseysmik tədqiqatlar laboratoriyası ilə tanış olub.

Səfər çərçivəsində AMEA və Əlcəzair Elm və Texnologiya Akademiyası arasında elmi və texnoloji əlaqələrin təşkili və genişləndirilməsini nəzərdə tutan memorandum imzalanıb.

AMEA rəhbəri, həmçinin Əlcəzairin milli televiziya və radio yayım şirkətlərinə müsahibə verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.