www.science.az
01.12.2017 14:22

AMEA-da Xalq rəssamı Ömər Eldarovun 90 illik yubileyi qeyd olunub

Dekabrın 1-də AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə görkəmli heykəltəraş, Xalq rəssamı, “Şərəf” və “İstiqlal” ordenli, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keçirildi.

Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq yubilyarın keçdiyi zəngin ömür və yaradıcılıq yolundan bəhs etdi. Bildirdi ki, bütün mənalı ömrü boyu Ömər Eldarov məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın elmi-ədəbi və ictimai-mədəni həyatının fəal iştirakçısı olmuşdur. Məşhur heykəltəraş tərəfindən artıq uzun illərdir ki, respublikamızda peşəkar rəssam və heykəltəraşlıq məktəbi formalaşmışdır. Onun heykəltəraşlıq sahəsində yaratdığı sənət nümunələri dünyanın bir çox muzeylərində layiqli yerini tutub.

Ömər Eldarovun Azərbaycanda düşünən heykəllər qalereyasının müəllifi olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti sənətkarın əsərlərini seyr etdikcə yaratdığı obrazların auralarını duymamağın mümkünsüz olduğunu qeyd etdi. O, bu “canlılığın” zəngin yaradıcılıq təxəyyülünün məhsulu olan “ikinci həyat” verdiyi hər bir qəhrəmanının yaşadığı dövrü və mühiti hərtərəfli öyrənmiş ustad sənətkarın öz tükənməz yaradıcılıq enerjisini daşlara köçürməsindən qaynaqlandığını söylədi.

Akademik İ.Həbibbəyli görkəmli heykəltəraşın kədərin, düşüncənin xeyli dərəcədə fərqli bir obrazını görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın abidəsində yaratdığını diqqətə çatdırdı. Bildirdi ki, həzin kədərin gözəllik və zərifliklə vəhdətdə təcəssüm tapdığı abidə təkcə Zərifə Əliyevanın deyil, ümumiyyətlə, zərifliyin əks olunduğu kamil bir sənət əsəridir.

Ustad sənətkarın yaradıcılığında ümummilli lider Heydər Əliyevin abidələrinin xüsusi yer tutduğunu vurğulayan AMEA-nın vitse-prezidenti qeyd etdi ki, Ö.Eldarov ulu öndərin Naxçıvanda, Bakıda və digər şəhərlərdə ucaldılmış neçə-neçə abidəsinin müəllifidir. Fəxri xiyabanda ümummilli liderin məzarı üzərində ucaldılan abidə kompleksi isə yüksək bədii-estetik keyfiyyətləri yaşadan sənət nümunəsidir. Sənətkar ulu öndərin obrazını Azərbaycan Respublikasının xəritəsi fonunda təsvir etməklə, əslində, əsrarəngiz bir abidə-kompleksin yaradılmasına nail olmuşdur.

AMEA-nın vitse-prezidenti görkəmli sənətkarın fəaliyyətinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini, onun SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatı, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif edildiyini, Heydər Əliyev Mükafatına layiq görüldüyünü diqqətə çatdırdı. O, Ömər Eldarovun 2014-cü ildə Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli mükafatı ilə təltif edildiyini bildirdi.

İ.Həbibbəyli yubilyarı təbrik etdi, ona can sağlığı və zəngin yaradıcılıq fəaliyyətində uğurlar arzuladı.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Görkəmli heykəltaraş, akademik Ömər Eldarov” mövzusunda məruzəsini təqdim etdi. Milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan akademik Ömər Eldarovun zəngin yaradıcılıq yoluna nəzər salan Ə.Salamzadə ustad sənətkarın yaradıcılığında xalqımızın fəlsəfi fikri, yaradıcı təfəkkürünün ən yüksək səviyyədə ifadə edildiyini bildirdi. Qeyd etdi ki, heykəltəraşlıqda psixoloji məqamları ifadə etmək çətin olsa da, Ömər Eldarov obrazları tamaşaçıya böyük müvəffəqiyyətlə təqdim etməyi bacaran nadir sənətkarlardandır.

“Ömər Eldarovun yaradıcılığında obrazların psixoloji aləminin, fərdi keyfiyyətlərinin təcəssümü, kompozisiyanın tamlığı diqqəti xüsusilə cəlb edir” – deyən məruzəçi bildirdi ki, onun görkəmli sənətkar Tokay Məmmədov ilə birgə yaratdığı Məhəmməd Füzulinin abidəsində dərd çəkən, düşünən insan və poetik ruhun vəhdəti öz monumental ifadəsini tapmışdır. Müəllifin dünyaya romantik münasibətinin və yüksək sənətkarlığının ifadəsi olan Natəvanın heykəlində isə müsəlman qadınının, eyni zamanda, lirik şairin, müvafiq dövrün və mühitin vəhdəti böyük məharətlə əks etdirilmişdir. Obrazın zahiri görkəmi, geyimi, barmaqlarının vəziyyəti, bir sözlə sənətkarın gözə çarpdırdığı hər bir şey Natəvanın romantik qəlbini və milli keyfiyyətlərini canlandırmaqdadır.

Elmi sessiyada sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülrəna Mirzənin “Ömər Eldarovun yaradıcılığında memorial abidələr” və memarlıq üzrə fəlsəfə doktoru Fərhad Mollazadənin “Bakının bədii-estetik obrazının formalaşmasında Xalq rəssamı Ömər Eldarovun əsərlərinin rolu” mövzusunda məruzələri dinlənildi.

Tədbirdə digər çıxış edənlər Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında böyük xidmətləri olan Ö.Eldarovun çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışdılar, sənətkarı təbrik etdilər.

Bütün iştirakçılara minnətdarlığını bildirən yubilyar dünyada incəsənətin tarixindən danışdı, Azərbaycanda da bu sənətin dərin köklərə malik olduğunu bildirdi. O, gənc nəsli təsviri incəsənətə maraq göstərməyə çağırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.