Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Fuad Köprülünün “Əlişir Nəvai” risaləsi Azərbaycan dilində nəşr edilib
01.12.2017 11:48
  • A-
  • A
  • A+

Fuad Köprülünün “Əlişir Nəvai” risaləsi Azərbaycan dilində nəşr edilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə professor Fuad Köprülünün “Əlişir Nəvai” risaləsi Nəvai irsinin tədqiqatçısı, filologiya elmləri doktoru Almaz Ülvi tərəfindən dilimizə uyğunlaşdırılaraq nəşr edilib.

Kitabı nəşrə hazırlayan A.Ülvi “Bir neçə söz” adlı qeydində yazır: “Məşhur türk tarixçisi, ədəbiyyatşünası, professoru Fuad Köprülünün “Əlişir Nəvai” risaləsini yenidən nəşr etmək ədibin irsinə ehtiramdan, türk ədəbi dilinin, elmi dilinin bünövrəsi tarixinə müraciətdən irəli gəldi. XX əsr türk elmi fikrinin nəhənglərindən olan Mehmed Fuad Köprülünün Nəvai haqqında düşüncələrinin dəyəri əsas meyarlarımızdan oldu. Fuad Köprülü tədqiqatlarından sonra, özünün də bu risalədə qeyd etdiyi kimi, Türkiyədə Nəvai irsinin təbliği və tədqiqi istiqamətində böyük işlər görüldü.

Naşir qeyd edir ki, Türkiyə ədəbiyyatşünaslığından fərqli olaraq, Azərbaycan ədəbiyyatşünaslığının o dövrü üçün bu tədqiqat yeni deyildi. Əsərin “Biblioqrafiya”sında göründüyü kimi, nə əsrin əvvəllərində Baxçasarayda (1902) Ə.Nəvainin "Mühakimət ül-lüğəteyn” əsərinin kitab şəklində çapından, nə də 1907-1916-cı illər arasında Ə.Həsənzadənin “Dəbistan” və “Diri-lik” dərgilərində davamlı olaraq dərc edilmiş "Təracümi-əhval Əlişir Nəvai" adlı irihəcmli məqalələrindən bəhs edilmir. Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixinin materialları” (1925-ci il nəşri) kitabı “Əlişir Nəvai” adlı elmi məqaləsi ilə açılır.

Alim qeydlərində qeyd edir ki, eləcə də, Özbəkistanda Əlişir Nəvai haqqında ilk elmi tədqiqatlar 1920-ci illərin əvvəllərində milliyyətcə krım-tatar olan Özbəkistanda fəaliyyət göstərən Əbdürrəhman Sədi və Əbdürrauf Fitrət tərəfindən yazılıb. Azərbaycandan Daşkəndə sürgün edilən Maqsud Şeyxzadənin 1930-cu ildə özbəkcə yazdığı ilk elmi məqaləsi Nəvai haqqında olub.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan türkcəsində hazırlayanı, redaktoru filologiya elmləri doktoru Almaz Ülvi, rəyçiləri isə AMEA-nın müxbir üzvü Nüşabə Araslı və filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: