www.science.az
31.03.2014 00:00

Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

Martın 31-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, talanlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc əhalini vəhşicəsinə qətlə yetirdiklərini söyləyib.

G.Baxşəliyeva institutun əməkdaşlarının

Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına həsr olunmuş və tarixi həqiqətləri üzə çıxaran kitablarından danışıb.

Cənubi Azərbaycan tarixi şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Bije şöbədə bu sahədə görülən işlərdən və Cənubi Azərbaycanda ermənilərin törətdikləri soyqırımından söz açıb.

Daha sonra institut əməkdaşlarından tarix üzrə fəlsəfə doktorları Səməd Bayramzadə, Bəşarət Bəşirova, elmi işçi Həsən Səfəri və başqaları çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən danışıblar, institut əməkdaşlarının bu sahədə apardıqları tədqiqatları yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.