www.science.az
04.12.2017 10:15

Qobustan ərazisində aparılmış arxeoloji tədqiqatlardan bəhs edən yeni nəşr

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin “Qobustan: tədqiqatlar və mülahizələr” adlı kitabı nəşr olunub. Azərbaycan, ingilis və rus dillərində üç fəsildən ibarət əsərdə Qobustan ərazisində aparılmış arxeoloji tədqiqatlardan bəhs olunub, daş dövrünə aid petroqliflərin semantik şərhi ilə bağlı irəli sürülmüş mülahizələr təhlil edilib.

Əsərin “Qobustanın tədqiqatlarının bəzi məsələləri: mütəxəssislər və diletantlar” adlı birinci fəslində arxeoloji kompleksdə İ.Cəfərzadə, С.Rüstəmov, F.Muradova və digər mütəxəssislərin tədqiqatları barədə məlumatlar yer alıb, bəzi irəli sürülən mülahizələrin əsassızlığı göstərilib.

“Qobustanın ilk məskunlaşma tarixi: üst paleolit, yoxsa mezolit?” adlı ikinci fəsildə Qobustanın ilkin məskunlaşma tarixi barədə elmi fikirlər təhlil edilib. N.Müseyibli buradakı qayaüstü təsvirlərin, arxeoloji qazıntılardan aşkar edilmiş tapıntıların xüsusiyyətlərinə əsasən Qobustanda ən qədim tarixin son 30 ildə yazıldığı kimi üst paleolit dövrünə deyil, sonrakı erkən mezolit dövrünə aid olması nəticəsinə gəlib.

Əsərin “Qobustanın qayıq təsvirləri” adlı üçüncü fəslində Qobustan və Azərbaycanın digər abidələrindən aşkar edilmiş qayıq təsvirlərinin ümumi səciyyəsi göstərilib. Tədqiqatçı qayıq təsvirlərinin sonluğunda bu günədək yazıldığı kimi Günəşin deyil, əslində müxtəlif heyvanların başlarının rəsm edildiyini bu qayıq təsvirlərinin özünün xüsusiyyətləri və tarixi-xronoloji aspektdə müqayisəli təhlilləri ilə əsaslandırıb.  

Sonuncu fəsildə isə məşhur səyyah Tur Heyerdalın norveçlilərin əcdadlarının Qobustandan Skandinaviyaya miqrasiyası barədə mülahizəsinin tənqidi analizi aparılıb. Müəllif Qobustan kompleksində müasir texnologiyaların istifadəsi ilə arxeoloji tədqiqatların bərpasının zəruriliyini xüsusi vurğulayıb.

Tədqiqat əsəri arxeoloqlar, tarixçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.