Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da yaranmış mənzil problemi ilə bağlı İşlər İdarəsinin növbəti açıqlaması
04.12.2017 10:18
  • A-
  • A
  • A+

AMEA-da yaranmış mənzil problemi ilə bağlı İşlər İdarəsinin növbəti açıqlaması

Son zamanlar olunan çoxsaylı müraciətləri və media yazılarını nəzərə alaraq, AMEA-nın İşlər İdarəsi növbəti açıqlama yayıb.

İdarə tərəfindən əvvəlki verilən açıqlamalara əlavə olaraq bildirilir ki, AMEA ilə “Evrostroy-S” MMC arasında, Akademiyanın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi,12 ünvanında yerləşən yataqxanasının ərazisində, yataqxanada yaşayan əməkdaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə 14 noyabr 2012-ci il tarixli müqavilə bağlanıb.

Müqavilədə podratçı tərəfindən 0,66 ha torpaq sahəsində inşa ediləcək 4 girişli 16 mərtəbəli yaşayış binasından 1 girişli 16 mərtəbəli yaşayış binasının ödənişsiz əsaslarla AMEA-ya ayrılması nəzərdə tutulub.

Bu məsələ ilə bağlı AMEA prezidentinin 16 iyul 2013-cü il tarixli sərəncamı ilə komissiya yaradılıb. Komissiya tərəfindən yataqxanada qeydiyyatda olaraq yaşayan və yaşamayan vətəndaşlar müəyyənləşdirilib, onların yataqxanada yaşamağa qanuni hüquqlarının olub-olmaması araşdırılıb. Əməkdaşlarla görüşlər keçirilib və lazımi sənədlər toplanılıb.

Mənzillərin bölüşdürülməsi məqsədilə AMEA Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli qərarına əsasən, AMEA-nın vitse-prezidentinin rəhbərlik etdiyi yeni komissiya yaradılıb və komissiyaya müvafiq tapşırıqlar verilib. Araşdırma zamanı məlum olub ki, yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə vardır. Onlardan 71 ailə AMEA-da çalışan, 36 ailə isə AMEA-da çalışmayandır. AMEA-da işləyən 71 ailədən 6-sı elmlər doktoru, 45-i isə fəlsəfə doktorudur.

Bundan əlavə, AMEA-da fəaliyyət göstərən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu, lakin boş otaq olmaması səbəbindən orada yaşamadığı müəyyən edilib. Bu əməkdaşlar da mənzil almağa iddialıdırlar. Onlar hesab edirlər ki, uzun illərdir kirayələrdə yaşamaq məcburiyyətində qaldıqlarına görə yataqxanada yaşayanlardan daha çox maddi və mənəvi sarsıntılara məruz qalıblar.

Komissiya tərəfindən yataqxanada yaşayan hər bir AMEA əməkdaşının yaşayış şəraitini və mənzilə olan ehtiyacını təsdiq edən sənədlər toplanılıb. Kənarda yaşayış sahələri olması barədə məlumat daxil olan ailələrin yataqxanadan kənarda yaşadıqları mənzillər yerində, mənzil istismar sahələrinin işçiləri ilə birlikdə araşdırılıb. Yuxarıda qeyd edilən 71 AMEA əməkdaşından 26-sının mənzil almaq hüququnun olması məsələsində problemlər yarandığını təsdiq edən sənədlər və məlumatlar toplanılıb. Qalan 45 ailənin və yataqxanada qeydiyyatı olub yaşamayan, elmi dərəcəsi olan 16 əməkdaşın isə mənzil almaq hüququ olduğu müəyyən edilib.

Məsələnin ciddiliyini nəzərə alaraq, AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli qərarı ilə AMEA-nın vitse-prezidentinin və Azad Həmkarlar İttifaqı sədrinin rəhbərliyi altında yeni tərkibdə, mənzillərin bölüşdürülməsi komissiyası yaradılıb və komissiyaya müvafiq tapşırıqlar verilib.

Mənzillərin bölüşdürülməsi məqsədilə “Evrostroy-S” MMC tərəfindən ayrılmış 54 mənzilin yataqxanada yaşayan və mənzil məsələsində problemi olmayan AMEA-nın əməkdaşlarına təklif edilməsi üçün 5 nəfər komissiya üzvündən ibarət işçi qrupu yaradılıb. Mənzil ayrılması nəzərdə tutulan əməkdaşlara həmin işçi qrupu tərəfindən onların ailə vəziyyəti və elmi dərəcələri nəzərə alınaraq mənzillərin təklif edilməsi nəzərdə tutulub. Bu məsələyə komissiya tərəfindən baxılaraq müvafiq qərar qəbul edilməli və bu qərar təsdiq üçün AMEA Rəyasət Heyətinə təqdim olunmalı idi. Mənzillər təklif edilən əməkdaşların fikrini bilmək isə ona görə lazım idi ki, qərar qəbul edilib təsdiqini tapdıqdan sonra mərtəbələrə görə narazılıq yaranmasın.

Yuxarıdakı bənddə qeyd olunanlar püşkatmaya gələn hər bir qrupa ətraflı izah edilib ki, bu püşkatma mənzil bölgüsü deyil, sadəcə təklif edilən mənzilə onların fikrini öyrənmək üçündür. Bu məsələyə komissiyanın və AMEA Rəyasət Heyətinin iclaslarında baxıldıqdan sonra əməkdaşlar mənzillə təmin olunacaqlar.

Püşkatmada olan təkliflər komissiyanın iclasına təqdim edilənədək yataqxananın digər sakinləri respublikanın dövlət və hökumət orqanlarına, eyni zamanda, AMEA-nın rəhbərliyinə mənzil komissiyasının və digər aidiyyəti işçilərin ünvanına çoxsaylı şikayətlər etməyə başlayıblar. Rəhbərlərin qarşısını kollektiv şəkildə kəsərək komissiya tərəfindən məsələyə düzgün yanaşılmadığını, aidiyyəti olmayan işçilərə mənzil təklif edildiyini, 0,5 ştatla işləyən işçilərə mənzil təklif edilməsinin düzgün olmadığını və digər iradlarını bildirərək məsələyə yenidən baxılmasını tələb ediblər. Yaranan gərginliyi nəzərə alaraq, AMEA-nın rəhbərliyi komissiyanın tərkibini yeniləməyi və məsələyə yenidən baxılmasını qərəra alıb.

Mənzillərin mövcud qanunvericiliyə uyğun və tam obyektiv bölünməsini bir daha təsdiq edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 05 iyul 2017-ci il tarixli qərarı ilə əvvəlki komissiyanın tərkibində dəyişiklik edilib. Yeni komissiyanın üzvlərinə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının, Veteranlar Şurasının üzvləri də əlavə edilib. Eyni zamanda, komissiyanın iclaslarında, AMEA-nın prezidentinin rəsmi müraciətinə əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı və Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ayrılmış nümayəndələrin də iştirakı təmin edilib.

Yeni yaradılmış komissiya tərəfindən mənzil qanunvericiliyinə uyğun olaraq, ilk mərhələdə yataqxanada qeydiyyatda olub yaşayan 45 əməkdaşa, qeydiyyatda olub yaşamayan və elmi dərəcəsi olan 16 əməkdaşa mənzil ayrılması barədə qərar qəbul edilib. AMEA-nın inzibati binasında 06.10.2017-ci il tarixində keçirilən yığıncaqda həmin 61 nəfərə sənədlərin və mənzillərin açarlarının verilməsi məqsədilə tədbir keçirilib və bu barədə məlumat mətbuatda ətraflı işıqlandırılıb. Mənzil bölgüsü zamanı əməkdaşların elmi dərəcəsi, ailə vəziyyəti və ailədə imtiyaz verən digər hallar nəzərə alınıb.

Müraciətlərin çoxluğu ilə əlaqədar hər həftənin çərşənbə axşamı saat 16:00-da komissiya tərəfindən qəbul keçirilir, izahatlar və ilk mərhələdə onlara mənzil ayrılmamasının səbəbləri barədə ətraflı məlumat verilir.

AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış müqavilənin 2.1.1. bəndində qeyd olunur ki, “Binanın yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyəti və onların satış hüququ (Azərbaycan Milli Elmlər Akademiyasına  məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) “Podratçı”ya məxsusdur.”

Həmin müqavilənin 2.1.3. bəndində qeyd edilir ki, “Podratçı” güzəştli satış üçün tərəflər arasında müvafiq razılaşmaya əsasən göstərilən torpaq sahəsində inşa olunacaq mənzillərdən (Azərbaycan Milli Elmlər Akademiyasına  məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) AMEA-nın mənzil hüququ olan əməkdaşlarına onların istəyinə uyğun olaraq əlavə sahə ayırır.”

Odur ki, yuxarıda qeyd edilən bəndlərə əsasən, AMEA-nın yataqxana məsələsi ilə əlaqəsi olmayan xeyli sayda əməkdaşı, o cümlədən də Akademiyanın bəzi rəhbər işçiləri öz maliyyə vəsaiti hesabına, alqı-satqı yolu ilə həmin binalardan mənzillər alıblar. Lakin qeyd edilən müqaviləyə əsasən “Evrostroy-S” MMC tərəfindən həmin binalardan AMEA-ya ayrılacaq mənzillərin sayı az nəzərdə tutulduğuna, AMEA rəhbərliyi ilə “Evrostroy-S” MMC arasında gərginlik yarandığına görə Akademiyanın ərizədə adları qeyd edilən rəhbər işçiləri alqı-satqı qaydasında aldıqları mənzilləri bir neçə il qabaq geri qaytarıblar və ödədikləri maliyyə vəsaitini rəsmi olaraq geri alıblar. O vaxtdan mənzillər həmin əməkdaşların adlarından çıxarılıb və hazırda da onların adlarına “Evrostroy-S” MMC tərəfindən inşa edilən binalarda heç bir mənzil yoxdur.

Komissiyanın növbəti iclasında, problemi olduğuna görə mənzillə təmin edilməyən AMEA əməkdaşlarına mənzil ayrılması məsələsinə təkrar baxılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: