www.science.az
05.12.2017 11:10

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu elmi müəssisənin əməkdaşı Sona Xəyalın tərtib edərək nəşrə hazırladığı və “Ön söz” yazdığı “Bisəvad” təxəllüslü Kərbəlayi Muxtarın “Əsərlər”i və şairin oğlu Əhməd Anatollunun “Əlli il Azərbaycan səhnəsində” kitablarının təqdimat mərasimi olub.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov mədəni-tarixi və elmi-ədəbi irsimizin müxtəlif arxivlərdən toplanıb ərsəyə gəlməsində S.Xəyalın xidmətlərindən danışıb. Alim bu kitabların ilk dəfə çap edildiyini və gələcəkdə ciddi tədqiqat obyekti olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Əzizağa Nəcəfov 100 kitab ərsəyə gətirmiş S.Xəyalın təkcə bu il yeddi kitabının işıq üzü gördüyünü söyləyib. Ə.Nəcəfov müəllifin elmi-tədqiqat istiqamətinin çoxşaxəli olduğunu, ədəbiyyatla yanaşı, tarix, tibb, coğrafiya və başqa sahələri də əhatə etdiyini vurğulayıb. Ə.Anatollunun “Əlli il Azərbaycan səhnəsində” əsərindən danışan Ə.Nəcəfov kitabda böyük aktyor-yazıçının bütün səhnə əsərlərinin, xatirələrinin, şeirlərinin, publisistik yazılarının toplandığını bildirib. Kitabın tədqiqatçılar üçün qiymətli olduğunu vurğulayıb.

Tədbirdə şair-publisist Fəxrəddin Meydanlı, şair Həsən Qulamov, yazıçı Teyyub Qurban, Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin sədri, şair Arif Buzovnalı və digər çıxış edənlər kitabların məziyyətləri haqqında fikirlərini söyləyiblər.

Sonda Ə.Anatollunun nəticəsi Qorxmaz Səfərov kitabların ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.

Qeyd edək ki, hər iki kitab Əlyazmalar İnstitutu elmi şurasının qərarı ilə nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.