www.science.az
05.12.2017 12:13

Aşqarlar Kimyası İnstitutu Türkiyənin İstanbul Texniki Universiteti ilə əlaqələrini genişləndirir

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və institutun ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarov noyabrın 27-dən dekabrın 3-dək Türkiyənin İstanbul Texniki Universitetində elmi ezamiyyətdə olublar. Səfər ötən il qurumlar arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.

Səfər çərçivəsində İstanbul Texniki Universiteti Fənn və Ədəbiyyat Fakültəsi Kimya Bölüm rəhbəri, professor Gurkan Hızal ilə görüş keçirilib, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Azərbaycanlı alimlər universitetin Kimya Bölümü üçün alman mütəxəssisləri tərəfindən yenicə inşa olunmuş, müasir tələblərə cavab verən, ən son cihaz və avadanlıqlarla təchiz olunmuş üzvi, qeyri-üzvi, bioloji, yüksəkmolekullu birləşmələr və fiziki-kimyəvi analitik kimya laboratoriya otaqları ilə tanış olublar.

Tərəflər gələcəkdə əməkdaşlığın əsasən üzvi kimya və bioloji kimya istiqamətlərində genişləndiriləcəyini bildiriblər. Bundan əlavə, institutun gənc mütəxəssislərinin İstanbul Texniki Universitetinin Kimya Bölümündə təcrübə keçmələrinə dair razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.