www.science.az
05.12.2017 12:19

Azərbaycanlı tarixçi alimlər Polşada elmi ezamiyyətdə olublar

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, bu müəssisənin elmi katibi, tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva, şöbə müdiri, tarix üzrə elmlər doktoru Şahin Fərzəliyev və polyak dili üzrə mütəxəssis Nərmin Qafarlı Polşada elmi ezamiyyətdə olublar.

Səfər çərçivəsində alimlərimiz Polşanın Torun şəhərindəki IV Kazimir Yaqellonçik adına liseydə ölkələrimiz arasındakı diplomatik əlaqələrin 545 illiyinə həsr olunan elmi konfransda iştirak ediblər.

Tədbirdə Y.Mahmudov Azərbaycan-Polşa diplomatik əlaqələrinin tarixinin 1472-ci ilə təsadüf etdiyini deyib. Bildirib ki, 1472-ci ildə Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən diplomatik missiya üçün Polşaya nümayəndələr göndərib və azərbaycanlı nümayəndələr Polşa kralı IV Kazimir Yaqellonçiklə diplomatik danışıqlar aparıblar.

Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov bildirib ki, Uzun Həsənin IV Kazimirə göndərdiyi məktublar Krakov şəhərindəki Əlyazmalar Fondunda saxlanılır.

Sonra Torundakı liseydə Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Uzun Həsən və IV Kazimirə həsr edilmiş xatirə lövhəsinin açılışı olub.

Konfransın işində fəallıq göstərənlər mükafatlandırılıblar.

Səfər çərçivəsində tarixçi alimlərimiz Varşavada Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç (1865-1920) və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın (1897-1971) xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Y.Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Varşava Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin nəzdindəki Avropaşünaslıq İnstitutunda, bu ali təhsil ocağının Şərqşünaslıq fakültəsində və Polşa Elmlər Akademiyasının (PEA) Tadeuş Manteyfel adına Tarix İnstitutunda görüşlər keçirib.

AMEA-nın Tarix İnstitutu ilə PEA-nın Tarix İnstitutu arasında əldə edilmiş razılığa əsasən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının, həmçinin Polşanın müstəqilliyinin bərpasının 100 illiyinə həsr olunmuş elmi konfranslar keçiriləcək və əməkdaşlıq müqaviləsi imzalanacaq.

Varşava Universitetinin Şərqşünaslıq fakültəsində təşkil olunan görüşdə Y.Mahmudov “Azərbaycan tarix elmi bu gün” mövzusunda məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarına Azərbaycanın tarixi keçmişi, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları, Ermənistan ərazisinin Azərbaycan torpağı olması və digər məsələlər barədə ətraflı məlumat verib.

Əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğu görüşlərdə Y.Mahmudov Qarabağ, İrəvan, Naxçıvan tarixi və ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları ilə bağlı kitabları Polşa tərəfinə hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.