www.science.az
05.12.2017 16:11

AMEA-nın müxbir üzvü Qərib Calalovun 80 illik yubileyi qeyd olunub

Azərbaycanın görkəmli geoloq alimi, Neft və Qaz İnstitutunun (NQİ) Quyu-lay sistemlərinin hidrodinamikasının nəzəri problemləri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qərib Calalovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Neft və Qaz İnstitutunda baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, bu müəssisənin direktoru, akademik İbrahim Quliyev çıxış edərək alimin yeraltı hidrodinamika, həmçinin neft və qaz yataqlarının işlənməsi sahəsində tanınmış alim olduğunu bildirib. Qeyd edib ki, Q.Calalovun əsas elmi fəaliyyətinin neft-qaz yataqlarının kollektorlarında baş verən süzülmə proseslərinin hidroqazdinamiki modelləşdirilmə üsullarının elmi əsaslarının yaradılmasından ibarət olduğunu vurğulayıb. Akademik, həmçinin alimin karbohidrogen yataqlarının işlənilməsi zamanı süzülmə-tutum parametrlərinin eksperimental üsulla öyrənilməsi istiqamətində də bir çox tədqiqatlar apardığını diqqətə çatdırıb.

Sonra İbrahim Quliyev Rəyasət Heyəti, AMEA-nın Yer Elmləri Bölməsi və NQİ-nin adından görkəmli alimə diplom, xalça və digər hədiyyələr təqdim edib.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanov Q.Calalovun həyat və elmi fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib. O, alimin mühəndis və yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi olduğunu, Q.Calalovun rəhbərliyi altında 1 elmlər, neft və qaz yataqlarının işlənməsi və istismarı üzrə isə 12 fəlsəfə doktorunun hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, alimin səmərəli emi fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və o, “Şöhrət” ordeni və “Əmək veteranı” medalı ilə təltif olunub.

Tədbirdə institutun Neft-qaz sahələrinin iqtisadiyyatı və proqnozlaşdırılması şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Arif Quliyev, müəssisənin Həmkarlar Təşkilatının sədri Nuhbaba Şixiyev, Geologiya və Geofizika İnstitutunun (GGİ) elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, GGİ-nin Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyev və digərləri çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb, onun elmi fəaliyyətindən söz açıblar.

Daha sonra D.Hüseynov GGİ-nin adından alimə diplom və digər hədiyyələr təqdim edib.

Sonda Q.Calalov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.