Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Strateji Yol Xəritəsi: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib
06.12.2017 09:42
  • A-
  • A
  • A+

“Strateji Yol Xəritəsi: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutu və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Strateji Yol Xəritəsi: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.  

AMEA-nın Əsas binasında baş tutan tədbirdə institutun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov çıxış edərək Strateji Yol Xəritəsinin Azərbaycanın yaxın və uzaq gələcəyini müəyyənləşdirən, iqtisadiyyatımızın sərhədlərini aşan böyük bir sənəd olduğunu bildirib. Alim sənədin hazırlanmasında İqtisadiyyat İnstitutunun əməkdaşlarının fəal iştirak etdiyini xatırladıb və nəzərdə tutulan bütün hədəflərin icrasının vacib məsələ olduğunu söyləyib.

Daha sonra o, “Azərbaycan iqtisadiyyatının liberallıq potensialı və Strateji Yol Xəritələrinin əsas vektorları” mövzusunda məruzəsini təqdim edib.

Tədbirdə mərkəzin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar ölkədə yeni iqtisadi modelin əsasını qoyur. O, fiskal siyasətdə yeni fiskal qaydaların, ortamüddətli büdcə xərcləri çərçivəsinin və nəticə əsaslı büdcə prinsipinə keçidin baş verdiyini diqqətə çatdırıb: "Monetar siyasətdə üzən məzənnə rejiminə keçid və bank sektorundakı islahatlar mühüm əhəmiyyət kəsb edir. Beləliklə, fiskal və monetar siyasətin kombinasiyası qurulur. Eyni zamanda biznes mühiti islahatlarının davam etməsi və təşviq layihələrinin həyata keçirilməsi real sektorun canlanmasına istiqamətlənib".

V.Qasımlı yeni iqtisadi modelin qurulmasında insan kapitalının mühüm rol oynadığını, təhsil və elmin inkişafının iqtisadiyyatımızı kadr və innovasiya ilə təmin edəcəyini deyib.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: