Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.12.2017 11:35
  • A-
  • A
  • A+

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işə başlayıb

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işə başlayıb

Dekabrın 6-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) görkəmli riyaziyyatçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Əvvəlcə iştirakçılar A.Hacıyevin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

İkigünlük konfransın açılış mərasimində xarici ölkələrin tanınmış alimləri ilə yanaşı, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan RMİ-nin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov görkəmli alim A.Hacıyevin mənalı ömür yolundan, alimlik zirvəsinə ucalmasından, Azərbaycan elminə göstərdiyi xidmətlərindən danışıb.

A.Hacıyevin respublikamızda müasir riyaziyyat elminin inkişafına verdiyi töhfələrdən söz açan M.Mərdanov alimin bu sahədə elmi məktəb yaratdığını, bütün mənalı ömrünü elmimizin inkişafına həsr etdiyini vurğulayıb. Bildirib ki, akademik A.Hacıyev XX əsrin ikinci yarısında Azərbaycanda yaranan riyaziyyatçılar elmi məktəbinin görkəmli nümayəndələrindən biri idi. Ziyalı ailəsində dünyaya göz açan alim hələ gənc yaşlarından elmə böyük maraq göstərib, zəngin elmi fəaliyyəti ilə Azərbaycan riyaziyyat elminə böyük töhfələr verib, bütün ömrünü bu sahəyə, AMEA-nın inkişafına həsr edib. Akif Hacıyev AMEA-da kiçik elmi işçi vəzifəsindən akademik rütbəsinədək yüksəlib.

Elmimizin inkişafına dair A.Hacıyevlə dəfələrlə müzakirələr apardığını xatırladan institut direktoru diqqətə çatdırıb ki, alimin yetişdirdiyi elmi kadrlar hazırda ölkəmizdə və xaricdə fəaliyyətlərini uğurla davam etdirirlər.

M.Mərdanov vurğulayıb ki, bugünkü konfrans akademik A.Hacıyevin şəxsiyyəti və elmi nüfuzu qarşısında hörmətin təzahürüdür. Azərbaycan riyaziyyat elmi tarixində Akif Hacıyevin özünəməxsus yer tutduğunu deyən M.Mərdanov onun elmi irsinin daim yaşayacağını bildirib.

Tədbirdə AMEA-nın müxbir üzvləri Bilal BilalovVaqif Quliyev, professor Nadir Süleymanov, Türkiyənin Yıldız Texnik Universitetinin dosenti Yusif Zeren, Kırıkkale Universitetinin dosenti Sevgi Esen və başqaları çıxış edərək Akif Hacıyevi sadə və təvazökar insan, böyük riyaziyyatçı kimi xarakterizə edib, alimlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, onun elmi məqalələri, əsərləri, dərslikləri elmimiz üçün əvəzsiz töhfədir.

Çıxışlardan sonra bölmə iclasları başlayıb. "Harmonik və qeyri harmonik analiz", "Funksional analiz", "Həndəsə, topologiya və cəbr", "Yaxınlaşmalar nəzəriyyəsi", "Xüsusi törəməli diferensial tənliklər", "Operatorlar nəzəriyyəsi və spektral analiz", "Tətbiqi analiz", "Bütöv mühit mexanikası", "Optimal idarəetmə problemləri", "Ehtimal nəzəriyyəsi və stoxastik analiz", "Riyazi fizika", "Riyaziyyatın tarixi və tədrisi metodikası" bölmələri üzrə 160-a yaxın məruzə dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: