Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.12.2017 12:36
  • A-
  • A
  • A+

Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib

Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib

Dekabrın 6-da “İslam Həmrəyliyi İli” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək tər güllər düzüb, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dini dözümlülük və həmrəyliyin, milli mənəvi dəyərlərə qayıdışın yaşadığımız dövrün əsas meyarlarından olduğunu bildirib. Qeyd edib ki, mənəvi dəyərləri bərpa etmədən, dini həmrəylik yaratmadan sabitliyə nail olmaq mümkün deyil. Əgər mənəvi dəyərlər bir xalqı birləşdirirsə, dini dəyərlər ölkələri və xalqları birləşdirir.

Ali Məclisin Sədri qeyd edib ki, dini həmrəyliyi yüksək mədəniyyətin göstəricisi kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə mənəvi dəyərləri diqqətdə saxlamışdır. Dini dəyərlərə qayıdışın cəmiyyətin əxlaqi-mənəvi yüksəlişində, xalqımızın bütövlüyü və birliyində mühüm rola malik olduğunu diqqətdə saxlayan ümummilli liderimiz bəyan edirdi ki, “Azərbaycanda nəinki din azadlığı var, həm də müxtəlif dinlərin birlikdə fəaliyyəti mövcuddur”.

Bildirilib ki, müqəddəs kitabımız Qurani-Kərim ümummilli lider Heydər Əliyevin himayəsi, Şeyxülislam hacı Allahşükür Paşazadə Həzrətlərinin və görkəmli ilahiyyatçı alim Vasim Məmmədəliyevin səyləri ilə Azərbaycan dilində kütləvi nəşr edilmişdir.

“Bu gün ölkəmizdə müsəlmanların, xristianların və yəhudilərin bərpa edilərək yenidən istifadəyə verilən məscidlərdə, kilsələrdə və sinaqoqlarda azad şəkildə ibadət etmələri, dini və ya məzhəb ayrı-seçkiliyinin aradan qaldırılması ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında mühüm tarixi missiyasıdır” – deyən Ali Məclisin Sədri hazırda bu missiyanın ölkəmizdə uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, indi Azərbaycan yalnız iqtisadi göstəriciləri ilə deyil, həm də dini dözümlülük və tolerantlıq sahəsində qazandığı nailiyyətlərlə dünyada tanınır və nümunə göstərilir.

Ali Məclisin Sədri Prezident İlham Əliyev tərəfindən elan olunmuş “İslam Həmrəyliyi İli”ndə “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən tədbirin ölkəmizdə möhkəm əsasları yaradılmış dini həmrəyliyə töhfəsini verəcəyinə əminliyini bildirib, konfransın işinə uğurlar arzulayıb.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkəmizdə dini dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini, bütün dinlərə eyni qayğı və diqqətlə yanaşdığını söyləyib. Qeyd edib ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini həmrəylik sahəsində qazanılan nailiyyətlər ulu öndərin ideyalarının bəhrəsidir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də dövlət-din siyasəti uğurla davam etdirilir, dini həmrəylik möhkəmləndirilir. Dövlət başçısının Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması da bu tədbirlərin davamıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfransın Naxçıvanda keçirilməsinin dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı olduğunu vurğulayıb.

Konfransda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlət quruculuğu yolu həm də ölkəmizdə dini-mənəvi dəyərlərin yaşadılmasında yeni mərhələnin əsasını qoyub. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə dinlər arasında qarşılıqlı inam bərpa olunub, məscidlər tikilib, dindarlar üçün hərtərəfli şərait yaradılıb.

AMEA rəhbəri vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər dini dözümlülük və həmrəylik nümunəsidir. Qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvanda da dini dəyərlərə hörmətlə yanaşılır, dini-mədəni abidələr bərpa olunur. Naxçıvan şəhərinin İslam Mədəniyyətinin paytaxtı olması ilə əlaqədar həyata keçirilən tədbirlər, eləcə də bugünkü konfrans bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışında müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin ölkəmizdə dövlət-din münasibətlərinin əsasını qoymaqla bu sahədə sağlam ideologiya yaratdığını diqqətə çatdırıb. Bildirib ki, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, qanunvericilik bazası formalaşdırılıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə multikulturalizmə, dinlərarası dialoqa və həmrəyliyə öz töhfəsini verir.

M.Qurbanlı qeyd edib ki, hazırda ölkəmizdə 2400-dən çox məscid var, 783 dini icma fəaliyyət göstərir, dini məbədlər bərpa olunur. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da bu baxımdan mühüm əhəmiyyət daşıyır.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə Dünya Azərbaycanlılarının həmrəyliyinin əsasını qoyması və müstəqillik illərində ölkəmizdə yaşayan bütün xalqların birliyinin ifadəsi olan azərbaycançılığı dövlətçilik ideologiyası səviyyəsinə qaldırması onun bəşəriyyət qarşısındakı xidmətləridir. Eyni zamanda, dövlət başçısının rəhbərliyi ilə multikulturalizmin, tolerantlığın və dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində görülən işlər ölkəmizdə daxili sabitliyi təmin etməklə yanaşı, həm də bəşəri həmrəyliyə Azərbaycanın verdiyi töhfəni aydın şəkildə ifadə edir.

“Naxçıvanda dini həmrəyliklə bağlı konfransın keçirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki Naxçıvan dünya tufanından sonra bütün dinlərin və xalqların həyatının başlandığı böyük sivilizasiya mərkəzidir”. – deyən AMEA-nın vitse-prezidenti Naxçıvanın həmrəyliyin Şərq və Qərb modellərinin sintezinin ifadə olunduğu bir məkan olduğunu vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Sabir Həsənli çıxış edərək konfransın əhəmiyyətindən bəhs ediblər, müasir dövrdə dini həmrəyliyin aktual məsələ olduğunu vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: