www.science.az
07.12.2017 12:32

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

Dekabrın 7-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçirilib. 

Əvvəlcə rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev seminar haqqında məlumat verib.

Sonra rəsədxananın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Zahir Səmədov “Ulduzların kimyəvi tərkibinin təyininin model üsulu” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi qeyd edib ki, ulduzların model üsulu ilə tədqiqinin birinci mərhələsi onların effektiv temperaturları və ağırlıq qüvvəsi təcilinin təyinidir. Belə ki, effektiv temperatur və ağırlıq qüvvəsinin təcili atmosfer modellərinin bazis parametrləridir. Ulduzun kimyəvi tərkibini təyin etmək üçün uyğun bazis parametrli model seçilir. Model üsulu ilə ulduzların effektiv temperaturları və ağırlıq qüvvəsinin təcili təyin olunur. Bu üsul ulduzların bir sıra fotometrik və spektral xarakteristikalarının müşahidədən ölçülmüş və modellərdən hesablanmış qiymətlərinin müqayisəsinə əsaslanır.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.