www.science.az
07.12.2017 15:15

Belqradda “Şərq və Qərb problematikası kontekstində romantik poeziya” kitabının serb dilinə tərcüməsinin təqdimatı keçirilib

Belqrad Universitetində AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun görkəmli şərqşünas alim Aida İmanquliyevanın yaradıcılığına həsr olunan “Şərq və Qərb problematikası kontekstində romantik poeziya” kitabının serb dilinə tərcüməsinin təqdimatı keçirilib.

Kitabı serb dilinə Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə tərcümə edib.

Tədbirdə çıxış edən professor Z.Əlizadə ərəb ədəbiyyatının Azərbaycanda ilk araşdırmaçılarından olan professor A.İmanquliyevanın yaradıcılığından bəhs edən kitabın Serbiyanın şərqşünas alim və tədqiqatçıları üçün maraq doğuracağına əminliyini bildirib.

Kitabın müəllifi, AMEA-nın müxbir üzvü S.Xəlilov isə çıxışında nəşrin təqdimatının Qərb və Şərqin qovuşduğu Belqrad şəhərində keçirilməsinin təsadüfi olmadığını söyləyib. O, Avropada və Amerikada yaşayan, lakin ruhən şərqli olan və Şərqi gözəl bilən ərəb mühacirlərinin yaradıcılığını tədqiq edən A.İmanquliyevanın araşdırmalarının yeni bir elmi istiqamətin – Şərq və Qərbin inteqrasiyası prosesinin öyrənilməsinə yönləndirildiyini qeyd edib.

Mərasimdə Belqrad Universitetinin professorları Anjelka MitroviçEma Milkoviç və Miryana Marinkoviç çıxış edərək ictimaiyyətə təqdim olunan kitabın Azərbaycan və Serbiya arasında elmi əməkdaşlığa yeni töhfə olduğunu bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.