Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elmin cəfakeşi
08.12.2017 09:17
  • A-
  • A
  • A+

Elmin cəfakeşi

Ömür vəfa etsəydi, bu il dekabrın 8-də görkəmli riyaziyyatçı alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Akif Hacıyevin 80 yaşı tamam olacaqdı. Təəssüf ki, Azərbaycan milli riyaziyyat məktəbinin parlaq nümayəndəsi Akif Hacıyevin yubileyi ilə əlaqədar AMEA-nın Rəyasət Heyəti tərəfindən təşkil olunacaq beynəlxalq konfransı elm ictimaiyyətimiz, həmkarları və tələbələri onsuz keçirməli olacaqlar... 

Akif Cəfər oğlu Hacıyev 1937-ci ildə Bakı şəhərində görkəmli ədəbiyyatşünas-alim, tənqidçi, professor, ictimai-siyasi xadim Cəfər Xəndanın ailəsində dünyaya göz açmışdır. Bu ailədəki zəngin ənənələr, elmi, ziyalı mühiti Akif Hacıyevin gələcək həyat yolunu, bir növ, əvvəlcədən müəyyənləşdirmişdir. Cəfər Xəndan Azərbaycan ədəbi-ictimai fikrində misilsiz xidmətləri ilə yanaşı, həm də Azərbaycan cəmiyyətinə dörd oğul övladı - elmi, ədəbi mühitdə öz dəst-xətti ilə seçilən, hörmət-izzət sahibi olan, sözün əsl mənasında görkəmli şəxsiyyət də bəxş etmişdir: akademik Akif Hacıyevlə yanaşı onun kiçik qardaşları - şair, əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan, Dövlət mükafatı laureatı, professor Namiq Hacıyev və professor Aqil Hacıyev. 

Ədəbiyyatçı ailəsində böyüyüb boya-başa çatan qardaşların həyat yolları sonralar iki fərqli istiqamətdə şaxələnmişdir. Bu yolda ilk cığırı böyük oğul Akif Hacıyev açır. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olur, 1960-cı ildə universiteti bitirərək Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna təyinat alır. Burada o, görkəmli alim, akademik İ.İ.İbrahimovun rəhbərliyi altında işə başlayır, ilk elmi araşdırmalarını aparır. 

1964-cü ildə Akif Hacıyev Azərbaycan Dövlət Universitetinin nəzdindəki Müdafiə Şurasında “Bəzi operatorlar ailələrinin yaxınlaşma xüsusiyyətləri” mövzusunda yazdığı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır. Funksiyaların konstruktiv nəzəriyyəsinin banilərindən hesab olunan akademik S.N.Bernşteynin tələbəsi, dissertasiya üzrə opponentlərdən biri olan məşhur riyaziyyatçı B.A.Rimarenko dissertasiyada alınan nəticələri yüksək dəyərləndirərək qeyd edirdi ki, işdə tətbiq olunan və xətti operatorlar vasitəsilə qurulan ümumi yaxınlaşma üsulu məşhur Bernşteyn-Roqozinski metodunun davamıdır.

XX əsrin yetmişinci illərində istedadlı alim yaxınlaşmalar nəzəriyyəsi sahəsindəki öz tədqiqatlarını davam etdirərək, sonlu parçada kəsilməz funksiyalara yaxınlaşan xətti müsbət operatorlar ardıcıllığının öyrənilməsində mühüm uğurlar qazanmış qeyri-məhdud çoxluqlarda təyin olunmuş kəsilməz funksiyalar sinfində P.P.Korovkin tipli teoremlər isbat etmiş, vahid dairədə analitik olan funksiyalar fəzasında təyin olunmuş xətti operatorların tədqiqi və həmin operatorların approksimativ xassələrinin araşdırılması istiqamətində mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən dəyərli nəticələr əldə etmişdir. Bu illərdə Akif Hacıyevin tədqiqatlarının nəticələri Moskvada nəşr olunan “DAN SSSR”, “Matematiçeskie zametki” və s. kimi nüfuzlu elmi jurnalllarda dərc olunmuşdur. Onun konstruktiv funksiyalar nəzəriyyəsi sahəsində ikiparametrli sinqulyar inteqrallara dair elmi nəticələri dünya miqyasında bir çox tədqiqatçıların, o cümlədən də məşhur Polşa riyaziyyatçısı R.Taberskinin və onun tələbəsi B.Ridzevskanın bu sahədə yeni mühüm nəticələr almasına təkan vermişdir.

Akif Hacıyev çoxdəyişənli tam funksiyalar nəzəriyyəsi sahəsində də dərin tədqiqatlar aparmışdır. Bu istiqamətdə o, əldə etdiyi bir sıra nəticələrlə yanaşı, cüt tərtibdən bircins diferensial polinomlar üçün tam funksiyaların indikatrisası terminlərində Bernşteyn tipli bərabərsizliyi də isbat etmişdir. Onun bu sahədəki tədqiqatları sonralar tələbələri tərəfindən uğurla inkişaf etdirilmişdir.

Alimin məşğul olduğu mühüm elmi istiqamətlərdən biri də çoxölçülü sinqulyar inteqral operatorlar nəzəriyyəsidir. O, çoxölçülü sinqulyar inteqralın simvolu və xarakteristikasının sfera üzrə əlaqəli diferensial xassələrini öyrənmiş və burada da böyük marağa səbəb olan dərin və mürəkkəb elmi nəticələr almışdır. O, sfera üzərində Nikolski-Besov tipli ümumiləşmiş fəzalar qurmuş, bu fəzalar üçün daxilolma teoremləri isbat etmiş, çoxölçülü sinqulyar inteqral operatorların simvollarının hamarlıq xassələri ilə bağlı nəzəriyyəni yaratmış və onun Furye multiplikatorları nəzəriyyəsində tətbiqlərini vermişdir.

Akif Hacıyev SSRİ Elmlər Akademiyasının bu gün də dünya miqyasında ən yüksək reytinqli elmi mərkəzlərdən biri sayılan V.A.Steklov adına Riyaziyyat İnstitutunda 1982-ci ildə “Çoxölçülü bürünmə tipli operatorlar nəzəriyyəsi üzrə tədqiqatlar” mövzusunda dissertasiya işini böyük uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Dissertasiya üzrə opponentlər SSRİ EA-nın müxbir üzvü L.D.Kudryavtsev, Özbəkistan EA-nın akademiki Ş.A.Alimov və professor S.Q.Samko, aparıcı təşkilat isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti olmuşdur. Opponentlərin və aparıcı təşkilatın rəylərində dissertasiya işi yüksək dəyərləndirilmiş, işdə sinqulyar inteqral operatorların simvollarının hamarlıq nəzəriyyəsinin qurulduğu və sinqulyar inteqrallar nəzəriyyəsinin yeni qiymətli nəticələrlə zənginləşdirildiyi qeyd edilmişdir. Təsadüfi deyildir ki, Akif Hacıyevin sinqulyar inteqral operatorlar nəzəriyyəsi sahəsində aldığı mühüm nəticələr görkəmli riyaziyyatçılar S.Q.Mixlin və S.Prössdorfun 1986-cı ildə ABŞ-da çap etdirdikləri “Sinqulyar inteqral operatorlar” kitabına da daxil edilmişdir.

Alim 1982-1989-cu illərdə Furye multiplikatorları sahəsində geniş tədqiqatlar aparmışdır. Həmin illərdə o, rəqs edən multiplikatorlara aid bir çox mühüm nəticələr almış və belə mutiplikatorların Bessel potensialları fəzalarının, eləcə də Hardi fəzalarının multiplikatorları olması üçün dəqiq şərtlər müəyyən etmişdir. 

Ötən əsrin 90-cı illərində Akif Hacıyev potensial tipli inteqralların müxtəlif xassələrinin öyrənilməsi istiqamətində tədqiqatlar apararaq, bir sıra ümumi nəticələrə gəlmiş və Riss potensiallarının kombinasiyalarının kəsilməzlik xassələrinə aid teoremlər isbat etmişdir. Onun bu istiqamətdəki elmi nəticələri bir çox nüfuzlu elmi jurnallarda, o cümlədən Polşada çap olunan “Fuctiones et Approximatio”, eləcə də “Indian Journal of Pure and Applied Mathematics” jurnallarında dərc olunmuşdur.

Akif Hacıyevin ABŞ-da çap olunan “Rocky Mountain Journal of Mathematics” jurnalında 2002-ci ildə dərc etdirdiyi xətti müsbət operatorlar ardıcıllığının statistik yığılmasına həsr olunmuş və mütəxəssislərin rəyinə görə, bu sahədə birinci olan elmi məqaləsi, eləcə də onun özünün və bir sıra tələbələrinin bu istiqamətdə apardıqları araşdırmaların nəticələri tədqiqatçıların böyük marağına səbəb olmuşdur. Son illərdə nüfuzlu elmi jurnallarda dərc olunan bir çox məqalələrdə həmin əsərlərə çoxsaylı istinadlar var. 

2002-2012-ci illər ərzində də görkəmli alim fəal elmi yaradıcılığını davam etdirmiş və yeni dəyərli nəticələr almışdır. Onun müxtəlif funksional fəzalarda sinqulyar inteqral operatorların və potensialların xassələrinin araşdırılması sahəsindəki mühüm elmi tədqiqatlarının nəticələri dünyanın bir çox nüfuzlu elmi jurnallarında, o cümlədən “Journal of Mathematical Inequalities”, “Journal of Function Spaces and Applications”, “Journal of Approximation Theory”, “Central European Journal of Mathematics”, “Applied Mathematics and Computation” və s. kimi elmi jurnallarda dərc olunmuşdur.

1978-ci ildə Akif Hacıyev Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda yeni açılmış Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 1985-ci ildə ona SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə riyazi analiz ixtisası üzrə professor elmi adı verilir və o, 1985-1989-cu illərdə Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən elmlər doktoru dissertasiyalarının müdafiəsi üzrə Müdafiə Şurasının üzvü təyin olunur. 1989-cu ildə isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir.

İstedadlı alimin tədqiqatlarına maraq ölkə sərhədlərini də aşırdı. Çox keçmədən Akif Hacıyev qardaş Türkiyəyə dəvət olunur. O, 1992-1999-cu illərdə elmi-pedaqoji fəaliyyətini Türkiyədə davam etdirir, Ankara Universitetinin professoru vəzifəsində çalışır. 1995-ci ildə həmyerlimizin türkiyəli görkəmli alim H.Hacısalihoğlu ilə birlikdə “Xətti müsbət operatorlar ardıcıllığının yığılması” adlı kitabı çap olunur. Qardaş ölkədə çalışdığı illərdə o, Ankara Universitetinin Riyaziyyat bölməsində “Xətti müsbət operatorlar və yaxınlaşmalar nəzəriyyəsi”, “Harmonik funksiyalar”, “Delta nüvəli inteqral operatorlar”, “Furye çevirmələri” və s. kimi kurslar üzrə mühazirələr oxuyur, magistr və fəlsəfə doktorları hazırlayır. Onun tələbələrinin bir çoxu hazırda Türkiyə universitetlərində çalışır və yüksək nüfuz sahibidirlər.

1999-cu ildən Akif Hacıyev Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirməyə başlayır. Həmin il o, həmçinin Azərbaycan Milli Aviasiya Akademiyasında da Riyaziyyat və mexanika kafedrasının müdiri vəzifəsinə təyin olunur.

2001-ci ildə alim Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilir, akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 2004-cü ildə isə həmçinin Riyaziyyat və Mexanika-İnstitutunun direktoru vəzifəsinə təyin olunur. 

Akif Hacıyev 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika üzrə Ekspert Şurasına, 2005-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasına sədrlik etmişdir. O, “AMEA-nın Məruzələri”, “AMEA-nın Xəbərləri”, “ADPU-nun Xəbərləri” jurnallarının redaksiya heyətlərinin üzvü, “AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktoru olmuşdur.

İstedadlı alim və tədqiqatçı Akif Hacıyev 2010-cu ildən ömrünün sonuna qədər Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti vəzifəsində çalışmış və bütövlükdə respublikada riyaziyyat və mexanika elmlərinin inkişafında, yeni kadrların hazırlanması sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycan Riyaziyyat Cəmiyyətinin xətti ilə nəşr edilən və baş redaktoru olduğu “Azerbaijan Journal of Mathematics” jurnalında bu gün də dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər öz məqalələrini dərc etdirirlər. Cəmiyyətin xətti ilə həmçinin “Selected Works of A.D.Gadjiev covering of 2003-2011” adlı məqalələr toplusu da çapdan çıxmışdır. Qeyd edək ki, Azərbaycan Riyaziyyat Cəmiyyəti tərəfindən dərc olunan “Azerbaijan Journal of Mathematics” jurnalı 2015-ci il dekabrın 22-də Thomson Reuters agentliyinin “Emerging Sources Citation Index” (ESCI) bazasına daxil edilmişdir.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akademik Akif Hacıyevin rəhbərliyi ilə “Harmonik analizin müasir problemləri” adı altında elmi seminar fəaliyyət göstərmiş və həmin seminarda respublikanın müxtəlif elmi müəssisələrində çalışan riyaziyyatçıların aldıqları elmi nəticələr müzakirə olunmuşdur. Ənənəyə sadiq qalaraq bu gün də həmin seminar öz işini davam etdirir.

Akif Hacıyevin əldə etdiyi nəzəri və tətbiqi əhəmiyyətli nəticələr, onun pedaqoji fəaliyyəti, elm təşkilatçısı kimi əvəzsiz xidmətləri, riyaziyyat elminin inkişaf etdirilməsi, Azərbaycan riyaziyyat elminin dünyada tanıdılması və təbliği sahəsində çoxşaxəli, gərgin və məhsuldar əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2005-ci ildə isə əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Elmi erudisiyası, iti təfəkkürü, istedadı, intellekti ilə seçilən, Azərbaycan riyaziyyat elminin və təhsilinin inkişafında, onun zənginləşdirilməsində, tədqiqi, təbliği və tədrisində yorulmadan və fədakarlıqla çalışan, alicənablıq mücəssəməsi olan Akif Hacıyev özünün gərgin zəhməti, işinə və peşəsinə vurğunluğu sayəsində elmin və kamilliyin ən uca zirvəsinə yüksəlmişdir. 

Akademik Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə respublikamızda müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr vermişdir. Onun riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Funksiyalar nəzəriyyəsi sahəsinin yeni biliklərlə zənginləşməsində həmin tədqiqatların əhəmiyyətli rolu var. Alimin riyazi analizin bir sıra sahələrinə dair əldə etdiyi nəticələr xarici ölkələrdə ayrı-ayrı monoqrafiyalarda çap olunaraq yeni araşdırmalara təkan vermişdir.

Azərbaycan milli riyaziyyat məktəbinin yaradıcıları Z.İ.Xəlilov, Ə.İ.Hüseynov və İ.İ.İbrahimov kimi məşhur riyaziyyatçıların layiqli davamçısı olan akademik Akif Hacıyev 210-dan çox elmi əsərin müəllifidir. Onun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda dərc edilən 100-dən artıq elmi nəşrdə və 4 monoqrafiyada öz əksini tapmışdır. Akademik Akif Hacıyevin rəhbərliyi altında Azərbaycanda və Türkiyədə riyaziyyat üzrə onlarla fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır. Mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı dəyərli çıxışları ilə akademik Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Görkəmli riyaziyyatçı alim Akif Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi kimi məsul vəzifələri yerinə yetirdiyi bir vaxtda, 2015-ci il fevralın 3-də ömrünün 78-ci ilində vəfat etdi. Lakin onun işi, əməlləri bu gün də yaşayır. Xatirələrdə isə Akif Hacıyev daim səmimi insan, istedadlı alim, sözün tam mənasında vətənpərvər ziyalı kimi qalacaqdır.

Vaqif Quliyev, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor

"Azərbaycan" qəzeti, 8 dekabr 2017-ci il

 

  • Paylaş: