Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Transformasiyaya uğrayan cəmiyyətdə fəlsəfə və dəyərlər” mövzusunda "dəyirmi masa" keçirilib
22.12.2017 13:55
  • A-
  • A
  • A+

“Transformasiyaya uğrayan cəmiyyətdə fəlsəfə və dəyərlər” mövzusunda "dəyirmi masa" keçirilib

AMEA-nın Fəlsəfə İnstitutunda “Transformasiyaya uğrayan cəmiyyətdə fəlsəfə və dəyərlər” mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbirdə Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Fəlsəfə İnstitutunun direktor müavini Çuy Vayxan, dosenti Çzu Çunmin, elmi işçisi Li Xe, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev və digər şəxslər iştirak ediblər.

İclasda Fəlsəfə İnstitutunun direktoru, f.ü.e.d., professor İlham Məmmədzadə çıxış edərək Azərbaycanla Çin arasında müxtəlif sahələrdə güclü əlaqələrin olduğunu və bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyini bildirib. Alim Azərbaycan və Çin filosoflarının elmi əməkdaşlığının ilk dəfə reallaşdığını və genişləndirilərək davamlı olmasının zəruriliyini vurğulayıb.

Sonra Çuy Vayxan çıxış edərək ÇİEA ilə AMEA arasında 2016-cı ildə əməkdaşlığa dair müqavilənin imzalandığını xatırladıb. Alim səfərlərinin məqsədinin Azərbaycan fəlsəfəsini və mədəniyyətini dərindən öyrənmək olduğunu bildirib. İki qurum arasında birgə mübadilənin aparılmasının vacibliyini söyləyən Ç.Vayxun azərbaycanlı filosofları 2018-ci ildə Çində keçiriləcək Fəlsəfə Konqresinə dəvət edib.

Daha sonra Bilik Fondunun aparat rəhbəri, professir İsaxan Vəliyev çıxış edərək təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, Fond Azərbaycan Respublikası Prezidentinin  7 may 2014-cü il tarixli Sərəncamı ilə yaradılıb. İ.Vəliyev Bilik Fondunun elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, dövlətin daxili və xarici siyasətinin, mədəni quruculuq proseslərinin ictimaiyyətə çatdırılması məqsədi ilə yaradıldığını söyləyib. Fond rəsmisi sözügedən hədəflərə nail olmaq üçün hazırda akademik və professorlardan ibarət 600 mühazirəçini birləşdirdiklərini, onlardan 100 nəfərinin xarici ölkə vətəndaşı olduğunu deyib. O, çinli alimləri Fondun mühazirəçilərinə qoşulmağa dəvət edib.

Tədbirdə Fəlsəfə İnstitutunun baş elmi işçisi, f.ü.e.d. Zümrüd Quluzadənin "XXI əsrdə fəlsəfənin aktual problemləri", f.ü.e.d. Rəfiqə Əzimovanın "Qloballaşma işığında idrak fəlsəfəsi (məsələnin qoyuluşuna görə)", f.ü.e.d., professor Əli Abbasovun "Postmodernizm, aksiologiya və fəlsəfənin gələcəyi", f.ü.e.d., professor Əbülhəsən Abbasovun "Çin meqatrendi: İslahat təcrübəsinin fəlsəfi mahiyyəti", f.ü.e.d Füzuli Qurbanovun "Azərbaycan-Çin: görüş və ağıllı qüvvələrin dialoqu" və f.ü.e.d. Adil Əsədovun "Çin fəlsəfəsi: Səmaaltı Yer və Göy arasında" mövzusunda məruzələri dinlənilib.

Sonda Fəlsəfə İnstitutu ilə ÇİEA-nın Fəlsəfə İnstitutu arasında əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: