Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.12.2017 14:51
  • A-
  • A
  • A+

AMEA-nın Yer Elmləri Bölməsinin iclası keçirilib

AMEA-nın Yer Elmləri Bölməsinin iclası keçirilib

AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmə üzvləri, institut direktorları, elmi işlər üzrə direktor müavinləri və elmi katiblər iştirak ediblər.

İclasda YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək tədbirin Geologiya və Geofizika, Neft və Qaz institutlarının və Təbiət Tarixi Muzeyinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətlərinin yekunlarına həsr olunduğunu bildirib.

Sonra Geologiya və Geofizika İnstitutunun (GGİ) elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov təmsil etdiyi qurumun 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunu haqqında hesabatı təqdim edib. Alim hesabat ilində 4 problem, 10 mövzu üzrə 18 elmi tədqiqat işinin aparıldığını bildirib. D.Hüseynov tədqiqat işlərindən bir qisminin İtaliya Milli Tədqiqat Şurası, ABŞ-ın Miçiqan Universiteti, Fransanın Elmi Tədqiqatlar üzrə Milli Mərkəzi, Fransanın Tuluza Universiteti və digər beynəlxalq təşkilatlar və elmi qurumlarla birgə aparıldığını deyib.

Hesabat dövründə, həmçinin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı", "Azərbaycan 2020 gələcəyə baxış" İnkişaf Konsepsiyası və AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası üzrə Tədbirlər Planı çərçivəsində işlər də həyata keçirilib.

Direktor müavini cari ildə 4 qrant layihəsinin başa çatdırıldığını, 6 layihə üzrə isə işlərin davam etdirildiyini diqqətə çatdırıb. O, GGİ-nin 2017-2018-ci tədris ili üçün magistraturasına 5 ixtisas üzrə 7 nəfərin qəbul olunduğunu, həmçinin elmlər doktoru hazırlığı üzrə 23, fəlsəfə doktoru hazırlığı üzrə isə 17 nəfərin dissertant təhsili aldığını vurğulayıb.

Dadaş Hüseynov hesabat dövründə institut əməkdaşlarının 123 elmi məqaləsinin (45-i xaricdə) dərc olunduğunu bildirib. O, 33 məqalənin impakt faktorlu, 7 məqalənin isə Thomson Reuters bazasına daxil olan jurnallarda çap edildiyini söyləyib.

Alim çıxışının sonunda GGİ-də Strateji Yol Xəritəsi üzrə 13 prioritet istiqamətin müəyyənləşdirildiyini və 2018-ci ildə onların icrasına başlanılacağını deyib.

Daha sonra Neft və Qaz İnstitutunun (NQİ) elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Vaqif Qurbanov təmsil etdiyi qurumun 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunu haqqında hesabatı təqdim edib. Alim hesabat dövründə 3 problem, 7 mövzu üzrə 11 elmi-tədqiqat işinin aparıldığını bildirib.

O, həmçinin "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" və "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar işlərin davam etdirildiyini diqqətə çatdırıb.

V.Qurbanov cari ildə Rusiya Dövlət Neft və Qaz Universiteti, Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universiteti, Yaponiyanın "Mitsubishi Corporation" şirkəti və Qazaxıstanın Manqıstau Humanitar-texniki Universiteti ilə əlaqələrin qurulduğunu və əməkdaşlıq memorandumlarının imzalandığını söyləyib.

O, hesabat ilində NQİ tərəfindən Sanqaçal-Duvanı-Xara-Zirə yatağının məhsuldar horizontlarının mövcud laborator və quyu geofiziki məlumatları əsasında ərazidə kollektorluq xüsusiyyətlərinin dinamikasını əks etdirən 3D petrofiziki modellərin tərtib edildiyini də söyləyib.

Direktor müavini, həmçinin NQİ-nin 2017-2018-ci tədris ili üçün magistraturasına Geologiya ixtisası üzrə 1 nəfərin qəbul olunduğunu qeyd edib.

Alim hesabat dövründə institut əməkdaşlarının 3 kitabının, 48 məqaləsinin, 27 tezisinin çap olunduğunu deyib. O, 21 məqalənin impakt faktorlu, 6 məqalənin Thomson Reuters, 2 məqalənin isə SCOPUS bazasına daxil olan jurnallarda dərc edildiyini diqqətə çatdırıb.

Sonra Təbiət Tarixi Muzeyinin (TTM) rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov təmsil etdiyi qurumun 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunu haqqında hesabatı təqdim edib. O, muzeyin əsas fəaliyyət istiqamətlərinin paleontologiya, arxegeologiya, arxezoologiya, Xəzər suitisinin ekologiyası, təhsil və maarifçilik və TTM-nin kolleksiyalarının zənginləşdirilməsi olduğunu bildirib.

Alim cari ildə muzeydə qazıntı halında tapılan Qırmaki yabanı öküzünün skeletinin bərpa edildiyini, qədim dəniz tısbağasının skeletinin sümüklərinin yığılaraq TTM-də nümayiş etdirildiyini diqqətə çatdırıb.

T.Eybatov hesabat dövründə Mingəçevir su anbarının ətrafında, Bozdağ və Qaraca silsiləsində onurğalı heyvanların yeni növünün tapıldığını, həmçinin çoxlu Cənub filinin, Nəcib maralının, Merki kərkədanının, atın qalıqlarının aşkarlandığını bildirib.

O, eləcə də Binəqədi dördüncü dövr fauna və flora tapıntı yerində il ərzində qazıntı işləri nəticəsində 10 mindən çox onurğalı heyvanların sümüklərinin və onurğasız heyvanların skeletlərinin tapıldığını diqqətə çatdırıb.

Alim cari ildə Xəzər suitisinin qorunması və çoxaldılması istiqamətində də işlərin davam etdirildiyini qeyd edib.

Sonra hesabatlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən medal və diplomla təltif olunmuş şəxslərə mükafatları təqdim olunub. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişliyə Rusiya Təbiət Elmləri Akademiyasının medalı, NQİ-nin bir qrup əməkdaşlarına isə diplomlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: