Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Bilal Bilalovun 55 yaşı tamam olur
02.01.2018 13:35
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Bilal Bilalovun 55 yaşı tamam olur

Yanvar ayının 2-də görkəmli riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Telman oğlu Bilalovun 55 yaşı tamam olur.

Bilal Bilalov 2 yanvar 1963-cü ildə Qazax rayonunun Fərəhli  kəndində anadan olub. 1986-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tətbiqi riyaziyyat fakültəsini bitirib. 1986-1989-cu illərdə MDU-nun əyani aspirantı olub, akademik Y.İ.Moiseyevin rəhbərliyi ilə “Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

O, 1990-1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent işləyib. 1996-cı ildə “Üstlü sistemlərin bazislik xassələri və onların ümumiləşmələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1996-2001-ci illərdə AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. 2001-ci ildən həmin institutun Qeyri-harmonik analiz şöbəsinin müdiridir. 2009-cu ildən riyazi analiz ixtisası üzrə professor, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

B.Bilalovun əsas elmi fəaliyyət sahələri - approksimasiya, bazis, freym, fazzi, operatorların spektral nəzəriyyəsi, analitik funksiyalar üçün sərhəd məsələsi və tanınmanın riyazi metodlarıdır. Bu istiqamətlər üzrə alim tərəfindən bir çox mühüm nəticələr alınıb. Onun differensial operatorların spektral nəzəriyyəsində məlum Kostyuçenko məsələsi tam həll edilib.

O, 200-dən çox elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir. Alimin məqalələri "Proceedings of the American Mathematical Society", "Complex Analysis and Operator Theory", "Journal of Function Spaces and Applications", "Mathematical Notes" və digər "Thomson Reuters" bazasına daxil olan jurnallarda dərc olunub.

B.Bilalovun rəhbərliyi altında 15 fəlsəfə doktoru hazırlanıb.

Elmi nailiyyətlərinə görə o, 2013-cü ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.

Alim Azərbaycan Riyaziyyat Cəmiyyətinin İdarə Heyətinin, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun rəyçisidir.

Riyaziyyatçı alimi 55 yaşı münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmimizin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: