Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb
11.01.2018 08:48
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə institutun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını deyib. Qeyd edib ki, həmin gün xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının qarşısına silahsız çıxaraq əsl fədailik göstəriblər.

Həmin hadisələrin müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən G.Baxşəliyeva bildirib ki, həmin günlərdə xalqımız bir yumruq kimi vahid ideya ətrafında birləşməyi bacarıb.

Sonra institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə “20 Yanvar – azadlıq səngəri” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Bakıda fövqəladə vəziyyət elan olunması, həmçinin SSRİ silahlı qüvvələri tərəfindən həyata keçirilən “Tayfun” əməliyyatı barədə məlumat verib. O, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək doğma xalqı ilə bir yerdə olmasını və faciəyə siyasi qiymət verdiyini xatırladıb.  

Tədbirdə, həmçinin institutun əməkdaşları - siyasət elmləri üzrə elmlər doktoru Ramiz Sevdimalıyev, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəb Rəhimli, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov və digərləri çıxış edərək 20 Yanvar hadisələrinin daima xalqımızın qan yaddaşında qalacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: