Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Subtropik və mülayim iqlim qurşağı meyvə və qərzəkli bitkilərinin yabanı əcdadları” mövzusunda II Beynəlxalq simpozium öz işinə başladı
07.04.2014 00:00
  • A-
  • A
  • A+

“Subtropik və mülayim iqlim qurşağı meyvə və qərzəkli bitkilərinin yabanı əcdadları” mövzusunda II Beynəlxalq simpozium öz işinə başladı

Bu gün AMEA Genetik Ehtiyatlar İnstitutu və Beynəlxalq Bağçılıq Elmləri Cəmiyyətinin (BBEC) birgə təşkilatçılığı ilə “Subtropik və mülayim iqlim qurşağı meyvə və qərzəkli bitkilərinin yabanı əcdadları” mövzusunda II Beynəlxalq simpozium öz işinə başladı.

Simpoziumun açılışında çıxış edən AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov tədbirin əhəmiyyətindən, Azərbaycanda elm və təhsilə göstərilən diqqət və qayğıdan, burada dinləniləcək məruzələrin aktuallığından danışdı.

Azərbaycanda elmin inkişafının dövlət qayğısı ilə əhatə edildiyini söyləyən akademik bildirdi ki, AR Prezidenti İlham Əliyev tərəfindən elm, xüsusən də aqrar elm qarşısında çox mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrin səmərəli icrası üçün elm sahələrinin maddi-texniki bazasının yaxşılaşdırılması ilə yanaşı, müvafiq istiqamətdə fəaliyyətin hərtərəfli canlandırılması, gənclərin bu sahəyə daha intensiv cəlb edilməsi olduqca vacibdir.

Vurğulandı ki, simpozium dünya əhalisinin sağlam qida və təsərrüfat məhsullarına artan tələbatının ödənilməsi və ümumən ərzaq təhlükəsizliyinin təmin edilməsində meyvə bitkilərinin genetik ehtiyatlarından səmərəli istifadə olunması kimi qlobal əhəmiyyətli bir mövzuya həsr olunmuşdur. Simpoziumda son illərdə dünya üzrə meyvə bitkilərinin genetik müxtəlifliyi, xüsusən yabanı əcdadlarının mühafizəsi, toplanması, qiymətləndirilməsi, seleksiyada səmərəli istifadəsi sahələrində aparılmış elmi-tədqiqat işlərinin nəticələri, digər müvafiq fundamental problemlər geniş müzakirə ediləcək.

Tədbirdə Beynəlxalq Bağçılıq Elmləri Cəmiyyətinin bölmə müdiri, tanınmış italiyalı meyvəçi alim Damiano Avanzato təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən söhbət açdı.

Bildirdi ki, könüllülük əsasında yaradılmış BBEC-in hazırda öz sıralarında 7 min insan birləşmişdir. Dünyanın 60-dan çox ölkəsi bu cəmiyyətdə bir araya gəlmişdir: “Ümidvaram ki, Azərbaycan da BBEC-in sıralarına qoşulacaqdır. Bu təşkilat yarandığı 20 il ərzində görkəmli alimlərin tədqiqatları əsasında dünya elminə dəyərli töhfələr verməkdədir. Biz Beynəlxalq Bağçılıq Elmləri Cəmiyyəti olaraq alimlərin bu istiqamətdəki axtarışlarına yüksək qiymət verir və elmi əsərləri kitab və jurnallar vasitəsilə yayırıq. Bakı simpoziumu, şübhəsiz, bu sahədə yeni elmi əsərlərin meydana gəlməsinə təkan verəcək”.

İlk simpoziumun 3 il əvvəl ABŞ-ın Devis Universitetində keçirildiyini diqqətə çatdıran alim qeyd etdi ki, növbəti tədbirə Azərbaycanın ev sahibliyi etməsi olduqca təqdirəlayiqdir.

Damiano Avanzato Beynəlxalq Bağçılıq Elmləri Cəmiyyətinin prezidenti adından bu mötəbər tədbirin təşkilində xidmətlərinə görə Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərova təşəkkürnamə və medalı təqdim etdi.

Simpoziumda çıxış edən Zeynal Əkpərov son illərdə rəhbərlik etdiyi elm müəssisəsində görülmüş işlərdən və əldə olunan nailiyyətlərdən söz açdı.

Simpozium öz işini bölmə iclasında davam etdirdi.

Qeyd edək ki, simpozium aprelin 12-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: