Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.01.2018 12:28
  • A-
  • A
  • A+

"Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik" adlı konfrans keçirilib

"Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik" adlı konfrans keçirilib

AMEA-nın Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik" adlı elmi konfrans keçirilib.

Tədbir AMEA-nın İctimai Elmlər Bölməsi, Fəlsəfə İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə baş tutub.

Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamını xatırladıb. Akademik, həmçinin ölkə başçısı tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunduğunu və bu istiqamətdə AMEA-nın Tədbirlər Planının hazırlandığını bildirib.

İ.Həbibbəyli artıq Tarixİqtisadiyyat institutlarının təşkilatçılıqları ilə AXC-nin 100 illiyinə həsr olunmuş konfransların keçirildiyini söyləyib, cari ildə Gürcüstan, Türkiyə və Fransada tədbirlərin planlaşdırıldığını deyib.

Akademik AXC-nin 100 illiyi ilə əlaqədar Astanada yerləşən Beynəlxalq Türk Akademiyası tərəfindən məqalələr toplusunun dərc olunacağını diqqətə çatdırıb. Qeyd edib ki, topluda azərbaycanlı alimlərlə yanaşı, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan mütəxəssislərin məqalələri də yer alacaq.

AMEA-nın vitse-prezidenti AXC-nin 100 illiyinin qeyd olunmasının ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edəcəyini vurğulayıb.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova isə çıxışında AXC-nin yarandığı siyasi şəraitdən danışıb. Akademik Birinci Dünya Müharibəsindən sonra çar Rusiyasının zəiflədiyini və xalqların müstəqillik tələbi ilə çıxış etməyə başladıqlarını söyləyib. N.Axundova belə bir şəraitdə müsəlman şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlətin - AXC-nin yarandığını və 23 aylıq qısa bir dövr ərzində köklü islahatlara imza atdığını, sosial, iqtisadi, təhsil və digər sahələrdə nailiyyətlər əldə etdiyini deyib.

O, Azərbaycan Respublikasının AXC-nin mənəvi, hüquqi varisi olduğunu bildirib və alimlərimizin bu dövrlə bağlı aşkarlanmayan faktları üzə çıxarmalarının zəruriliyini vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev AXC-nin fəaliyyətinin hüquqi aspektlərinə toxunub. O, AXC dövründə parlamentin yaradıldığını və ölkədə respublika idarəçilik formasının seçildiyini bildirib. İ.Vəliyev bundan əlavə, ölkədə ilk dəfə Avropa tipli ümumtəhsil ocağının açıldığını, dövlətin rəsmi atributlarının müəyyənləşdirildiyini, qonşu və digər dövlətlərlə əlaqələrin qurulduğunu söyləyib.

Sonra Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə çıxış edərək rəhbərlik etdiyi müəssisədə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatların aparıldığını diqqətə çatdırıb. O, AXC-nin 100 illiyi ilə əlaqədar silsilə tədbirlərin davam etdiriləcəyini söyləyib.

Daha sonra konfransda f.ü.f.d, dos. Eynulla Mədətlinin "Heydər Əliyevin siyasi irsində Azərbaycan Xalq Cümhuriyyətinə münasibət və varislik məsələsi", AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin "Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs üçlüyü: Millət, Qərb mədəniyyəti və İman", f.ü.f.d, dos. Faiq Ələkbərlinin "Azərbaycan Milli ideyasının təcəssümü: Azərbaycan Cümhuriyyəti" adlı məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: