Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

100 yaşlı Qara Qarayev
06.02.2018 11:59
  • A-
  • A
  • A+

100 yaşlı Qara Qarayev

Bugünlərdə gözüm önündən Qara Qarayevlə neçə-neçə görüşlər, söhbətlər, telefon danışıqları kino lenti kimi keçir. Bəstəkarla son görüş bütün dəqiqliyi ilə xəyalımda canlanır. 

1981-ci il iyunun 17-si... Moskva, Trexprudnı döngəsi, ev 11/13, mənzil 114. Qarayevin iş otağı, iş masası ilə royalın arasında divarda parlayan “günəş” yadıma düşür. Bu “günəşi” bəstəkar özü müxtəlif əlvan nişanlardan düzəltmişdi. Elə bil göydəki günəşin bir parçası qırılıb bu otağa, bu divara həkk olunmuşdu. “Günəşin” şüaları altında mən akademiyanın musiqi şöbəsinin hazırladığı Üzeyir Hacıbəylinin  “Leyli və Məcnun” operasının partiturasını Qarayevə göstərirəm. O, partituranı vərəqləyir. Üzeyir aləminə dalırıq. Qarayev bəzi qeydlər etdikcə “dahiyanə musiqidir, ölməz musiqidir” - deyirdi.

Yadımdadır, partitura haqqında belə ifadə işlətdi: “Çox ağ partituradır”. Mən istədim etiraz edib deyəm ki, axı bu müasir musiqi partiturası deyil, “Leyli və Məcnun”dur. Amma susdum. Qara müəllim özü gözəl bilirdi ki, bu onun sevdiyi və qiymətləndirdiyi “Leyli və Məcnun” operasıdır. O, “Leyli və Məcnun”u musiqimizin “memorial dəyərli” əsəri adlandırırdı. Sonra birinci cildin musiqi redaktoru bəstəkar Nazim Əliverdibəyova kiçik bir məktub yazıb müəyyən yerlərdə nəfəsli alətlərdə ştrixlərin, nüansların və artikulyasiyanın dəqiqləşdirilməsini məsləhət gördü. Mən bu məktubu Nazim müəllimə çatdırdım. O, məktubu oxuyub Qarayevin qeydlərini sözsüz qəbul etdi və göstərişlərini yerinə yetirdi. “Leyli və Məcnun”un partiturasının çapa getməsinə razılığını verəndən sonra, Qarayevin dediyi sözlər mənim xatirimdən heç vaxt çıxmır. O, etiraf etdi ki, bəzi şəxslər bu nəşrin gecikməsində məni çox günahlandırmışlar. Guya mən onun həyata keçməsini istəmirəm, yubadıram, bu ağ yalandır. Axı, bu böyük işi mən yox, Akademiyanın əməkdaşları görməli idi.

Artıq Akademiyanın “Musiqi tarixi və nəzəriyyəsi” şöbəsinin hazırladığı bu nəşrin beş kitabdan ibarət üç cildi çapdan çıxmışdır. Birinci iki cild “Leyli və Məcnun” operasının partiturası və klaviridir, üçüncü cild “Koroğlu” operasının partiturasıdır.

Ümumiyyətlə, elmə mənə ilk vəsiqəni Qara Qarayev vermişdir. Aspiranturaya daxil olarkən, ixtisasdan imtahanı qəbul edən komissiyanın sədri Qara Qarayev olmuşdu. Mənim namizədlik dissertasiyamın avtoreferatıma ilk rəyi Qara müəllim yazmışdı. Avtoreferatla tanış olduqdan sonra o, işlə maraqlanıb dissertasiyanın özünü istəmişdi. Yadımdadır, oğlu Fərəc ilə işi Qara müəllimə göndərmişdim.

1973-cü ildə isə Moskvada “Sovetski kompozitor” nəşriyyatmda çıxan “Üzeyir Hacıbəyovun musiqi-estetik görüşləri” adlı ilk kitabıma ön sözü də Qara Qarayev yazmışdır. Ona görə mən Qara müəllimə həmişə minnətdaram. Bu yazının əlyazmasını isə qiymətli bir sənəd kimi arxivimdə saxlayıram.

İllər boyu bəstəkarın humanist ideyalar aşılayan, yüksək ideallar tərənnüm edən hərarətli, emosional musiqisi ilə yanaşı, alovlu publisistikası - məqalələri, məruzələri, çıxışları hamının diqqətini cəlb etmiş, Sovet musiqisinin, musiqi elminin inkişafına öz təsirini göstərmişdir.          

İndi artıq Qarayev musiqisini dinləmək, eşitmək daxili bir tələbatımıza çevrilib, istər bəstəkarın  fortepiano pyesi olsun, istər - “Çılğın Qaskoniyalı” müzikli, “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürləri, Üçüncü simfoniyası...

Qara Qarayevin bütün yaradıcılığına xas olan mühüm bir cəhət vardır. Azərbaycan musiqisi ənənələrinə əsaslanan bəstəkar dünya musiqisinin son nailiyyətlərini də üzvi surətdə mənimsəmişdir. Elə Qarayev əsərlərinin bütün dünyada məşhur olmasının və müxtəlif  xalqların qəlbinə  yol tapmasının əsas səbəblərindən biri də budur. Qarayevin musiqisi sözün yüksək mənasında beynəlmiləl keyfiyyət daşıyan bir sənətdir. Bəstəkar hətta seçdiyi ədəbi mövzular cəhətdən də yalnız milli ədəbiyyatımızla məhdudlaşmır. O, Nizami, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Şekspir və Servantes, Puşkin və Ömər Xəyyam, Lermontov və Lope de Veqa obrazlarına müraciət etmiş, Nazim, Hikmət, Lenqston Hyuz,Vsevolod Vişnevski, Piter Abrahams kimi iyirminci əsr dünya sənətkarlarının əsərlərindən ilhamlanmışdır.

Bəstəkarın yaradıcılıq coğrafiyası da genişdir. Afrikadan Vyetnama qədər müxtəlif xalqların musiqi folkloru Qarayevin yaradıcılıq süzgəcindən keçib yeni keyfiyyət kəsb etmişdir. Puşkin qeyd edirdi ki, Şekspir kimdən yazırsa yazsın, Danimarka şahzadəsi Hamletdənmi, zənci Otellodanmı, italiyalı Romeo və Cülyettadanmı, hər əsərində o, ingilis olaraq qalır. Musiqidə də belədir.

Qarayevin müxtəlif xalqların həyatını əks etdirən, müxtəlif millətlərin musiqi folkloruna əsaslanan əsərlərini dinlədikdə  belə biz onların məhz Azərbaycan bəstəkarı tərəfindən duyulub yazıldığını deyə bilərik. Bu cəhətdən biz bəstəkarın “İldırımlı yollarla” baletinin musiqisini, “Alban” rapsodiyasını, “Vyetnam” süitasını, “Don Kixot” simfonik lövhələrini, bir sıra dram əsərlərinə və kino filmlərinə yazdığı musiqini misal gətirə bilərik. Bəstəkar özü də bu barədə belə yazırdı: “Bəzən yaradıcılıqda milli ənənələr sövqi təbii meydana çıxır. Mən ispan, bolqar, vyetnam mövzuları əsasında musiqi yazıram. Mənə isə deyirlər ki, bu əsərlərdə mənim milliyyətimin, mənim Azərbaycan əllərimin izi qalır. Mən bunun  necə baş verdiyini aydınlaşdıra bilmirəm və bu barədə heç düşünmürəm.  Hər bir böyük sənətkar kimi  Qarayevin yaradıcılığında da millilik özünəməxsus bir formada təzahür edir. İlk iri həcmli əsəri  “Ürək mahnısı” kantatasında, “Leyli və Məcnun” simfonik poemasında, C. Hacıyevlə yazdığı “Vətən” operasında, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletində biz onun musiqisinin milliliyini aydın surətdə hiss etdiyimiz kimi, son illər yazdığı 3- cü simfoniyasında, skripka və orkestr üçün konsertində, fortepiano üçün yazdığı prelüdlərin son dəftərində və 12 fuqada da bunu duyuruq.  Bu əsərlərdə millilik müxtəlif şəkillərdə ifadə olunub ki, bu da təbiidir.   Millilik özü dəyişməz bir keyfiyyət deyil, eyni bir bəstəkarın müxtəlif yaradıcılıq mərhələlərində də inkişaf edir, dəyişir. Məsələn, bəstəkarın simfonik yaradıcılığının son bəhrəsi olan Üçüncü simfoniya belə əsərlərdəndir. Üçüncü simfoniya 1965-ci ildə  yazılmış və ilk dəfə Moskvada böyük müvəffəqiyyətlə ifa olunmuşdur. Simfoniyanın mərkəzində dayanan obraz Azərbaycan  milli xarakterinin müasir  mərhələsini əks etdirir. Xalqların azadlıq uğrunda mübarizəsi, müasir dünyanın yaraları - Xirosima və Osvensim, uzaq məmləkətlərin faciəsi, kosmosun fəthi, bir sözlə atom əsrinin bütün təzadları onu düşündürür.

Bir ağız Osvensim fəryadı,

Bir tutam yaslı bulud.

Sonra günəşin addım səsləri,

Sonra tufanqabağı sükut.

Dalğaların parçalanması,

Qayaların ovulması,

Bir də Dədə Qorqud.

Sonra Kərəm yanğısı,

Sonra çilik-çilik sınan su,

Tanış-çiçək qoxusu,

Doğma yurd.

Sonra da sual;

Saçları qarışmış dünyamızı 

Raket ucları darayacaqmı,

Yoxsa kotanın dişləri?

Sonra Rodenin fikirli insanı,

Nigarançılıq.

Sonra da sonuncu akkord - Ümid!

Fikrət Sadığın Üçüncü simfoniyaya həsr etdiyi bu şeirində həmin hisslər gözəl verilmişdir. Belə mürəkkəb müasir insan obrazını yaratmaq üçün asan, keçilmiş yollarla irəliləmək mümkün deyildi. Sənətkarın musiqi dilindəki mürəkkəblik də məhz məzmunun xarakterindən doğurdu. Bəstəkar ən müasir vasitələrdən də məzmuna müvafiq olanları seçmiş, ən qəliz səslənmələrdən qorxmamışdır.

Çox maraqlı və səciyyəvi haldır ki, bəstəkarın son əsərlərini eşidən Qərb musiqiçiləri dəfələrlə etiraf etmişlər ki, Qarayevin bu əsərləri Qərb “Seriyaçılar”nın əsərlərinə heç bənzəmir. Bu da təbiidir, çünki dodekafoniya bəstəkar üçün heç vaxt bir məqsəd rolunu oynamamış, yalnız texniki vasitə olmuşdur. Elə ona görə son səhnə əsəri olan “Çılğın Qaskoniyalı” müziklində bəstəkar artıq bu vasitədən, üsuldan istifadə etməmişdir. Bütün əsər bir tonallıqda yazılmışdır.

Qara Qarayev yaradıcılığına 1937-ci ildə fortepiano üçün yazdığı “Tsarskoye selo heykəli” adlı musiqi pyesi ilə başlamışdır. Bu pyesin taleyi uğurlu olmuş,pianoçuların sevimli əsərlərindən birinə çevrilmişdir. Bu musiqi lövhəsi böyük ruş şairi.A.S.Puşkinin ölümünün 100 illiyinə həsr edilmişdir. Pyesdəki obrazlar rəngarəngdir, qabarıqdır, harmonik cəhətdən əlvandır, impressionist çalarlarla diqqəti cəlb edir. Bu əsər ilk dəfə müəllifin ifasında Puşkinə həsr edilmiş yubiley konsertində səslənmişdir. Qarayev yaradıcılığının müxtəlif dövrlərində fortepiano üçün əsərlər yaratmışdır. Onun 12 fuqası da 1981-ci  ildə bu alət üçün yazılmışdır.

Fortepiano əsərləri arasında 24 prelüd xüsusi əhəmiyyət kəsb etmişdir. Bu üslubda Qarayev prelüd janrının yaradıcısı dahi Şopenin ənənələrini davam etdirir. Tsikl dörd dəftərdən ibarətdir və hər dəftərdə altı prelüd cəmlənmişdir. Hər dəftər tsiklin bitmiş bir hissəsi kimi qəbul olunur və həm də bütün tsiklin bir mərhələsi  sayılır. Bu əsərin müəyyən proqramı yoxdur, lakin hər dəftər, hətta prelüd müəyyən bir obrazı təsvir edir. Prelüdlər bir-birilə təzadlıq əsasında qurulmuşdur. Birinci dəftərdə əsasən janr-məişət obrazları təsvir edilmiş, ikinci dəftərə lirik, dramatik, patetik hisslər xasdır. Axırıncı iki dəftərdəki prelüdlər dərin psixologizmi və fəlsəfiliyilə fərqlənir. Bu prelüdlərdə emosionallıq, gərginlik artır, musiqi dilində mürəkkəblik və polifoniklik çoxalır. Maraqlıdır ki, hər dəftərdəki prelüdlərlə bəstəkarın həmin dövrdə yazdığı digər janrlarda olan əsərləri arasında bir yaxınlıq, ümumilik duyulur. Məsələn, ikinci dəftərdəki prelüdlərin “Yeddi gözəl” baletinin obrazları və diliylə, üçüncü dəftərdəki prelüdlərin “İldırımlı yollarla” baletinin musiqisiylə, dördüncü dəftərdəki prelüdlərin isə bəstəkarın son illərdə yazdığı əsərləri ilə yaxınlığı hiss olunur. Bütün tsikl üçün əlvanlıq, polifoniklik, ritmik orijinallıq xasdır.

Qara Qarayevin yaradıcılığının mərkəzində onun iki parlaq əsəri -: “Yeddi gözəl” və “İldırımlı yollarla”  baletləri durur. Qarayev yaradıcılığını bu musiqisiz, bu əsərlərsiz təsəvvür etmək qeyri-mümkündür. Yüksək humanizmlə, böyük ideyalarla aşılanmış bu baletlər sovet musiqi xoreoqrafik sənətində yeni səhifə açmış ve ümumdünya şöhrəti qazanmışdır. Qarayev bu əsərlərdə klassik balet ənənələrini müvəffəqiyyətlə davam etdirmişdir.

“Yeddi gözəl” baletində Qarayev Azərbaycan ədəbiyyatının klassik irsinə, dahi Nizaminin humanist ideya və obrazlarına müraciət etmişdir. Baletdə Nizaminin eyni adlı poemasının süjet fabulası deyil, şairin yaradıcılığının əsas istiqamətverici mövzusu, əxlaqi-etik mövzusu götürülmüş və ön plana çəkilmişdir. Ümumiyyətlə, Nizaminin humanist ideyaları və obrazları onu dəfələrlə özünə cəlb etmişdir. Bəstəkarın məşhur “Leyli və Məcnun” simfonik poemasını göstərmək kifayətdir.

Qarayevin “Yeddi gözəl” baletinin musiqisində Nizami yaradıcılığının istiqamətverici əxlaqi-etik mövzusu böyük emosional qüvvə və psixoloji dəqiqliklə səslənmişdir. Parlaq teatral musiqi, relyef obrazlar, dramaturji konfliktin simfonik üsulla açılması, həyəcanlı musiqi xoreoqrafik faciənin əsas cəhətləridir. Baletin musiqisi əsl milli musiqidir, bəstəkar xalq musiqisinin xüsusiyyətlərindən geniş istifadə etmişdir. Baletin bir çox obrazları, xalq, Bəhram, onun qulluqçuları, Mənzər, yeddi gözəl leytmotiv sistemilə xarakterizə edilmişdir. Xalqın nümayəndəsi Ayişənin Bəhram şaha olan yüksək məhəbbəti, onun faciəsi baletin əsas lirik xəttidir. Ayişə ilə bağlı olan musiqi parçaları baletin ən gözəl, valehedici səhifələridir. Balet 1952-ci ildə Bakıda böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdu, sonra 1959-cu ildə Moskvada keçirilən Azərbaycan dekadasında onun yeni tamaşası verilmişdi. Bəstəkarın 60 illik yubileyi zamanı da baletin yeni quruluşu hazırlanmışdır. Hazırda “Yeddi gözəl” film-baleti çəkilmişdir.

Bu baletdən sonra Qarayev bir sıra kino filmlərə və dram əsərlərinə musiqi yazmışdır. Bunlardan “Xəzər dənizçiləri haqda dastan”, “Vyetnam” sənədli kino filmlərinə, V.Şekspirin Əzizbəyov adına Azərbaycan dram teatrında qoyulmuş “Qış nağılı”na və Nazim Hikmətin Moskvanın Yermolova dram teatrında oynanılan “Qəribə adam” pyesinə və s. göstərmək olar. Bu əsərlər arasında V.Vişnevskinin “Nikbin faciə” pyesinə yazdığı musiqi xüsusilə diqqətə layiqdir. Qarayevin musiqisiylə bu pyes 1955-ci ildə Puşkin adına Leninqrad Akademik Dram Teatrının səhnəsində qoyul-muşdur. Tamaşa böyük müvəffəqiyyət qazanmış və bir çox teatr səhnələrində, o cümlədən, xaricdə oynanılmışdır (quruluşçu rejissor - Tovstonoqovdur). Bu müvəffəqiyyətdə Qarayevin böyük rolu vardır. Çünki bəstəkarın musiqisi tamaşanın ayrılmaz hissəsini təşkil edir. Bu musiqisiz həmin tamaşanı təsəvvür etmək mümkün deyil.

Qarayevin “İldırımlı yollarla” baletinin gözəl, lirik, ilhamlı musiqisini dinlədikdə Abrahamsın bu sözləri yada düşür: “övladlar, bizim zəmanəmizin nəğməsini oxuyun, nifrət, müharibə haqqında deyil, məhəbbət haqqında oxuyun!”

Bəstəkar bu sözləri baletə epiqraf seçərək əsərin girişində metso-sopranonun ifasında səsləndirir. Bu əsərin təsir qüvvəsinin sirri  Qarayevin müəllimi D.Şostakoviç bəstəkarın gerçəkliyi həssas  duymasında, bizim zəmanənin yüksək humanist ideyasını, xalqların azadlığı və səadəti ideyasını ehtirasla təsdiq etməsində görürdü, “İldırımlı yollarla”  baleti, sözün əsl mənasında, novator əsərdir. Novatorluq yalnız mövzunun müasirliyində, aktuallığında deyil, bu mövzunun musiqidə necə şərh edilməsində, açılmasındadır. Qarayev uzun müddət Afrika xalqlarının musiqi folklorunu öyrənmiş, mənimsəmişdi. O, heç bir sitat gətirmədən baleti musiqinin xarakter  intonasiya və ritmləriylə zənginləşdirmişdi. Bəstəkar xoreoqrafik sənətin mühüm xüsusiyyətlərini saxlayaraq, bu musiqi əsasında geniş simfonik formalar, ümumiləşdirmələr yaratmağa müvəffəq olmuşdur. “İldırımlı yollarla”  baletindən sonra Qara Qarayev bir sıra kino- filmlər və dram əsərlərinə parlaq musiqi yaratmışdır. “Tarixin dərsi” , “Bir məhəlləli iki oğlan”,  “Don Kixot”:, “Uzaq sahillərdə”, “Xəzəri fəth edənlər” kimi filmlərə, Leninqradın Puşkin adına Dram Teatrı üçün M.Bulqakovun “Qaçış” pyesinə və  Bakının Səməd Vurğun adına Rus Dram Teatrı üçün M.Lermontovun “Maskarad” dramına musiqi yazmışdır. Qarayevin kinofilmlərə və dram əsərlərinə yazdığı musiqi və əsərlərdə o, müşayiətçi kimi deyil, əsərlərin ideyasnın, ruhunun, obrazlarının açıb göstərilməsində əsas vasitəçi kimi çıxış edir. Elə bil Qarayev həmin ideya ilə, obrazların həyəcanı, əhval-ruhiyyəsiylə yaşayır. Bu cəhətlər rejissor Kozintsevin çəkdiyi “Don Kixot” filminə yazdığı musiqidə xüsusilə özünü büruzə vermişdir. Filmin rejissoru Kozintsevin Qarayevə göndərdiyi məktub bu cəhətdən maraqlıdır. O yazır: “Dünən bizdə televizorla “Don Kixot”u, göstərirdilər. Mən bu yolla öz filmlərimə baxmağı xoşlamıram və ümumiyyətlə, köhnə filmlərimə baxmağı çox da sevmirəm. Ekranda artıq sağ olmayan çoxlu adam. Filmlər bəzi səbəblər üzündən bitməmiş görünür. Lakin bu səfər axıradək otaqdan getmək istəmədim. Səbəbi də ən çox sizin musiqiniz idi. Mən əvvəl də onu xoşlardım.  Artıq çox illər keçmişdi, indi o mənə daha gözəl göründü. Siz öz musiqinizdə romanın əsl mahiyyətini qəribə bir güclə və dəqiqliklə duymusuz. Bundan yaxşı heç bir şey düşünmək olmazdı. Yəqin ki, bu, daxilinizdən gələn nə iləsə uyuşub, yoxsa bu cür yaratmaq mümkün olmazdı”. Qarayev sonralar da bu musiqi üzərində işləmiş və məşhur “Don Kixot” simfonik qravürlərini yazmışdır.

Son illərdə Qarayev oğlu bəstəkar Fərəc Qarayevlə birlikdə məşhur ispan rəssamı Qoyyanın həyatına həsr edilmiş filmə musiqi yazmışdır. Yenə digər xalqın musiqi folkloru, onun öyrənilməsi,mənimsənilməsi və yaradıcılıq süzgəcindən keçirilməsi!

Qara Qarayevin yaradıcılığında vətən mövzusu bir sıra əsərlərin özəyini təşkil etmişdir. İkinci simfoniya, C.Hacıyevlə yazdığı “Vətən” operası “Ürək mahnısı'” kantatası, “Bizim partiya”, “Səadət” mahnısı,  “Azərbaycan” süitası belə əsərlərdəndir.

1988-ci ildə “Elm” nəşriyyatında çap olunan “Qara Qarayev. Elmi publisistik irs” adlı kitabın tərtibçisi, ön sözün və şərhlərin müəllifı kimi, mən qeyd etmək istərdim ki, bu kitabda alimin 1938-1988-ci illər ərzində qırx illik elmi-publisistik fəaliyyəti, müəyyən ixtisarlarla öz əksini tapmışdır. Olunan bu ixtisarlar isə alimin özünün istəyi və razılığı ilə edilmişdir.

Yadımdadır, mən Qarayevin bir çıxışını və hansısa məqaləsini nə Bakıda, nə də Moskvada, hətta məşhur Lenin kitabxanasında tapa bilmədim. Ona görə bəstəkarın özünə müraciət edib ondan bu materialları, heç olmasa bir-iki günə, mənə verməsini xahiş etdim. Məni təəccübləndirən Qara müəllimin cavabı oldu. O, dedi ki, özündə heç bir çıxışını, məqaləsini, məruzəsini saxlamır. Ona görə bu materiallar onda yoxdur. Qeyri-ixtiyari Boris Pasternakm məşhur şeirinin bu misraları yadıma düşdü:

Yaxşı deyil məşhur olmaq, tanınmaq

Yüksəklərə bu qaldırmır adamıNə lazımdır arxiv yığmaq, toplamaqMatah bilib hər bir cızma-qaranı.

Üç hissəyə bölünən bu kitabda toplanmış məqalələr və resenziyalar, məruzələr və çıxışlar, müsahibələr və söhbətlər xronologiya üzrə verilmişdir ki, bu da böyük sənətkarın publisist və musiqi-alim kimi yaradıcı və elmi yolunun inkişafını təhlil etməyə imkan verir. Bu məcmuə, musiqi ictimaiyyətini, mütəxəssisləri və eləcə də geniş oxucu kütləsini Qara Qarayevin - bəstəkar, alim, müəllim və ictimai xadim kimi çoxşaxəli yaradıcılığının vacib, son dərəcə maraqlı və az öyrənilən sahəsi ilə tanış edir.

Əgər Qara Qarayevin musiqi əsərlərinin əksəriyyəti təhlil edilmişsə, onun elmi irsi son dövrlərdə araşdırılmağa başlanılmışdı. Qarayevlə görüşlərimizin birində mən alimin publisistikasının kitab şəklində çap olunması haqqında söhbət saldım. O, böyük təvazökarlıqla qeyd etdi ki, hələ yazılası məqalələr, deyiləsi fıkirlər çoxdur. Amma bir gün mən olmayanda , - o əlini ürəyinin üstünə qoydu, - bu işi görməyi, məqalələrimi toplayıb çap etməyi sizə həvalə edirəm. Bizim gələn görüşümüz sentyabrda olmalı idi. Lakin olmadı. O, daha yeni məqalələr yazmadı, məruzələr etmədi.

Q.Qarayev məqalələrində nə barədə yazırsa yazsın, məruzə və çıxışlarında nə haqda danışırsa danışsın, o, həmişə ardıcıl, prinsipial mövqe tutmuş, öz əqidəsini, ideallarını qoruyub müdafiə etmiş, sənətdə mütərəqqi demokratik prinsiplərə əsaslanmışdır.

Alimin publisistikasında irəli sürülən problemlərin müəyyən qismi aşağıdakılardır: sənətdə müasirlik, sənətkarın cəmiyyətdə rolu, bəstəkarlıq sənətkarlığının  problemləri, millilik və beynəlmiləllik, ənənə və novatorluq, musiqi folkloruna və musiqidə faciə kateqoriyasına münasibət, caz və etsrada musiqisi, bədii zövq və texnologiya problemləri, bəstəkarlar İttifaqının fəaliyyəti və gənc Azərbaycan bəstəkarlarının tərbiyəsi, musiqimizdə müxtəlif  janrlar və ansamblların inkişafı və sair problemlər.

Qarayev ömrünün son illərində Bakıdan uzaqda yaşasa da, həmişə Azərbaycan xalqının, sənətinin, musiqisinin problemləri, ağrıları onun da, həyatının, yaradıcılığının problemləri, ağrıları olmuşdur. O, xalqı ilə qırılmaz tellər ilə bağlı idi, ona görə Qara Qarayevin həm musiqisi, həm də elmi irsi xalqımızın, musiqi və elmimizin ayrılmaz hissəsidir, doğma irsidir.

Böyük bəstəkar,  akademik, ictimai xadim, SSRİ Xalq artisti Qara Qarayevin parlaq və ecazkar musiqisinin, alovlu publisistikasının Azərbaycanın, eləcə də dünya musiqisinin inkişafına böyük təsiri şübhəsizdir.

Zemfira Səfərova, akademik 

525-ci qəzet

  • Paylaş: