Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Folklor İnstitutunda prioritet istiqamətlərdə tədqiqatlar aparılır
08.02.2018 14:12
  • A-
  • A
  • A+

AMEA-nın Folklor İnstitutunda prioritet istiqamətlərdə tədqiqatlar aparılır

Humanitar Elmlər Bölməsinin iclasında AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri çıxış edib. Bölmənin hesabatının həm 2017-ci ilin yekunları, həm də 5 illik bir dövrü əhatə etdiyini deyən alim bu illər ərzində ictimai-humanitar elmlər sahəsində məqsədyönlü tədbirlərin, çoxprofilli islahatların həyata keçirildiyini bildirib. O, folklorşünaslıq sahəsində multidissiplinar tədqiqatların aparıldığını, humanitar elmlər sahəsindəki işin müasir tələblər səviyyəsində yenidən qurulduğunu diqqətə çatdırıb.

S.Xavəri 5 il ərzində bölmədə Azərbaycan xalqının mədəniyyəti, dili, tarixi, etnoqrafiyası və folklorunun öyrənilməsi sahəsində tədqiqatların aparıldığını, ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığının öyrənilməsi, xüsusən azərbaycançılıq ideologiyasının nəzəri-fəlsəfi əsaslarının araşdırılması istiqamətində kompleks tədbirlərin görüldüyünü nəzərə çatdırıb.

Son dövrlərdə bütün dünyada humanitar dəyərlərə münasibətin kütləvi şəkildə dəyişdiyini söyləyən məruzəçi AMEA-nın bu sahədəki dünya çağırışlarına cavab verdiyini, ölkəmizdə ardıcıl olaraq humanitar forumların təşkil edildiyini deyib. Bildirib ki, qloballaşan dünyada humanitar elmlər müxtəlif transformasiyalara məruz qalmışdır. Hazırda dünyanın bir çox nüfuzlu alimləri, elmi mərkəzləri  humanitar elmin əsas missiyasının nədən ibarət olduğuna dair suallar ətrafında düşünürlər.

Alim AMEA Folklor İnstitutunda 2 ilə yaxındır ki, institutun gənc alimlərinin araşdırmaları nəticəsində  folklorun sosioloji, antropoloji, psixoloji və kulturoloji aspektlərinin araşdırıldığını qeyd edib. Onun sözlərinə görə, hazırda folklor elminin sosial və kommunikativ aspektləri, onun müasir dövrdə funksional dinamikasının izlənilməsi, yeni etnokulturoloji və İnternet mühitində folklor proseslərinin öyrənilməsi qarşıda duran əsas vəzifələrdəndir. S.Xavəri bu istiqamətdə tədqiqatların ABŞ universitetləri ilə birgə aparıldığını və müəyyən nəticələrin əldə olunduğunu da diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: