www.science.az
09.02.2018 17:22

“Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il” kitabı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin elmi katibi, Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il” kitabı çapdan çıxıb.

Kitabda müəllifin folklorun müxtəlif aktual mövzularına həsr olunmuş məqalələri cəmlənib.

“Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il” adlı məqalədə müəllif 21 dekabr 2012-ci ildə dünyanın dağılması ilə bağlı yayılan qlobal inancları tədqiqat obyekti kimi diqqət mərkəzinə gətirib. Burada müəllif folklorun dinamik, kollektiv və prosessual təbiətli sosial-mədəni hadisə olmasını konkret faktlar əsasında araşdırıb. Psixoanalitik metodla aparılan tədqiqatlar nəticəsində müəllif belə qənaətə gəlib ki, elmi şəkildə təkziblərə baxmayaraq, bu inancların yayılmaqda davam etməsinin səbəbi sözügedən “tarix” vasitəsi ilə tanataloji qorxuların (fərdi ölüm qorxularının) kollektiv ifa üçün münbit şərait əldə etməsi olub. Beləliklə, müəyyən edilib ki, bu ərəfədə dünyanın dağılması ilə bağlı inancların yayılmasında təkanverici emosiya fərdlərin ölüm qorxusu, həmin emosiyanın kollektiv dildə ifasının təminedicisi kimi isə ayrı-ayrı mədəniyyətlərdə mövcud olan oxşar ənənəvi metaforalar olub.

Nəşrdə, həmçinin “Yuxular fərdi kollektiv simvollar sistemi ilə əlaqələndirən psixokulturoloji proses kimi”, “Nağıllarda şah-vəzir münasibətləri əkizlər mif modelinin təzahürü kimi”, “Əkizlər mif modeli kontekstində Qırat və Dürat”, “Psixoloji arxetiplərin mədəni arxetiplərə transformasiyası: İblis obrazının mifik semantikası (H.Cavidin “İblis” faciəsi əsasında)”, “Basatın Təpəgözü öldürdüyü boy”un ritual-mifoloji semantikası”, “Tanrı-Erlik qarşıdurması kontekstində triksterin davranış modelləri”, “Qəhrəman arxetipinin alp və aşiq funksionerləri: Qazan və Kərəm” və digər məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.