www.science.az
12.02.2018 14:17

Qripi məhv edən zərərsiz ultrabənövşəyi lampa hazırlanıb

Bu gün xəstəxana və laboratoriyalarda mikrobları məhv etmək məqsədilə ultrabənövşəyi şüalardan istifadə olunur. Lakin bu metod insan sağlamlığı üçün təhlükə yarada bilər. Amerikalı fiziklər artıq müəyyənləşdiriblər ki, ultrabənövşəyi dalğaları qısaltdıqda insana zərər yetirmədən mikrobları məhv etmək olar.

Mir24.tv saytının məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin Tibb Mərkəzinin fiziki Devid Brennerin rəhbərliyi ilə bir qrup tədqiqatçı insan sağlamlığı üçün təhlükəsiz olan ultrabənövşəyi lampa hazırlayıblar.

Alimlər bu qənaətə gəliblər ki, bu cür dalğalar insanın gözünün buynuzlu qişasına və dərisinə heç bir zərər vermədən mikrobları öldürür. Qısa ultrabənövşəyi dalğalardan izdiham olan yerlərdə də istifadə etmək mümkündür.