Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Geologiya və Geofizika İnstitutu yubiley tədbirinə hazırlaşır
15.02.2018 16:07
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu yubiley tədbirinə hazırlaşır

2018-ci ildə AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) yaranmasının 80 ili tamam olur. İnstitut uzun illər ərzində geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmlənməsinə, neft strategiyasının həyata keçirilməsinə böyük töhfələr vermişdir.

İnstitutun əldə etdiyi elmi nailiyyətlərin əsasında Azərbaycan geologiya elminin korifeyləri tərəfindən yaradılmış elmi məktəblər dayanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarı ilə institutun adı dəyişdirilərək Geologiya və Geofizika İnstitutu adlandırılmışdır.

Fəaliyyət göstərdiyi 80 il ərzində müəssisə bir sıra ciddi elmi nailiyyətlər qazanmışdır. Onlardan üçölçülü modelləşmə əsasında istilik rejiminin təkamülü, neft-qazəmələgəlmə ocaqlarının zaman və məkanda rekonstruksiyası, flüidlərin kollektor səciyyələri və faza hallarının qiymətləndirilməsi, Azərbaycanın depresion zonalarının pliosen-dördüncü dövr çöküntülərinin geotermal enerji ehtiyatlarının kəmiyyətcə qiymətləndirilməsi və onların istifadəsi üçün ilkin obyektlər ayrılması kimi işləri qeyd etmək olar.

İnstitut Yaponiya, Almaniya, ABŞ, Çin, İtaliya, Rusiya, Fransa, Ukrayna, Gürcüstan və s. ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq edir. GGİ-nin fəaliyyət göstərdiyi dövr ərzində aparılan elmi tədqiqatların nəticələri 6044-dən artıq məqalədə, 115-dən artıq müəlliflik şəhadətnaməsində, 260-dan artıq kitab və monoqrafiyalarda öz əksini tapmışdır. İnstitutda 63 elmlər doktoru, 188 fəlsəfə doktoru hazırlanmışdır.

AMEA Rəyasət Heyətinin qərarına əsasən, cari ildə bu qurumun 80 illik yubileyinə həsr olunan yubiley iclasının və respublika səviyyəsində elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: