Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

23.02.2018 14:51
  • A-
  • A
  • A+

Azərbaycan Şirvanşahlar dövlətinin tarixindən bəhs edən sərgi açılıb

Azərbaycan Şirvanşahlar dövlətinin tarixindən bəhs edən sərgi açılıb

Fevralın 23-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi açılıb.

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, tarixçi alimlər, muzey əməkdaşları, muzeyin “Gənc muzeysevərlər və muzeyşünaslar klubu”nun üzvləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərginin məqsədinin tariximizin önəmli səhifələrindən olan Şirvanşahlar dövlətinin siyasi, inzibati, iqtisadi, hərbi xüsusiyyətlərini, əldə etdiyi nailiyyətləri tamaşaçılara çatdırmaq olduğunu bildirib.

Sonra sərginin kuratoru, muzeyin Elmi-ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov sərgi barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, IX-XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövləti barədə sərgi Azərbaycan tarixində ilk dəfə təşkil edilir. Sərgidə muzeyin fondlarında qorunan 225 eksponat nümayiş olunur.

Diqqətə çatdırılıb ki, Bakı, Şamaxı, Şabran və digər ərazilərdə aparılmış arxeoloji qazıntılarda aşkarlanmış materiallar muzeyin bərpa laboratoriyasında təmizlik-bərpa işləri aparılandan sonra sərgidə nümayiş olunur. Həmçinin muzeyin sualtı arxeologiya tədqiqat qrupu tərəfindən Xəzər dənizində aşkar edilmiş eksponatlar da ziyarətçilərə təqdim olunur. Şirvanşahlar dövlətinin xüsusiyyətlərini izah etmək məqsədilə sərgidə 25 informasiya - məlumat paneli qurulub. Burada yazılı məlumatla bərabər sxemlər, rəsmlər təqdim edilir. Sərgidə qurulmuş monitorda dünya muzeylərində qorunan və Şirvanşahlar dövlətinə aid edilən eksponatların fotoşəkilləri göstərilir.

Sərgi mayın 15-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: