www.science.az
23.02.2018 16:41

Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi qeyd olunacaq

2018-ci ildə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun yaranmasının 60 ili tamam olur. Bu qurum 1958-ci ildə Respublika Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaradılmışdır. İnstitutun ilk direktoru, görkəmli mənbəşünas və mətnşünas alim, akademik Əbdülkərim Əlizadə olmuşdur. Hazırda isə akademik Gövhər Baxşəliyevanın rəhbərliyi altında öz fəaliyyətini davam etdirir.

1998-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Şərqşünaslıq İnstitutuna akademik Ziya Bünyadovun adı verilmişdir. Bu elm ocağının uzun illər ərzində Şərq ölkələrinin dili, tarixi, mədəniyyəti, sosial-ictimai durumu ilə bağlı araşdırmaları institutun tədqiqat prioritetlərinə daxil edilmiş, bu istiqamətdə müvafiq kadrların hazırlanması üçün tədbirlər həyata keçirilmişdir.

Fəaliyyət göstərdiyi 60 il ərzində institut bir sıra ciddi elmi nailiyyətlər qazanmışdır. Qurumda əsas etibarilə, Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi, mədəni inkişafının qanunauyğunluqlarının öyrənilməsi, Şərq xalqlarının tarixi, filoloji, dini-fəlsəfi irsinin tədqiqi, yazılı abidələrin araşdırılması və s. istiqamətlərdə elmi tədqiqat işləri aparılır.

Son illər ərzində institutda 600-dən çox monoqrafiya, məqalələr məcmuəsi və kitab, 7000-dən çox elmi məqalə nəşr edilmişdir. Hazırda müəssisədə 139 əməkdaş çalışır.

AMEA Rəyasət Heyəti Şərqşünaslıq İnstitutunun 60 illik yubileyini nəzərə alaraq, bir sıra qərarlar qəbul edib. Qərarlara əsasən, qurumun 60 illik yubileyinə həsr olunmuş respublika səviyyəli konfransın keçirilməsi, kitabın hazırlanması, bir sıra əməkdaşların təltif edilməsi və digər tədbirlərin görülməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.