www.science.az
27.02.2018 09:49

AMEA-nın İqtisadiyyat İnstitutunun yaranmasının 60 ili tamam olur

2018-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun yaranmasının 60 ili tamam olur. İqtisad elminin inkişafına böyük töhfələr vermiş bu qurum 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə SSRİ EA-nın nəzdində təşkil edilmiş İqtisadiyyat və Coğrafiya sektorlarının bazası əsasında yaradılıb.

İnstitut fəaliyyətə başladığı dövrdə (1958-1960-cı illərdə) onun strukturu 5 şöbədən – Siyasi iqtisad və iqtisadi fikir, Sənaye iqtisadiyyatı, Kənd təsərrüfatının iqtisadiyyatı, Sosialist istehsalının yerləşdirilməsi və Xalq təsərrüfatı tarixindən ibarət olub. Sonrakı dövlərdə müəssisədə aparılan elmi tədqiqat işləri keçmiş İttifaq və respublikanın hökümət və dövlət orqanları tərəfindən müəyyən edilmiş həmin dövrün mühüm iqtisadi problemlərinin həllinə yönəldilib. XX əsrin 70-80-cı illərində bu elm ocağında yerinə yetirilmiş tədqiqat işlərinin səviyyəsini xarakterizə edən əsas cəhətlərdən biri də həmin dövrdə institut əməkdaşlarının 23 elmi nəticəsinin Sovet elminin ən mühüm nailiyyətləri kimi qiymətləndirilərək SSRİ EA Rəyasət Heyətinin hesabatına daxil edilməsi olub.

Fəaliyyət göstərdiyi 60 il ərzində İqtisadiyyat İnstitutunda Azərbaycan iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində sanballı elmi tədqiqat işləri yerinə yetirilib, peşəkar milli kadrlar, iqtisadçı alimlər yetişdirilib. Müəssisədə Bəhmən Axundov, Əlisöhbət Sumbatzadə, Əhməd Mahmudov, Asəf Nadirov və Ağasəlim Ələsgərov kimi tanınmış iqtisadçı alimlər çalışıb.

Son illərdə institut iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin sosial-iqtisadi inkişafa təsirinin kəmiyyətcə ölçülməsi metodologiyasını müəyyən edib, müəssisədə bu 2 metodologiya əsasında tənzimlənmənin nəticələrini qiymətləndirməyə imkan verən iqtisadiyyatın solluq (sağlıq) – İS (S)İ indeksi hesablanıb. Bu metodologiya və indeks dünya ölkələrində həyata keçirilən iqtisadi islahatların nəticələrini təhlil etməyə, qiymətləndirməyə, müqayisə aparmağa və proqnozlaşdırmağa imkan verir.

Azərbaycanın müstəqillik qazanması ilə yanaşı, bazar iqtisadiyyatına keçid ölkəmizin iqtisadiyyatının və iqtisad elminin inkişafı sahəsində də yeni mərhələnin başlanğıcı olub, eləcə də İqtisadiyyat İnstitutu qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoyub. Son illər ərzində institutda 1637-dən çox monoqrafiya, məqalələr məcmuəsi və kitab, elmi məqalələr nəşr edilib.

AMEA Rəyasət Heyətinin qərarına əsasən, institutun 60 illiyi ilə əlaqədar respublika səviyyəli konfransın keçirilməsi, nəşrlərin hazırlanması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.