Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı
01.03.2018 08:24
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı

1. Giriş

Son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artmışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ölkədə xalçaçılıq ənənələrinin bərpası, xalçaçılığın inkişafı ilə bağlı müvafiq tədbirlər nəzərdə tutulmuşdur və bu sahə ilə məşğul olan şəxslərə zəruri dövlət dəstəyi göstərilir.

Xalçaçılıq dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən biridir. Xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olmuşdur. Hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Dünyada xalça ticarəti istehsal texnikası, investisiya məbləği və bazar strukturuna görə iki qrupa bölünür: əl və sənaye üsulu ilə toxunan xalçalar. Əllə toxunan xalçalar mədəni və maddi irsin qorunmasına söykənən istehsaldır. Sənaye üsulu ilə hazırlanan xalçalar isə daha çox investisiya tələb edən və texniki tekstil kateqoriyasına aid edilə biləcək istehsaldır.

Beynəlxalq təcrübədə bu sahədə həyata keçirilən dəstək tədbirləri aşağıdakı istiqamətləri əhatə edir:

- əl xalçası istehsalına vergi güzəştlərinin tətbiq edilməsi;

- xammal təminatının dəstəklənməsi;

- peşə təhsilinin dəstəklənməsi;

- xalçaçılıq üzrə əsas beynəlxalq sərgilərdə iştirakın qismən maliyyələşdirilməsi;

- ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi işinin dəstəklənməsi;

- xarici bazarlarda reklam və təşviqat fəaliyyətinin dəstəklənməsi;

- daxili bazarın qorunması;

- istehsalçılara müxtəlif texniki dəstək verilməsi;

- xalçaçılıq sahəsində araşdırmaların dəstəklənməsi.

Xalçaçılıq işinin inkişafını dəstəkləyən ölkələr, əsasən, xalçaçılıq sahəsində ölkə brendlərinin yaradılmasına və xarici bazarlarda təşviq edilməsinə xüsusi əhəmiyyət verirlər. Bu isə həmin ölkələrdə xalça istehsalının rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır.

“Azerbaijan carpet” (“Azərbaycan xalçası”) ölkə brendinin yaradılması və xarici bazarlarda tanıdılması Azərbaycan xalçalarının xarici bazarlarda başqa ölkə brendləri adı altında satılmasının qarşısının alınması baxımından olduqca əhəmiyyətlidir.

Yuxarıda qeyd olunan bu və ya digər məsələlər Azərbaycan xalçaçılıq ənənələrinin bərpası, qorunması və inkişafının həm iqtisadi, həm də sənət aspektlərini əhatə edən dövlət proqramının hazırlanmasını zəruri etmişdir.

“Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 7 dekabr tarixli 799-IIQ nömrəli Qanununa əsasən hazırlanmışdır.

2. Azərbaycanda xalçaçılığın mövcud vəziyyəti

2.1. Ümumi məlumat

Xalçaçılıq Azərbaycan xalqının milli mədəniyyət tarixində özünəməxsus yer tutur. Yüksək estetik əhəmiyyət kəsb edən, milli naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçaların ornamentlərindən kiçik suvenir nümunələrindən tutmuş müxtəlif binaların divar və döşəmə bəzəklərinədək müxtəlif sahələrdə geniş istifadə edilir.

Azərbaycan xalçaları toxunma texnikasına görə 2 əsas qrupa bölünür: xovsuz və xovlu xalçalar. Xovsuz xalçaların yaranması toxuculuq sənətinin ilk dövrlərinə təsadüf edir. Bu qrupa çətən, həsir, palaz, kilim, cecim, vərni, şəddə, zili və sumax kimi xalçalar daxildir.

Xovlu xalçalar xalça sənətinin texnoloji və bədii inkişafının son dövr məhsuludur. Ümumilikdə Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Qazax-Borçalı, Quba, Təbriz (Cənubi Azərbaycan). Bu elmi təsnifat şərti xarakter daşıyır və bilavasitə Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olmuş xalçaçılıq ənənələrinin sistemli şəkildə araşdırılmasına xidmət edir.

2010-cu il noyabr ayının 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Keniyanın Nayrobi şəhərində keçirilmiş V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsi nümunələri siyahısına daxil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 may tarixli 2013 nömrəli Sərəncamı ilə Xalça Muzeyinin müasir binasının tikintisinə başlanılmışdır və artıq 2014-cü il avqustun 26-dan muzey yeni binada öz fəaliyyətini davam etdirir.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli 2032 nömrəli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.

2.2. Azərbaycanda xalçaçılıq sahəsində kadr hazırlığı və işçi qüvvəsi

Azərbaycan xalçaçılığı sənət sahəsi kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Azərbaycan Dövlət Texniki Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənətyönlü kollec, lisey və gimnaziyalarda, uşaq rəsm qalereyalarında və digər yerlərdə tədris edilir. Həmçinin “Azərxalça” ASC-nin rayon filiallarının nəzdində xalçaçılıq üzrə tədris-hazırlıq kurslarında peşəkar xalçaçı (toxucu) kadrlar hazırlanır.

1980-ci illərin əvvəllərində ölkədə xalçaçılıq sahəsində çalışanların sayı 7000 nəfərə yaxın olsa da, hazırda Azərbaycan Respublikasında xalçaçılıqla məşğul olan mütəxəssislərin, o cümlədən “Azərxalça” ASC-nin xətti ilə xalça istehsalına cəlb olunmuş şəxslərin sayı təxminən 1000 nəfərə çatır.

2.3. Hüquqi baza

Azərbaycanda xalçaçılığın inkişafı üçün zəruri normativ hüquqi baza formalaşdırılmış, əlverişli iqtisadi mühit yaradılmış, xalçaçılığın inkişafı və təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu sahənin sosial-iqtisadi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində ənənəvi olaraq əllə toxunmuş və hazırda xalq sənətkarlarının, rəssamların və ustaların hazırladıqları Azərbaycan xalçalarının qorunub saxlanılması, öyrənilməsi, xalça sənətinin təbliği və inkişafı ilə əlaqədar yaranan münasi¬bətləri tənzimləyən qanunlar, fərmanlar və digər normativ hüquqi aktlar qəbul edilmişdir.

Azərbaycanda xalçaçılığın inkişafına dair normativ hüquqi bazaya aşağıdakılar daxildir:

- “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının 1998-ci il 10 aprel tarixli 470-IQ nömrəli Qanunu;

- “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 7 dekabr tarixli 799-IIQ nömrəli Qanunu;

- “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanunu;

- “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2013 nömrəli Sərəncamı;

- “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli 2032 nömrəli Sərəncamı;

- “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 noyabr tarixli 2460 nömrəli Sərəncamı;

- “Azərbaycan xalçası” Naxçıvan Muxtar Respublikası Dövlət Muzeyinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 16 mart tarixli 60 nömrəli qərarı.

2.4. Ölkədə xalça istehsalı və xammal

Azərbaycanın zəngin xalçaçılıq ənənələrinə baxmayaraq, son dövrlərdə əllə toxunan xalça istehsalı azalmaqdadır. Belə ki, 2017-ci ildə Azərbaycan Respublikasında sənaye müəssisələri əllə toxunan 564,5 kv.m xalça istehsal etmişlər ki, bu da 2012-ci illə müqayisədə (1,9 min kv.m) təxminən 3,4 dəfə azdır.

Bununla yanaşı, 2017-ci ildə Azərbaycan Respublikasına 3306,1 min kv.m xalça və digər toxunma döşəmə örtükləri idxal edilmişdir və bu rəqəm isə 2012-ci ildə cəmi 1912,6 min kv.m olmuşdur.

Xalça istehsalının azalmasının başlıca səbəbi kimi ölkədə yun iplik istehsalının olmamasını, xalçanın maya dəyərinin baha başa gəlməsini qeyd etmək olar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, respublikada 2017-ci ildə 16,0 min ton yun istehsal edilsə də, yun iplik istehsal edən müəssisələrin məhdudluğu və xarici ölkələrdən ucuz qiymətə əllə toxunan xalçaların idxal edilməsi xalça istehsalının azalmasına səbəb olmuşdur.

Bununla belə, Azərbaycan Respublikasında xalça istehsalı müəssisələrinin sayının artırılması istiqamətində işlərin davam etdirildiyini, dövlətin müvafiq dəstəyini və xalçaçılıq sahəsinə marağın getdikcə artdığını nəzərə alsaq, növbəti illərdə xalça istehsalının və ixracının artacağını proqnozlaşdırmaq olar.

3. Dövlət Proqramının əsas məqsəd və vəzifələri

3.1. Dövlət Proqramının əsas məqsədi xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafıdır.

3.2. Dövlət Proqramının vəzifələri aşağıdakılardır:

3.2.1. xalçaçılığın xammal təminatının yaradılması;

3.2.2. xalçaçılığın infrastruktur təminatının yaxşılaşdırılması;

3.2.3. yeni iş yerləri yaradılmasının dəstəklənməsi;

3.2.4. xalçaçılıq sahəsində, o cümlədən yun emalı, yun və ipək ipliklərin hazırlanması, boyaq bitkilərinin emalı və boyaq maddələrinin istehsalı üzrə ixtisaslı kadr hazırlığının həyata keçirilməsi;

3.2.5. regionların xalçaçılıq potensialının gücləndirilməsi;

3.2.6. “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) ölkə brendinin yaradılması, tanıdılması və inkişaf etdirilməsi;

3.2.7. xalçaçılığın rəqabət qabiliyyətinin artırılması;

3.2.8. xalçaçılığın ixrac potensialının artırılması;

3.2.9. sənaye üsulu ilə xalça istehsalı ənənəsinin bərpa edilməsi və inkişafı;

3.2.10. ali məktəblərdə dövlət sifarişi ilə tələbə qəbulu planında nəzərdə tutulmuş mövcud say çərçivəsində və ödənişli təhsil hesabına “xalça sənayesi” və “xalça biznesi” ixtisaslarının tədrisi;

3.2.11. Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərinə xas olan qədim çeşnilərin bərpa edilməsi, istehsalatda tətbiqi, yeni çeşnilərin hazırlanması və bu çeşnilər əsasında xalçaların toxunması.

4. Dövlət Proqramının əsas istiqamətləri

4.1. Dövlət Proqramının əsas istiqamətləri aşağıdakılardır:

4.1.1. xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və təbliği;

4.1.2. xalçaçılığın rəqabət qabiliyyətinin yüksəldilməsi və daxili bazarın qorunması tədbirlərinin həyata keçirilməsi;

4.1.3. xalçaçılığın ixrac potensialının gücləndirilməsi;

4.1.4. xalçaçılıqda bütün istiqamətlər üzrə kadr potensialının gücləndirilməsi;

4.1.5. xalçaşünaslıq sahəsi üzrə nəzəri və praktiki elmi tədqiqatların əlaqələndirilməsi, genişləndirilməsi və maddi-texniki bazanın gücləndirilməsi.

5. Gözlənilən nəticələr

5.1. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

5.1.1. xalçaçılıq ənənələrinin qorunması;

5.1.2. xalça istehsalının rəqabət qabiliyyətinin artırılması;

5.1.3. xalça istehsalının genişləndirilməsi;

5.1.4. xalça ixracının genişləndirilməsi;

5.1.5. xalçaçılıq sahəsində məşğulluğun artması;

5.1.6. xalçaçılıqda məhsuldarlığın artması;

5.1.7. ixtisaslı işçi qüvvəsinin artması;

5.1.8. xalçaçılıq müəssisələrinin fəaliyyətini dəstəkləyən müvafiq mexanizmlərin qurulması;

5.1.9. xalçaçılıq sənətinin inkişafının təmin olunması;

5.1.10. xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəyə qaytarılmasına nail olunması.

6. Dövlət Proqramının maliyyələşmə mənbələri

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları və dövlət qurumları üçün nəzərdə tutulmuş vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

Sıra

№-si

Tədbirin adı

İcraçılar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

 7.1.  Xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və təbliği

7.1.1.

Əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin, bədii və texniki iş üsullarının, xalça çeşnilərinin bərpası və inkişaf etdirilməsi

“Azərxalça” ASC, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Müəllif Hüquqları Agentliyi

2018-2022

7.1.2.

Ənənəvi çeşnilər əsasında və bölgələrin ənənələrinə uyğun naxış və rəng ahənginin seçilməsi yolu ilə xalq sənətkarlarının bədii və texniki iş üsullarının öyrənilməsi və təbliği

“Azərxalça” ASC, İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

2018-2022

7.1.3.

Ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloqun hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Xalça Muzeyi, “Azərxalça” ASC

2018-2019

7.1.4.

Kütləvi istehsal olunan və fərdi toxunan Azərbaycan xalçalarının üzərində (ləvərində) tanınma nişanının (“Azərbaycan” sözü və xalça qrupunun adı, yaxud loqo və s.) ilmələrlə toxunmasının təmin edilməsi mexanizmi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi

İqtisadiyyat Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyi, “Azərxalça” ASC

2018-2019

7.1.5.

İtirilmə təhlükəsi olan nadir Azərbaycan xalçalarının və xalça məmulatlarının müasir üsullarla bərpasına dəstək mexanizmləri ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi

İqtisadiyyat Nazirliyi, “Azərxalça” ASC, Mədəniyyət və Turizm Nazirliyi

2018-2019

7.1.6.

Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının Azərbaycana mənsubluğunun göstərilməsi  istiqamətində fəaliyyətin həyata keçirilməsi

Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərxalça” ASC

mütəmadi

7.1.7.

Yüksək keyfiyyətli, bədii əhəmiyyətli, həmçinin nadir xalçaların satın alınması ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi

“Azərxalça” ASC, İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

2018-2019

7.1.8.

Azərbaycan Xalça Muzeyi üçün əhəmiyyət kəsb edən eksponatların alınması

Mədəniyyət və Turizm Nazirliyi, “Azərxalça” ASC

mütəmadi

7.1.9.

Azərbaycan xalçalarının dünyaya tanıdılması məqsədilə xaricdə sərgilərin təşkil edilməsi, xalçaların müasir interpretasiyası, beynəlxalq əlaqələrin qurulması

İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “Azərxalça” ASC

2018-2022

7.2.        Rəqabət qabiliyyətinin artırılması və daxili bazarın qorunması

7.2.1.

Yun iplik istehsalının təşkilinin dəstəklənməsi

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2018-2022

7.2.2.

İpək iplik istehsalının təşkilinin dəstəklənməsi

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2018-2022

 

 

 

 

7.2.3.

Sumqayıt Kimya Sənaye Parkında əyirici-boyaq müəssisəsinin yaradılması və fəaliyyətinin təşkili

İqtisadiyyat Nazirliyi, “Azərxalça” ASC, Əmlak Məsələləri Dövlət Komitəsi

2018-2020

7.2.4.

İpliklərin təbii boyaqlarla boyanması üçün müvafiq istehsal sahəsinin təşkilinin dəstəklənməsi

İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

 

2018-2022

7.2.5.

Mingəçevir Sənaye Parkında sənaye üsulu ilə xalça istehsalı müəssisəsinin yaradılması

İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azərxalça” ASC

2018-2021

7.2.6.

Ölkə ərazisində xalça istehsalı sahələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsi

İqtisadiyyat Nazirliyi, “Azərxalça” ASC

2018-2022

7.2.7.

Əl xalçası istehsalına vergi güzəştlərinin tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi

Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

2018

7.2.8.

Əllə xalça istehsalı müəssisələrinə güzəştli kreditlərin verilməsi və qrantların ayrılması ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi

İqtisadiyyat Nazirliyi, “Azərxalça” ASC

2018-2019

7.2.9.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin institusional potensialının gücləndirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi

Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azərxalça” ASC

2018

7.2.10.

Azərbaycana idxal edilən əllə toxunmuş xalçalara xüsusi rüsumun (xalçaların bərpa olunması üçün müvəqqəti idxal və həmçinin yenidən ixrac istisna olmaqla) tətbiqi ilə bağlı  “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlərin görülməsi

Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi

2018

7.2.11.

Əllə toxunmuş xalçaların reyestri sisteminin qurulması və aparılması

“Azərxalça” ASC

2018-2019

7.2.12.

Azərbaycan xalçası adı altında xaricdə istehsal edilən saxta xalçaların Azərbaycana idxalının və satışının qarşısının alınması

Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

mütəmadi

7.2.13.

Xalçalara Azərbaycan Respublikasından çıxarılmaq üçün şəhadətnamə verilməsi ilə bağlı ödənişlərin azaldılması və şəhadətnamə verilməsi prosedurunun sadələşdirilməsi

İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “Azərxalça” ASC

2018

7.2.14.

Bakıda və regionlarda fəaliyyət göstərən xalçaçılıq emalatxanalarının turizm nümayiş obyekti kimi Azərbaycanın mədəni turizm marşrutlarına daxil edilməsi və turizm informasiya mərkəzləri vasitəsilə xalçaçılıq irsinin təbliğ edilməsi

Mədəniyyət və Turizm Nazirliyi, “Azərxalça” ASC

2018-2019

7.3.  Xalçaçılığın ixrac potensialının gücləndirilməsi

7.3.1.

Xarici xalça bazarlarının araşdırılması və yerli xalça istehsalçılarının məlumatlandırılması

İqtisadiyyat Nazirliyi, “Azərxalça” ASC

mütəmadi

7.3.2.

“Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqi

İqtisadiyyat Nazirliyi, “Azərxalça” ASC

2018-2022

7.3.3.

Əllə toxunmuş xalça ixracının subsidiyalaşdırılması ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi

İqtisadiyyat Nazirliyi, “Azərxalça” ASC

2018-2019

7.3.4.

Əllə toxunmuş Azərbaycan xalçalarının ixracı və xaricdə satışının təşkili ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi

İqtisadiyyat Nazirliyi, “Azərxalça” ASC

2018-2019

7.3.5.

Azərbaycanda istehsal olunan xalçaların ixracının təşviqi üçün internet portalının yaradılması

İqtisadiyyat Nazirliyi, “Azərxalça” ASC

2018-2019

7.4. Elmi potensial və kadr təminatı

7.4.1.

Əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi

Təhsil Nazirliyi, “Azərxalça” ASC, Mədəniyyət və Turizm Nazirliyi

2018-2022

7.4.2.

Sənaye üsulu ilə xalçatoxuma sahəsində təhsilin dəstəklənməsi

Təhsil Nazirliyi, “Azərxalça” ASC, Mədəniyyət və Turizm Nazirliyi

2018-2022

7.4.3.

Əllə xalçatoxuma sənəti ilə bağlı innovativ və elmi araşdırmalara, nəşrlərə (kitablara, dərsliklərə, dövri nəşrlərə və s.) və tədris-hazırlıq kurslarının təşkilinə qrantların ayrılması

Elmin İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi

2018-2022

7.4.4.

Xalça sənətinə dair elmi tədqiqat işlərinin əlaqələndirilməsi və metodiki tədbirlərin həyata keçirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası, “Azərxalça” ASC

2018-2022

 

  • Paylaş: