Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan coğrafiyaşünaslıq elminin görkəmli siması
02.03.2018 13:13
  • A-
  • A
  • A+

Azərbaycan coğrafiyaşünaslıq elminin görkəmli siması

Taleyin bəxş etdiyi ömür payını hər kəs bir cür yaşayır. Ömür var, suların qırçın ləpələrinə bənzəyir, sahillərə çatmamış yox olur. Ömür də var ki, həyatın sərt dönümlərindən keçir, yüksələrək zirvələr fəth edir və bir ziyalı kimi neçə-neçə ömürlərə çıraq tutur, nur saçır.Qayğıkeşliyi, xeyirxahlığı, səmimiliyi ilə hər bir azərbaycanlının qəlbində dərin iz buraxan, nəcib və şərəfli əməyi ilə insanlara mənəvi çıraq tutan ziyalılardan biri də akademik Budaq Əbdüləli oğlu Budaqovdur.

Sözün qüdrətinə söykənib Budaq müəllimin həyat və yaradıcılığından söhbət açmaq böyük məsuliyyətdir. Budaq müəllim gözlərini dünyaya açıb, ətraf aləmi dərk etdiyi zamandan Ağrı dağının ucalığından, möhtəşəmliyindən qürur hissi duyub. Kim bilir, bəlkə də sonralar bir geomorfoloq alim kimi ömrünü qarlı dağların tədqiqinə həsr etməsi elə uşaqlıq yaddaşı ilə bağlı olmuşdur. Doğulub boya-başa çatdığı Zəngibasar rayonunun (indiki Masis) Çobankərə kəndi haqqında yazdığı kitabı həyəcansız oxumaq olmur. Bəlkə də bu yer üzündən silinmiş o kənd Budaq müəllimin şəxsiyyətində, onun böyüklüyündə özünə əbədiyyət qazanıb. O kənddən başlanan məşəqqətli və əzablı ömür yolu bu böyük şəxsiyyətin gələcək taleyinin başlanğıcını qoyub.

Budaq Budaqov ali təhsilini 1947-1951-ci illərdə APİ-nin coğrafiya fakültəsində almışdır. Təhsil aldığı illərdə tələbələr arasında xüsusi istedadı ilə seçilmiş, Stalin təqaüdünə layiq görülmüşdür. İnstitutu fərqlənmə ilə bitirdikdən sonra 1951-ci ildə Moskva şəhərində SSRİ EA Coğrafiya İnstitutunun aspiranturasına daxil olur və 1955-ci ildə “Cənub-şərqi Qafqazın şimal yamacının geomorfologiyası” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Qeyd edək ki, Moskva elmi mühiti alimin gələcək elmi fəaliyyətinə böyük təsir göstərmişdir. Budaq Budaqov fəaliyyətə başladığı ilk gündən elmin ən aktual və çətin problemləri ilə məşğul olmuş, sonrakı fəaliyyətində bu ənənəni davam etdirmişdir. Alimin elmi fəaliyyətinin ilk uğurlarından biri Cənubi-Şərqi Qafqazın şimal yamaclarının geomorfologiyasına həsr etdiyi monoqrafiyadır. Elmi rəhbəri, professor N.N.Dumitraşko tələbəsinin uğurlarına sevinir, onun topladığı faktiki materialları yüksək qiymətləndirirdi. Beləliklə, Budaq Budaqov daha ciddi araşdırmalara, tədqiqatlara başlayır, müxtəlif elmi mübahisələrə qatılır, lakin gənc olmasına baxmayaraq, istedadı və qabiliyyəti sayəsində öz fikrlərini əldə etdiyi elmi nəticələrlə sübuta yetirir.

Budaq Budaqovun əmək fəaliyyəti AMEA H.Əliyev adına Coğrafiya İnstitutu ilə bağlıdır. O, 1955-ci ildə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində işə başlamış, baş elmi işçi, Landşaftşünaslıq şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, 1988-ci ildən ömrünün sonunadək isə institutun direktoru vəzifəsində çalışmışdır. Deyirlər ki, idarə etmək məharəti ədalətliliklə bağlıdır. Hər bir rəhbər işçinin böyüklüyü onun obyektivliyində, prinsipiallığında və sadəliyindədir. Bu mənada, akademik Budaq Budaqov yüksək keyfiyyətlərə malik nadir şəxslərdən olmuşdur. Onun rəhbərliyi ilə coğrafiya üzrə 50-yə qədər elmlər doktoru və fəlsəfə doktoru hazırlanmışdır.

Ötən əsrin 50-ci illərində SSRİ-də qədim buzlaşmaların tədqiqinə böyük elmi maraq oyanmışdı. Ancaq bəzi alimlər həmin dövrdə yanlış olaraq son geoloji dövrdə Alp dağlarında baş vermiş qədim buzlaşmanın sxemini yerli palecoğrafi şəraiti nəzərə almadan mexaniki olaraq Qafqaza tətbiq edirdilər. Bu ciddi elmi səhvlər B.Budaqov Böyük Qafqazın qədim buzlaqların öyrənilməsi istiqamətində apardığı bir sıra fundamental tədqiqatların nəticəsində aşkara çıxarılır. 1965-ci ildə Azərbaycanın Böyük Qafqaz hissəsinin müasir və qədim buzlaşmasına dair monoqrafiyasında bir çox əsası olmayan fikirləri təkzib etmiş, özünün yeni buzlaşma sxemini işləyib hazırlamışdır. Budaq müəllimin elmdə belə çətin və ziddiyyətli fikirlərə aydınlıq gətirməsi, Kovalevski, Reynqard kimi təcrübəli geomorfoloq alimlərin yanlış nəticələrinə düzəlişlər etməsi onun yorulmaq bilmədən apardığı çöl tədqiqatı işlərinin və elmi fitri istedadının nəticələri idi. Şübhəsiz, bu uğurlar elmcamiyada alimin nüfuzunu gündən-günə artırırdı. 1959-cu ildə Kiş çayı hövzəsində uzunmüddətli kompleks tədqiqatlar geomorfologiya elminin bir neçə probleminin həllinə, o cümlədən bəzi palecoğrafi məsələlərin aşkara çıxarılmasına yardımçı oldu. Kiş çayı hövzəsində apardığı tədqiqatların nəticələri L.N.Leontyevin Böyük Qafqazın cənub yamacında baş verən sellərin sönməyə doğru getməsi proqnozunu elmi dəlillərlə inkar etdi. Budaq müəllimin Şahdağ massivində ilk dəfə olaraq 3600 metr hündürlükdə üst Sarmat dövrünün çöküntülərini aşkar etməsi geomorfologiya, yeni tektonika və digər elmi sahələrdə Böyük Qafqazın yaşının nisbətən cavan olması nəzəriyyəsinə real elmi əsas yaratmışdır. Təbii ki, 28 yaşında gənc bir tədqiqatçının ekoloji, geomorfoloji sahədə belə uğurlu addımlar atması, sözün yaxşı mənasında, insanlarda təəccüb doğururdu.

Ötən əsrin yetmişinci illərində “Cənub-Şərqi Qafqazın geomorfologiyası və ən yeni tektonik hərəkətlər” adlı monoqrafiyası işıq üzü gördü. Bu sanballı elmi əsər müəllifinə böyük uğur gətirdi. Əsərə görə o, Azərbaycan coğrafiyaşünasları sırasında ilk dəfə olaraq N.İ.Prjevalski adına qızıl medala layiq görüldü. Elə həmin illərdə mərhum akademikin elmi fəaliyyət dairəsi xeyli genişlənir. Bura geomorfologiya ilə yanaşı, landşaftşünaslıq, toponomika elmləri də daxil olunur. 1985-ci ildə B.Budaqovun A.Mikayılovla birgə yazdığı yeni tektonik hərəkətlərin respublika landşaftına təsirinin tədqiqi ilə bağlı əsəri elm aləmində yaxşı qarşılandı, müəlliflərinə böyük uğur gətirdi. Daha sonra Budaq müəllimin “Azərbaycan SSR-in müasir təbii landşaftları” adlı monoqrafiyası işıq üzü gördü. Bu əsərdə təbii landşaftın səciyyəvi xüsusiyyətləri, formalaşması, qanunauyğunluqları elmi əsaslarla izah edilir. 

Akademik B.Budaqovun toponomika sahəsində yazdığı elmi əsərlər erməni saxtakarlığını və soyqırımını faktlarla üzə çıxardığı üçün elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Alimin bu istiqamətdəki fəaliyyəti onu həm də fədakar və vətəndaş bir ziyalı kimi təqdim edir. Bu aspektdən “Türk ulusunun yer yaddaşı” adlı monoqrafiyası daha çox diqqəti çəkir. Əsər ingilis və rus dillərinə tərcümə edilərək nəşr edilmişdir. İşğal altında qalan əzəli Azərbaycan torpaqlarının bütün coğrafi adları B.Budaqovun tarixçi alim Q.Qeybullayevlə birgə müəllifi olduğu “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” adlı kitabda toplanılmış, onların mənası, mənşəyi izah edilmişdir. Böyük zəhmətlə yazılmış əsərdə bu torpaqların əzəli türk diyarı olduğu bir daha sübuta yetirilmiş və kitab geniş oxucu kütləsinə təqdim edilmişdir. Kitabı düşmənlərimizin qədim Azərbaycan adlarını kütləvi surətdə silərək, o yerlərə qondarma erməni adlarını vermələrini ifşa edən ən qiymətli əsər hesab etmək olar. Bu silsilədən Q.Qeybullayevlə birgə yazdığı “Gürcüstan türk mənşəli toponimlərin izahlı lüğəti” adlı kitabı da zaman baxımından vaxtında yazılmış dəyərli əsərdir.

Akademik Budaq Budaqovun elmi fəaliyyətində ətraf mühitin mühafizəsi, Xəzər dənizinin problemləri kimi aktual məsələlər də geniş yer tutur. Alim Azərbaycan Respublikası ərazisinin ekoloji gərginlik dərəcəsinə görə ekoloji coğrafi rayonlaşdırma (1:500000) xəritəsini tərtib etmişdir. Xəritədə respublikanın bütün bölgələrinin təbii və antropogen vəziyyəti əks olunmuş və zəruri tədbirlər kompleksinin işlənilməsi göstərilmişdir. Akademikin “Dağların həyatı”, “Əfsanəli dağlar”, “Təbiəti qoruyaq”, “Azərbaycanın təbiəti”, “Azərbaycanın təbiət abidələri”, “Dözümlü-dözümsüz təbiət” və başqa əsərləri Azərbaycan təbiətinə sonsuz sevgisinin təzahürüdür, ətraf mühitin mühafizəsində böyük töhfəsidir.

Budaq Budaqovun pedaqoji sahədə xidmətləri çox böyükdür. O, qeyd edir ki, “bütün elmi fəaliyyəti müddətində pedaqoji sahəyə olan marağımı gizlətməmişəm”. Budaq müəllim uzun illər “Azərbaycan məktəbi” jurnalının, “Tarix, ictimaiyyət və coğrafiya” əlavə seriyası redaksiya heyətinin üzvü olmaqla coğrafiya müəllimlərinin elmi-metodiki hazırlığının yaranmasında az əmək sərf etməmişdir.

Akademik B.Budaqovun elmi fəaliyyətinin bir sahəsi də elmi publisistika ilə bağlı olmuşdur. Bu istiqamətdə qələmindən çıxan çoxlu sayda kitabları, məqalələri onu elm aləmindən kənarda - ictimaiyyət içərisində də tanıtdırmışdır. Bu baxımdan mərhum akademikimiz öz həmkarlarından daha çox fərqlənir.

Erməni millətçilərinin xalqımızın başına gətirdiyi müsibətlərə Budaq müəllim heç vaxt biganə qalmamışdır. Ona görə ki, özü də bu faciələrin içərisində olmuş, başı çox müsibətlər çəkmişdir. Bu istiqamətdə ən dəyərli və daha çox oxucu rəğbəti qazanan əsərlərindən biri mərhum akademikimiz Cəlal Əliyevlə birgə yazdığı “Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı” adlı kitabıdır. Bu kitab rus dilində çap olunduğu üçün təkcə ölkəmizdə deyil, MDB məkanında daha geniş yayılmışdır.

Budaq müəllimin fəaliyyətinin bir hissəsi də respublikanın orta məktəbləri üçün coğrafiyaya dair tədris ədəbiyyatlarının hazırlanması olub. Uzun illərin əməyinin nəticəsi olan “Azərbaycan Respublikasının fiziki coğrafiyası” adlı kitabı orta məktəb şagirdləri tərəfindən dərslik kimi istifadə olunur. M.Müseyibov və N.Şirinovun birgə qələmə aldığı “Geomorfologiya” dərsliyi isə ali məktəb tələbələri tərəfindən mühüm vəsait kimi bu gün də istifadə olunmaqdadır.

Akademik Budaq Budaqov dünyanın, o cümlədən keçmiş ittifaqın ən nüfuzlu elmi kürsülərində Azərbaycan elmini yüksək səviyyədə təmsil etmiş, xalqımızın imzasını dünya elminə imza atan xalqların sırasına qatmışdır. Akademikin Fransa, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Türkmənistan, Qırğızıstan, Özbəkistan, İran və başqa ölkələrdə coğrafiyaşünaslıq, landşaftşünaslıq, eləcə də toponimikanın aktual problemlərinə həsr olunmuş elmi konfrans və simpoziumlarda məruzələri, apardığı elmi diskussiyaları onun coğrafiya elmində söz sahibi olduğunu göstərir. Təsadüfi deyil ki, alim 1970-1990-cı illərdə keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin Elmi Şurasının üzvü seçilmişdir. Bundan başqa, o MDB ölkələri üzrə coğrafiya elmlərinin fundamental problemləri elmi şurasının, eləcə də müxtəlif elmi cəmiyyətlərin üzvü olmuşdur. Akademik SSRİ-Hindistan, SSRİ-Bolqarıstan, SSRİ-Fransa elmi simpoziumlarının təşkilatçılarından biri və Azərbaycan üzrə elmi rəhbəri seçilmişdir. Elmi nüfuzuna, dəyərli tədqiqatlarına görə, MDB ölkələrinin alimləri bir sıra mürəkkəb məsələlərin həllində B.Budaqova müraciət edirdilər. Təsadüfi deyil ki, Özbəkistanın tanınmış alimi, akademik Qəni Mövsyanovun dəvəti ilə Budaq Budaqov 1962-1966-cı illərdə Fərqanə çökəkliyində və onu əhatə edən dağ sistemlərində geniş tədqiqatlar aparmışdır. Alim qeyd olunan ərazilərdə apardığı tədqiqiqatlar nəticəsində əldə etdiyi materiallar əsasında dəyərli məqalələr yazmış, Qabasay və Sox çaylarında baş verən sellərə qarşı mübarizə tədbirlərini özündə əks etdirən tövsiyələr vermişdir.

Hər birimizin yaddaşımıza yazılmış acılı-şirinli xatirələr salnaməsi ömür tariximizin sadəcə xronoloji hadisələr toplusundan ibarət deyil. Bu hadisələri istədiyin an təkrar yaşamaq da hərkəsə nəsib olmur. Lakin mənim yaddaşımın parlaq bir səhifəsi var. Şəxsi taleyimdə misilsiz rol oynamış, ömür yolumu işıqlandırmış bir səhifə. Uşaqlıq illərində görkəmli alimlərimiz Həsən Əliyev və Budaq Budaqovun birgə qələmə aldıqları “Əfsanəli dağlar”ın sehrinə düşdüm. Kitabı oxuduqca romantik uşaqlıq duyğularımın qanadında ayları, illəri qabaqladım, neçə-neçə zirvələrdən ötdüm və bu fədakar insanlara, sözün həqiqi mənasında, qibtə etməli oldum. Qeyd edim ki, Budaq müəllim uzun illər Coğrafiya İnstitutunda akademik H.Əliyevlə çiyin-çiyinə çalışmış, onun elmi işlər üzrə müavini olmuşdur. O, həmişə Həsən Əliyevin qayğısını öz üzərində hiss etmiş, ölümündən sonra bu böyük alim haqqında çox dəyərli əsərlər, səmimi xatirələr toplusu, məqalələr yazıb çap etdirmişdir.

Budaq müəllim təkcə coğrafiya sahəsində deyil, eləcə də digər sahələrində qələmini sınamışdır. Onun poeziyaya dair yazdığı məqalələri öz elmi tutumu ilə seçilir. Yazılardan göründüyü kimi, Budaq müəllim Azərbaycan poeziyasının vurğunudur, istedadlı şairlərimizin bir çoxunun yaradıcılığına yaxından bələddir. Daha çox Nəbi Xəzri və Məmməd Araz poetik dünyasına müraciət etməsi də onun təbiətşünas alim xilqətindən irəli gəlir. 

Akademik Budaq Budaqov elmi fəaliyyətlə yanaşı, ictimai fəaliyyətə də vaxt ayırmışdır. 1997-ci ildə alim ümummili liderimiz Heydər Əliyevin təklifi ilə respublika Ağsaqqallar Şurasının sədri seçilmişdir. Akademik ömrünün sonuna qədər bu ictimai vəzifənin öhdəsindən layiqincə gəlib. Bundan başqa, MDB Dövlətlərarası Coğrafiya Elminin Fundamental Problemləri Şurasının və Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, Azərbaycan Milli Məclisi yanında Toponimika Komissiyasının sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti olmuşdur.

Alimlər siyasətlə diletantlıq səviyyəsində məşğul olmurlar. Onlar gələcəyi yaxşı görür, onu daha düzgün qiymətləndirməyi bacarırlar. Ötən əsrin sonlarında respublikamızda başlanan xaos və ziddiyyətlərə Budaq müəllim laqeyd yanaşmamışdır. O, düzgün yol seçərək həmişə olduğu kimi, böyük siyasi xadim Heydər Əliyevin siyasi kursunu müdafiə etmişdir. Budaq müəllim “Heydər Əliyev fenomeni” adlı kitabında bundan geniş bəhs edir.

Mərhum akademikimizin ömür yollarına nəzər salanda, həyatının hər anından səmərəli istifadə etdiyi aydın olur. Onun elmimiz qarşısında, xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətlər daim yüksək qiymətləndirilib. B.Budaqov Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, akademik Y.Məmmədəliyev, akademik H.Əliyev, şair Məmməd Araz, mesenat Hacı Zeynalabdin Tağıyev adına mükafatlara, Ümumdünya Sülh Federasiyasının “Planetdə Sülh Naminə”, Dinlərarası və Millətlərarası Federasiya tərəfindən “Dünya Səfiri” adına, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Yazımı Budaq Budaqovun “Elmə Həzrəti Məhəmməd (ə.s.) qayğısı” adlı kitabında verilmiş Peyğəmbərin bir kəlamı ilə bitirmək istəyirəm: “Ömrünü elmə sərf edən adam heç vaxt ölmür”. Akademik Budaq Budaqov kimi görkəmli alimi zaman bizdən uzaqlaşdırdıqca, onun elmimizdəki çəkisi daha aydın cizgilərlə ortaya çıxır. Onun xalqımız üçün qoyduğu elmi irs Budaq Budaqov şəxsiyyətinin həmişə yaşarlılığını şərtləndirən amillərdəndir.

Qərib Məmmədov, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik

"Respublika" qəzeti, 1 mart 2018-ci il

  • Paylaş: