Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Beşinci Beynəlxalq Muğam Festivalı çərçivəsində AMEA-da “Azərbaycanda muğam elmi: reallıq və perspektivlər” mövzusunda beynəlxalq simpozium keçiriləcək
05.03.2018 10:16
  • A-
  • A
  • A+

Beşinci Beynəlxalq Muğam Festivalı çərçivəsində AMEA-da “Azərbaycanda muğam elmi: reallıq və perspektivlər” mövzusunda beynəlxalq simpozium keçiriləcək

Martın 7-dən 14-dək Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək. Festivalın bədii rəhbəri Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadədir.

Festivalın açılış mərasimi martın 7-də Heydər Əliyev Sarayında reallaşacaq.

Martın 7-10-da AMEA-da “Azərbaycanda muğam elmi: reallıq və perspektivlər” mövzusunda beynəlxalq simpozium keçiriləcək, martın 10-13-də isə Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam müsabiqəsi təşkil olunacaq.

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları tamaşaçılara təqdim olunacaq.

Martın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” vokal-xoreoqrafik tamaşası təqdim olunacaq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayevin “Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyası, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası festival günlərində qonaqlar üçün təqdim olunacaq.

Gəncə şəhərində martın 8-13-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin iştirakı ilə silsilə konsertlər keçiriləcək.

Festivalın təntənəli bağlanış mərasimi isə martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: