Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2018 11:56
  • A-
  • A
  • A+

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

E.Quliyev çıxışında "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq arenada özünəməxsus yeri olan, daxili sabitliyə malik ölkədir və siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə bir çox uğurlar əldə edilib. O, ölkəmizdə xalqla rəhbər birliyinin təmin edildiyini və Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkə başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəklədiklərini bildirib.

Şöbə rəisi SSRİ dövründə tariximizin saxtalaşdırıldığını deyib və diqqətə çatdırıb ki, biz tariximizi bilməli və gələcək nəsillərə həqiqətləri çatdırmalıyıq.

Sonra Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və beynəlxalq vəziyyət" barədə çıxış edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin çətin siyasi şəraitdə yaradılmasının böyük uğur olduğunu bildirib və müəyyən dövlətlərin təzyiqi ilə xalqın rəyinin nəzərə alınmadan İrəvanın Ermənistana verilməsini cinayət adlandırıb.

C.Bəhramov Tarix İnstitutu tərəfindən Britaniya, Almaniya, Fransa və İran arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi 1918-ci il soyqırımlarına dair önəmli tədqiqatlar aparıldığını qeyd edib: "Əldə edilmiş məlumatlara əsasən 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım törətməsi üçün ABŞ, İngiltərə, Fransa və Rusiya güclü maliyyə yardımı ayırıb. Araşdırmalar zamanı həmin ildə soyqırıma məruz qalan azərbaycanlıların sayının əslində 700 min olması müəyyənləşdirilib".

Alim Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəmizə dəyən ziyanın 820 milyard dollardan artıq olduğunu, münaqişənin həlli üçün ABŞ, Rusiya və Fransanın iştirakı ilə Minsk qrupunun yaradıldığını bildirib. Bu gün Azərbaycanın sülh siyasəti apardığını deyən C.Bəhramov aclıq və səfalət üzündən ermənilərin ölkələrini tərk etdiyini bildirib.

Növbədənkənar prezident seçkiləri haqqında danışan alim vurğulayıb ki, bu qərar həm daxili, həm də beynəlxalq vəziyyət nəzərə alınaraq verilib. Alim ölkəmizin müstəqillik əldə etdikdən sonra hərbi və iqtisadi sahədə bir çox uğurlar əldə etdiyini, Azərbaycanın hərbi qüdrətinə görə dünyada 50, iqtisadi gücünə görə isə 37-ci sırada dayandığını söyləyib: "Müstəqillik dövründə Bakı-Tbilisi-Ceyhan boru kəməri istifadəyə verilib, ötən il isə Bakı-Tbilisi-Qars dəmiryolu xətti reallaşdırılıb. Nəticədə Çindən Londona qədər olan tarixi ipək yolu bərpa olunub. Rusiya-Azərbaycan-İran arasında Şimal-Cənub dəmiryolu dəhlizinin reallaşdırılması istiqamətində isə işlər görülür".

C.Bəhramov sözügedən işlərin həyata keçirilməsinin heç də asan olmadığını, Azərbaycanın beynəlxalq mühitdə yer tutmaması üçün daxildə və xaricdə olan qüvvələr tərəfindən müəyyən təbliğatlar aparıldığını deyib. O, bu gün Azərbaycanın əsaslı və uğurlu siyasət apardığını, seçkilərdə Prezident İlham Əliyevin alternativinin olmadığını bildirib.

Alim çıxışının sonunda bu gün ölkəmizin informasiya müharibəsi apardığını və bu istiqamətdə Tarix İnstitutu tərəfindən əməli tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Daha sonra iclasda fevral ayında Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri, eləcə də 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı keçirilən tədbirlər haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: